Aqşin YENİSEY
Ölkə 10:45 23.08.2022

Meyxana və rep – yoxsulların tiryəki

Romantik alman şairi Getenin (Höte, Hüte) "Gənc Verterin iztirabları” kitabı çap olunandan və populyarlaşandan sonra Avropa ölkələrində bu əsəri oxuyan gənclərin arasında intihar edən verterlərin sayı artdı və bir çox Avropa ölkəsi bu əsərin satışına qadağa qoydu. Sənətin cəmiyyətə müsbət təsirləri olduğu kimi, mənfi təsirləri də olur.

Təsadüfi deyil ki, bu gün Azərbaycanda rep və meyxana kimi kütləvi küçə "sənətləri” populyarlaşdırılandan sonra ölkədə gənclərin, yeniyetmələrin kütləvi şəkildə narkomaniyaya, küçə xuliqanlığına meyillənməsində də acınacaqlı dərəcədə artım müşahidə olunur. Heç kimə sirr deyil ki, hətta qapalı sovet müstəmləkəçiliyi dövründə də Azərbaycanın hansı kəndində, rayonunda, məhəlləsində, tinində meyxana vardısa, orada narkomaniya da, küçə xuliqanlığı da vardı. 

Vaxtilə xristianlıq kasıblardan, yoxsullardan zənginlərə, imperatorlara yoluxduğu, elitarlaşdığı kimi, bu gün Azərbaycanda kütləviləşən meyxana, rep "sənətinin” insandan düşünmək, analiz etmək, nəticə çıxarmaq bacarığı tələb etməyən dılğır mövzuları ilə öz bərabərində gətirdiyi narkomaniya da aşağılardan yuxarılara, küçələrdən imarətlərə, piyada ayaqlardan bahalı təkərlərə yoluxur, elitarlaşır. Narkotik aludəçiliyi ilk növbədə insan iradəsini məhv edir, özünəinamsızlıq mühiti formalaşdırır, bu da kənar iradəyə tapınma ehtiyacı yaradır. Bu kənar iradə sahibi isə ən yaxşı halda allah, ən pis halda onun yerdəki dəllalları, kölgələri olur. Məsələn, dinçi Həsən Sabbah öz fədailərini, irqçi Hitler öz əsgərlərini ölümə göndərmək üçün narkotikin bu "gücündən" istifadə edirdi. 
     
"Şeytan ayələri” kitabının bədəli olaraq uzun illər ingilis kraliçasının şəxsi himayəsinə sığınan və bu günlərdə Amerikanın bir universitetində çıxışı zamanı bıçaqlanan yazıçı Salman Rüşdinin məşhur "Gecəyarısı uşaqları” romanında qədim bir hind oyunundan geninə-boluna danışılır. Əsasən qocaların oynadığı bu oyunun mahiyyəti oyunçuların narkotik tərkibli (hindlilərin "betel” dediyi) çox güman kənəvir bitkisinin yarpaqlarını çeynəyib, ağızlarındakı çeynənmiş qalığı müəyyən məsafəyə qoyulduqları dar ağızlı mürəkkəbqabına sərrast bir loxma kimi tüpürməkdən ibarətdir. "Tüpürcək tiri” deyə biləcəyimiz bu oyun xalq arasında o qədər məşhurdur ki, hətta oyunun əsas atributu sayılan mürəkkəbqabı ərə gedən hindli qızların cehizinə də daxil edilir. Salman Rüşdi, əslində, bu oyunu dönə-dönə romanın səhifələrində təsvir etməklə hind xalqının necə bir ucuz narkotik xoşbəxtliyin içində itib-batdığını demək istəyir.

Rüşdi kənəvir yarpağını çeynəyib xoşbəxt olan, bu xoşbəxtlikdən özlərinə əyləncə də düzəldən qocaları təsvir etməklə, yəqin ki, artıq funksionallığını itirmiş qədim hind mədəniyyətinin özünü sarkastik bir dillə ələ salır.

Ümumiyyətlə, narkotik vasitələrin xoşbəxtliyinə meyil edən sıravi insanları da müşahidə etdikdə, bu adamların (çoxunun) artıq həyatda heç bir funksionallığının qalmadığı aydın görünür. Qoqolun ifadəsi ilə desək, narkotik xoşbəxtlik "ölü canlar”ın xoşbəxtliyidir.   

Bu gün dünyada toxluqdan (piylənmədən) ölənlərin sayı aclıqdan ölənlərin sayından qat-qat çox olsa da, özünü xoşbəxt hiss edənlərin sayı hər il azalır. Varlılar daha da varlanıb, yoxsullar daha da yoxsullaşdıqca dünya ilbəil bədbəxtləşir. Xoşbəxtlik çağırışlarında (məsələn, reklam çarxlarında) isə durmadan insanlar nə yolla olur-olsun xoşbəxt olmağa, həm də eyni cür xoşbəxt olmağa, az qala, məcbur edilir. Filan məhsulu alan, yaxud filan səyahət turuna qatılan, filan avtomobillə tıxacsız yolda şütüyən, toyunu filan restoranda edən monitor xoşbəxtləri yerdə qalan "sıravi bədbəxtlərə” nümunə göstərilir. Qonşular, qadınlar, hətta uşaqlar arasında xoşbəxt olmaq yarışlarına aşağılayıcı yollarla maraqlar yaradılır. Məsələn, kinayəli bir səs "sən hələ filan şeyi almamısan, yaxud qonşun filan ölkənin görməli yerlərində oturmadığı ocaq başı qoymayıb, sən hələ məhlədə nərdtaxta oynayırsan?” – deyərək o şeyə ehtiyacı olmayan, o ölkəni görmək istəməyən insanlarda "bədbəxt”, "aciz” olduqları duyğusunu yaradır. 

Bu cür kütləvi xoşbəxtlik təbliğatı insanların psixoloji rahatlığını pozur və onları daha ucuz yollarla mütləq xoşbəxt edəcək vasitələr axtarmağa sövq edir. Narkotik xoşbəxtlik bu gün kütləvi xoşbəxtliklərin artıq ən əlçatanına çevrilib. Bu, kütləvi bir Oblomov xoşbəxtliyidir. Real dünyanın deyil, xəyal dünyasının xoşbəxtliyinə can atmaqdır. Narkomaniya qadağan olunmuş oblomovluqdur. Bir həblə həm sevirsən, həm iş qurursan, həm Mayami çimərliklərində dincəlirsən, bir az dərinə getsən, lap cənnətin özünə belə gedib qayıda bilərsən. Amma "xəyal turizmi”nin hesabına.

İnsanlıq həmişə xoşbəxt olmaq üçün vasitələr axtarıb; bu, onun təbii haqqıdır. Məsələn, antik dünyada bəzi istisnaları çıxmaq şərtilə xoşbəxtliyin mənbəyi sağlam həyat və müdriklik hesab olunurdu. Orta əsrlərdə xristianlığın və islamın yayılması, güclənməsi ilə insanlar xoşbəxtliyi əxlaqi həyatda və axirətdə axtarmağa başladılar. Sənaye dövrünün düşüncəsi xoşbəxtliyin ünvanını təhsil (elmi ixtiralar) və istehsal münasibətlərinə doğru dəyişdi. Xoşbəxtlik artıq bilgədə yox, bilgidə idi. Maarifçilik dövründə sekulyar dəyərlərlə yaşamaq xoşbəxtliyin rəmzinə çevrildi; insan ilk dəfə azad elan olunmuşdu, deməli, xoşbəxt idi. Modern dövrdə istehsal münasibətlərinin fırtınası, təhsilin bazarlaşması, qlobal sekulyarizmə canatma artıq müdriklik, axirət, əxlaqi saflıq kimi köhnə dəyərlərin xoşbəxtlik hissi ilə bağlılığını yox etdi.    

Epikürün, Senekanın, Avrelinin və s. antik filosofların yerini, Bekon kimi filosoflar aldı ki, xoşbəxtliyi yalnız elmi təcrübələrin uğurunda gördülər. Şopenhauer, Nitşe kimi nihilist filosoflar, ümumiyyətlə, xoşbəxtliyi inkar etdilər. Anlıq duyğu olan xoşbəxtlik əbədi kədəri heç vaxt yenə bilmədiyi üçün insan da heç vaxt və heç yerdə xoşbəxt ola bilməyəcəkdi. 

Müasir insanın xoşbəxtliyini isə ən yaxşı izah edən (mənə görə) fransız sosioloq Jan Bodriyar oldu. Bodriyara görə, XX əsr dünyanın istehsalçı cəmiyyətdən istehlakçı cəmiyyətə keçdiyi əsrdir. İnsanları yalnız israfçılıq xoşbəxt edə bilər. Bu, saxta xoşbəxtlik hissidir, çünki daxildən gələn deyil, xaricdən ötürülən duyğulara hesablanıb. Umberto Eko buna "Tamaşa mədəniyyəti” deyirdi, hamının eyni anda artist və tamaşaçı olduğu bir mədəniyyət. Bu, həm də yoluxucudur. Ola bilməz ki, milyonlar, hətta milyardlar eyni şeyi əldə etmək və bir-birilərinə göstərməklə eyni cür xoşbəxt olsunlar. Onlar, sadəcə, Bodriyara görə, güc yolu ilə deyil, dinc yolla kölələşdiriliblər. Bir uşaq rəngbərəng toplarla dolu səbətdə özünü necə xoşbəxt hiss edirsə, müasir insan da lazımsız əşyaların əhatəsində xoşbəxtlik şahzadəsi olduğunu düşünür. Onlar artıq nə antik çağın müdrik, nə Orta əsrlərin əxlaqlı, nə də maarifçilik çağının azadlıq aşiqidirlər. Onlar bu dəyərlərin hamısını, məsələn, "Adidas" firmasının loqosuna könüllü şəkildə qurban veriblər. Onlar əcdadları kimi xoşbəxtliyi verməkdə (xeyirxahlıqda) yox, almaqda (mənimsəməkdə) görürlər. Həm də özlərinin deyil, satanın ehtiyacları üçün.
 
Onlar alış-veriş məntəqələrində, fəst-fud restoranlarında uzun-uzun xoşbəxtlik növbələri yaradıblar. Çünki bazar öz istehlakçılarının sayını (əhali sayını) artırmaqla insanın xoşbəxt olacağı məkan və zamanın ərazisini kiçildib. Artıq xoşbəxt olmaq üçün məkanımız və zamanımız azdır. Biz hər yerdə insan sürüləri ilə dolu öz savannalarımızı yaratmışıq. Bəşəriyyət növbə gözləmədən keçinə bilməz. İstirahət məkanları, televiziya verilişləri, metrolar, avtobuslar və s. xudmani cəhənnəmlərimizdir. Artıq heç yerdə gülən dəlilərə də rast gəlmirik, onları əsəbləri pozulmuş şizofrenlər əvəz ediblər küçələrdə. 

Narkomaniyanın proletarlaşması bir az da bu məkan və zaman basabasında özünə yer tapa bilməyib, xəyali genişliyə canatmanın nəticəsidir. Bu xəyali genişlik bir vaxtlar yuxarı siniflərin "mülkiyyətində” idi; bu gün isə bu "xoşbəxtlik torpaqlarını” kasıblar, lütlər, lümpenlər ələ keçiriblər ki, vaxtilə onlar, məsələn, tanrıya tapınmaqla xoşbəxt olurdular. Marks buna görə dini kasıbların tiryəki adlandırırdı. İndi isə onlara həqiqi, daha doğrusu, sintetik tiryək veriblər. Süni yaradılmış xoşbəxtlik aclığı insanların həm əxlaqını, həm psixologiyasını korlayıb. Müasir insanın hər şeyi var, amma özü yoxdur.

İnsanlıq böyük şeirdən, böyük fəlsəfədən, böyük sənətdən uzaq düşüb. Bayağılıq anlıq duyğuları şöhrətləndirib. Həqiqi "Leyli və Məcnun” xoşbəxtliyi sevgidə görürdü, qovuşmaq şərt deyildi, hətta buna görə ələ saldığımız orijinal Məcnun Allaha yalvarırdı ki, onu sevginin əzabından bir an belə məhrum etməsin. Amma bu gün mövzusu sevgi olan serialda "ikinci əl” Məcnun "ikinci əl” Leylini özünün bahalı ayın-oyunu ilə "bişirir”. Müasir insanlar nəsnələr, şeylər dünyasının kölələridir. Onları əksər hallarda bir-biriləri ilə fikirləri, hissləri, estetik gözləntiləri tanış etmir, onların yerinə əlvan və qara metallar danışır, söhbətlərdə insanlar deyil, əşyalar təriflənir. Bu gün kişi-qadın münasibətlərində haqqında danışılanlar mülklər, əşyalardır. 

Mülkü, əşyası olmayanlar isə onun illuziyası ilə yaşamağa məhkumdur. Necə ki, bu dünyası olmayanlar o biri dünyanın illuziyası ilə təskinlik tapırlar. 
İlluziya yaratmaqda isə "narkotik xoşbəxtliyin” tayı-bərabəri yoxdur.
 
Aqşin Yenisey