Xəbər lenti

Meydançalarında binaları ucalan
Məqsəd Nur
Ölkə 13:28 30.11.2024

Meydançalarında binaları ucalan

Məktəb yoldaşımla danışanda bildim, futbol oynadığımız yaşıl stadion yoxa çıxıb. Yerində bina tikiblər. Bunu eşidəndə çox kədərləndim. 

Futbolun evini yıxıb yerində bina tikəndə nə baş verir? Bəs ara məhəllələrdə, uşaqlar üçün oyun meydançalarında, mümkün olub-olmayan bütün boşluqlarda göydələnlər ucaldarkən necə: uşaqlar, onların yaddaşı, xatirələri, kasıb və kədərli valideynləri nələr keçirir, bilirsiz? Deyim? Qoy qalsın, yazının axırında deyərəm. Bu barədə sizə bir sadə sualım da olacaq... 

O gün idman mediasında Şantuşun, De Byazinin (adların çeşnisinə baxın!), nə bilim, AFFA-nın ünvanına ittiham atışları yağırdı. Nə qədər yadımdan çıxmayıb, onu da deyim ki, futbol mediasında da qəribə qruplaşmalar varmış, o əldən bu ələ asanlıqla keçirlər, bir də görürsən filan şəxs və ya filan komanda haqqında gah tərif dalğaları göyə qalxır, gah da kimi isə, nəyi isə yerə yıxıb çığnayırlar: real məsələlər bir tərəfdə qalır, ümumi mənzərə bulanır. Hər yerdə olduğu kimi. Yeri gəlmişkən, bu tənqidlər arasında uşaqlıqdan yaddaşımdan silinməyən, batmış "Neftçi"nin 10 nömrəsi, "Jiqulu" ləqəbli Səməd Qurbanovun da adını eşidəndə eyməndim. (Həmişə onu Səmədağa Qurbanov kimi xatırlamışam və elə bilmişəm bakılıdr, qazaxlı imiş, bayaq Vikipediyada adını axtaranda gördüm, adı Səməddir, ağasız-filansız). 

Yadıma balaca futbol keçmişim düşdü. Axı mən də uşaqlıqda 10 nömrə oynayırdım, hə, sol cinah. Nə isə, futbol şərhçiləri futbolumuzu təftiş edərkən "Neftçi"nin keçmiş kapitanı Səməd Qurbanov barədə onu da dedilər ki, o qətiyyən futbol işlərinə qarışmır, cınqırını da çıxarmır, heç kimi tənqid etmir, baxmayaraq ki, AFFA-da ikicə futbol adamı qalıbmış - Qurban Qurbanov və Səməd Qurbanov, ikisi də elə hey susur. Sonra gördüm Qurban Qurbanov da belə dedi: "Mənə milli komanda barədə suallar verməyin!" Nəyi danışacaqlar, bu sualı isə verən yoxdur.   

Kiçik yaşlarımda çox futbol oynayırdım. (Qəfil imtina etdim. Hələ də bunun səbəbini anlamağa çalışıram). Məsələn, sonuncu dəfə səkkizinci sinifdə oxuyarkən Mingəçevirdən Ağdama çempionata getdik. O vaxt Uşaq Gənclər İdman Məktəbi (UGİM) vardı. Bu məktəblər idman yönlü idi və xüsusi idman qabiliyyətləri olan uşaqlarla fərqlənirdi. Ağdamlılara ilk oyunda qalib gəldik. Sonra isə UGİM uşaqlarına iki oyun uduzduq...   

Mən futbol oynamağa getmək üçün mütləq dərslərimi edib anama hesabat verməliydim: sonra bir neçə saat oyuna gedə bilərdim, anam qaydaları belə müəyyənləşdirmişdi. Bu, mənim formalaşmağımda xüsusi rol oynadı. 

Əgər futbol uşaqlarınızı pis vərdişlərdən uzaqlaşdrmaq üçün ən yaxşı vasitədirsə (məncə tək futbol deyil), çəkinməyin, amma hara göndərəcəksiz, hansı meydançada oynayacaq bu uşaq? Futbol məktəblərində qiymətlər od tutub yanır. Futbol isə hələ də "kasıb oyunu"dur. Buna görə də siz varlanmalı, uşağınızın da sonradan varlanması üçün onu mütləq "tapşırmalı" olacaqsız...

İş orasındadır ki, hələ də Azərbaycanda xüsusi qabiliyyətləri axtarmaqla məşğuldrlar (idmanda da), hətta deyirlər ki, futbol üçün seçilən oğlanlar ordudan da azad olunmalı, ancaq futbola fokuslanmalıdırlar (Yaxşı ki, qız futboluna gəlib çatmayıblar). Bir sözlə, futbol zombisi yetişdirilməlidir. Əgər umumi təhsil sisteminin yönü hər şagirdin düşünüb qərar verə bilmək mərhələsinə gəlib çatsa, siz deyəndir. Ümumi orta təhsillə, icmalaşma və seçkili bələdiyyə ilə futbolu bir-birindən ayırmaq olmaz. Uşaqları çeşidləyib futbol üçün seçmək qladiator axtarışıdır. Halbuki, səmti dəyişmək lazımdır: məslən, siz  istedad axtararkən digər "qeyri-istedad"ın qabiliyyət və bacarığını, potensialını, məhv edirsiz. Nə etmək lazımdır? Əvvəla heç nə, ikincisi, əgər caizsə, biz futbol ölkəsi deyil, kosmos ölkəsi olmaq üçün çalışsaq, bəlkə futbol da inkişaf edər, yoxsa bir neçə ildən sonra epidemik toy məclislərini epidemik futbol mərcləri əvəz edəcək. Yox, mənimlə razı deyilsinizsə, onda yaşıl futbol meydançaları üçün ərazilər ayırın, futbola aparan qapıları geniş açın, ta stadion ərazilərini satmayın, qoymayın istedad uğrunda basabas düşsün, axı bütün "isdedadlı" uşaqların valideynləri tapşırıq üçün növbə gözləyirlər, hər biri də digərlərinin yerini tutmaqda pərgardır. Bəs niyə milli komandamız hələ də tapşırıqlarla işləyir, bunun cəngindən qurtara bilmir? 

Futbolun evini yıxıb yerində bina tikəndə nə baş verir? O binaların yerində xırda-xırda Xerosima dəlikləri yaranır. 

Sualım sadədir: görəsən, mənim futbol oynadığım stadionun yerini satan məmur və orada stadion tikən iş adamı (bəzən alan da eynidir, satan da) meydançalarında binaları ucalan yerlərdə öz nəvə-nəticəsi ilə gəzməyə çıxırmı? 

Məqsəd Nur

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->