Qafqaz Müsəlmanları İdarəsində ötən gün Azərbaycanda fəaliyyətdə olan dini konfessiya rəhbərlərinin Məşvərət Şurasının təsis yığıncağı keçirilib.
QMİ-nin mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, Şeyxülislam Allahşükür Paşazadə iştirakçılara müraciət edərək ölkəmizdə mövcud olan dini konfessiyaların qurumları və rəhbərlərinin əməkdaşlığının müəyyən təşkilati format çərçivəsində davam etdirilməsi üçün Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərlərinin Məşvərət Şurası adlı qurumun təsis edilməsini təklif edib.
Müzakirə və çıxışlardan sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melix Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının yepiskopu Vladimir Fekete, Alban-udi xristian dini icmasının sədri Robert Mobili, Qafqaz Müsəlmanları İdarəsi sədrinin I müavini, müfti Salman Musayev Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların Məşvərət Şurasının üzvləri kimi təsdiq ediliblər.
Daha sonra Məşvərət Şurasının sədri vəzifəsinə Şeyxülislam Allahşükür Paşazadənin seçilməsilə bağlı yekdilliklə qərar qəbul edilib. İclasda həmçinin Məşvərət Şurasının Əsasnaməsi təsdiq edilib.
Şərhlər