Xəbər lenti

Ölkə 16:10 24.05.2024

"Mətbuat və İnformasiya Nazirliyi ləvğ edildikdən sonra dövlət bu sahəyə müdaxilə etmir" - Ekspert

(Yazı "fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi" mövzusu üzrə hazırlanıb)
 
Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf mexanizmlərindən danışanda hər şeydən əvvəl ölkə daxilində müvafiq qanunların gərəkli səviyyədə olması nəzərdən keçirilməlidir. Konstitusiyadan başlayaraq üzü aşağı, media haqqında qanun başda olmaqla digər qanunlar söz və məlumat azadlığı, plüralizm üçün gərəkli müstəvini yaratmalıdır. Vətəndaşlar, ümumiyyətlə, insanlar ölkə içərisində özlərini sərbəst şəkildə ifadə edə bilmələri üçün gərəkli qanunvericiliyə sahib olmalıdırlar. 

Bəs, bunu kim təmin etməlidir? 

Mətbuat Şurasının İdarə heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrətin fikrincə, bunu ilk öncə dövlət təmin etməlidir:

"Deməli, hər şeydən öncə bu məsələlərin həllində dövlət birinci mərhələdə gəlir. Onun ardınca isə bu və ya digər şəkildə özünü ifadə imkanlarını təmin edəcək digər qurumlar. Bu o deməkdir ki, dövlət qanunvericilik bazasını hazırlayır, təqdim edir, vətəndaşlar o qanunlardan bəhrələnirlər. Həmin qanunların icrasına nəzarət, yaxud da ki, icra vəziyyətinin təminatına məsul olan qurumlar da fəaliyyət göstərirlər".

Azər Həsrət qeyd edib ki, bir sıra ölkələrdə konkret olaraq bu qanunların icrası ilə məşğul olan dövlət qurumları var:

"Azərbaycanda bu məsələ bir az fərqlidir. Hardasa 25 il öncə Mətbuat və İnformasiya Nazirliyi ləvğ edildikdən sonra dövlət bu sahəyə faktiki olaraq rəsmi müdaxilə etmir. Amma eyni zamanda dövlət sahənin başlı-başına buraxılmasına da şərait yaratmır. Yəni bir növ dövlət idarəetməsindən özünüidarəyə keçmişik. Bununla bərabər, dövlət həm də qayğısını göstərir. Bu özünü necə göstərir, yəni biz onu hansı şəkildə müşahidə edirik? Birbaşa dövlətin iştirak etdiyi bir qurum var - o da Medianın İnkişafı Agentliyidir. Bu, dövlətin media azadlığını, ifadə azadlığını dəstəkləməsi üçün qurduğu və əsasən də maliyyə və nəzəri-təcrübi biliklər verən bir qurumdur".

Azər Həsrət bu qurumun ifadə, mətbuat, söz azadlığının daha yüksək səviyyəyə daşınması istiqamətində çalışdığını vurğulayıb:

"Bir tərəfdən kütləvi informasiya vasitələrinə maliyyə yardımı edir, digər tərəfdən onların əməkdaşları üçün təlimlər, seminarlar təşkil edir. Bununla da ifadə azadlığının daha yüksək səviyyəyə daşınmasına yardımçı olur. Paralel şəkildə isə Azərbaycanda medianın, ümumiyyətlə, özünü ifadə etmək istəyənlərin tənzimləmə qurumları mövcuddur. Bu qurumların başında Mətbuat Şurası, onunla paralel jurnalist təşkilatları, eyni zamanda insan hüquq və azadlıqları ilə məşğul olan təşkilatlar, ictimai birliklər gəlir. Bunlar da əlavə mexanizmlərdir ki, söz, mətbuat, ifadə azadlığı məsələlərinə öz töhfələrini verirlər".
 


Ekspertin fikrincə, bir tərəfdə dövlət, ortada dövlətin bu və ya digər şəkildə qurduğu və medianın xidmətinə verdiyi agentlik, digər tərdəfdə isə mətbuatın özünün tənzimləmə qurumları ümumilikdə həmin o mexanizmləri təşkil edir:

"Yəni, söz, mətbuat, ifadə azadlığının təmin edilməsi üçün mövcud olan mexanizmlərimiz budur. Düşünürəm ki, bunların hər üçü yetərincə uğurlu işləyir. Bir çatışmazlığımız var, o da insanlar verilən azadlıqları özbaşınalıq, çərçivəsizlik, hüdudsuzluq kimi başa dşürlər. Yəni söhbət hamıdan getmir. Burada məsuliyyət problemi var. Azadlıqlar mövcuddur. Bu azadlıqlar bəzilərinin ondan sui-istifadə etməsinə gətirib çıxardır. Bunun qarşısının alınması üçün də dövlət yenə sərt tədbirlərə baş vurmur, əksinə özünü tənzimləmə qurumları vasitəsi ilə problemin həllinə töhfə verməyə çalşır. Məsələn, belə məsələlər olanda daha çox Mətbuat Şurası dövriyyəyə girir. Şikayətlər, onların araşdırılması və pozulan hüquqların bərpası, yaxud da ifadə azadlığının məsuliyyət müstəvisinə cəlb edilməsi istiqamətində addımlar atır".

Bahar Rüstəmli
 
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->