Ekonomiks 18:40 16.01.2019

Metro gücləndirilmiş iş rejiminə keçdi: açıq havada iş qadağan edildi

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti ölkə ərazisində gözlənilən ifrat təhlükəli hava şəraiti ilə bağlı gücləndirilmiş iş rejiminə keçib.

Qaynarinfo xəbər verir ki, bu barədə Trend-ə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədov bildirib ki, ölkə ərazisində gözlənilən kəskin hava şəraiti, güclü küləklə əlaqədar "Bakı Metropoliteni" QSC-də açıq hava şəraitində olan bütün təsərrüfat sahələrində müvafiq tədbirlər görülüb:

"Xəbərdarlıqla əlaqədar yerüstü təsərrüfat sahələrinə baxış keçirilib, küləyin təsirinə məruz qala biləcək qurğu və avadanlıqlar yoxlanılıb.
Yanvarın 17 və 18-də açıq havada hündürlükdə, kranda işlərin icrası qadağan edilib. Bundan əlavə, yerüstü sahədə yerləşən "Nərimanov" elektrik deposunda müvafiq tədbirlər görülüb, gücləndirilmiş iş rejimi tətbiq olunub".