Xəbər lenti

Metan qazındakı rekord artımın səbəbi müəyyən edildi
Dünya 23:42 11.02.2026

Metan qazındakı rekord artımın səbəbi müəyyən edildi

2020-ci ilin bahar aylarında, qlobal pandemiya səbəbindən sənaye və nəqliyyat dayanarkən, göydə gözlənilməz mənzərə ortaya çıxıb. 

Qaynarinfo xəbər verir ki, şəhərlərin üzərindəki boz tüstü yoxa çıxmış, peyk məlumatları daxili yanma mühərrikləri və ağır sənayenin azot dioksid tullantılarında kəskin azalma göstərmişdi. Dünya onlarca ildən sonra ən təmiz havaya qovuşmuşdu.

Lakin bu təmizlənmənin fonunda elm adamlarını təəccübləndirən tərs bir hadisə də baş verib: metan qazı rekord səviyyədə artıb. Atmosferdəki ən güclü ikinci istixana qazı olan metanın artım sürəti, 1980-ci illərdən bəri qeydə alınan ən yüksək səviyyəyə – milyarda 16,2 hissəcikə çatıb. "Science” jurnalında yayımlanan yeni tədqiqat göstərir ki, havanın təmizlənməsi dayandıqda metan qazı daha uzun müddət atmosferdə qalır.

Atmosferin təbii təmizləyiciləri "işsiz qaldı”

Atmosferin özünü təmizləmə mexanizmi əsasən "hidroksil radikali” adlanan çox reaktiv molekullara əsaslanır. Pekin Universitetindən professor Şuşi Peng bildirir ki, bu molekulların ömrü bir saniyədən də qısadır və davamlı yenilənmək üçün günəş işığı və azot oksidlərinin iştirakı ilə kimyəvi reaksiyalara ehtiyac var. 2020-də avtomobillər və fabriklər dayandığında, azot oksid səviyyələri dünya üzrə 15-20% azalıb. Nəticədə hidroksil radikallarının istehsalı demək olar ki, dayanmış olub.

Normalda parçalanmalı olan metan molekulları, onları təmizləyəcək kimyəvi "süpürgələr” yox olduqda atmosferdə uzun müddət qalır. Tədqiqatçılar hesab edirlər ki, 2020-ci ildəki metan artımının təxminən 80%-i məhz bu təmizləmə qabiliyyətinin zəifləməsindən qaynaqlanıb. Qalan 20%-lik artım isə birbaşa yeraltı mənbələrdən gəlir.

Mühəndislər əvvəlcə artımın neft və təbii qaz boru xətlərindəki sızmalardan qaynaqlandığını güman edirdilər. Lakin izotop analizləri fərqli nəticə göstərib: fosil yanacaq metanı "ağır” karbon imzasına malikdir, sulak ərazilərdə mikroblar və heyvandarlıqdan gələn metan isə "yüngül” karbon quruluşuna sahibdir. Atmosferdəki metanın getdikcə yüngülləşdiyini görən tədqiqatçılar, əsas mənbənin boru xətləri deyil, bioloji mənbələr olduğunu təsdiqləyiblər.

Pandemiya dövrü ilə üst-üstə düşən nadir meteoroloji hadisə "La Niña” üç il ərzində tropik bölgələrdə rekord yağışlar gətirib. Cənubi Sudandakı Sudd bölgəsi və Kongo hövzəsi kimi böyük sahələr su altında qalıb. Oksigensiz və su ilə dolu bu mühitlər, metan istehsal edən mikroblar üçün əlverişli şərait yaradıb. Yalnız tropik Afrika və Asiyadakı sulak ərazilər, 2020-2022-ci illərdəki qlobal artımın 30%-inə səbəb olub.

Bu tədqiqat "təmiz hava paradoksu” adlanan çətin bir həqiqəti göstərir: fosil yanacaqlardan imtina edib hava keyfiyyətini yaxşılaşdırdıqca, atmosferin metanı təmizləmə qabiliyyəti də zəifləyir. Lakin bu, atmosferin çirkli qalması demək deyil; əksinə, insan fəaliyyətindən gələn metan emissiyalarını daha sürətli və kəskin şəkildə azaltmaq zərurətini ortaya qoyur.

Aydın
--> -->