Xəbər lenti

Məzar yerləri tükəndi: Fransanın bu şəhərində ölmək
Dünya 16:47 16.06.2026

Məzar yerləri tükəndi: Fransanın bu şəhərində ölmək "qadağan edildi"

Fransanın Le-Lavandu şəhərində yerli hakimiyyət bir vaxtlar qalmaqallı və simvolik qərar qəbul edərək faktiki olaraq "ölməyi qadağan edib”. Formulun absurd görünməsinə baxmayaraq, bunun arxasında real problem dayanırdı — qəbiristanlığın tam dolması və yeni dəfnlər üçün torpaq sahəsinin olmaması. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Indian Defence Review” yazır.

Şəhər rəhbərliyinin məlumatına görə, yerli qəbiristanlıq tamamilə dolmuşdu və bütün sahələr istifadəyə verilmişdi. Həmin vaxt şəhər meri bildirib ki, yeni dəfnlər üçün artıq bir dənə də boş qəbir yeri qalmayıb.

Vəziyyəti daha da çətinləşdirən amil isə sahil yaxınlığındakı mənzərəli ərazidə yeni "dəniz qəbiristanlığı” layihəsinin ekoloji məhdudiyyətlər səbəbindən məhkəmə tərəfindən dayandırılması olub.

Keçmiş mer Jil Bernardi "ölməyi qadağan edən” qərarın daha çox simvolik xarakter daşıdığını və hüquqi çıxılmaz vəziyyətə qarşı ictimai etiraz forması olduğunu izah edib.

"Bu, ölümü tənzimləmək üçün ciddi cəhd deyildi. Bu, etiraz idi”, deyə o bildirib.

Mer vurğulayıb ki, şəhər vəfat edən şəxslərin dəfnini təmin etməyə borcludur, lakin bunun üçün fiziki olaraq yer yox idi.

Absurd ifadənin arxasında real faciə

Vəziyyət evsiz bir kişinin ölümündən sonra daha da ciddi xarakter alıb. Şəhər rəhbərliyi onun dəfni üçün dərhal yer tapa bilməyib. Qanuna əsasən, yerli hakimiyyət bir neçə gün ərzində dəfni təmin etməlidir, lakin Le-Lavanduda bu mümkün olmayıb.

Mer etiraf edib ki, sistem qanunvericilik, torpaq çatışmazlığı və məhkəmə qadağaları arasında çıxılmaz vəziyyətə düşüb.

Fransada qəbiristanlıqlarda niyə yer çatışmır?

Bu problem yalnız bir şəhərə aid deyil. Fransanın böyük şəhərlərində, xüsusilə Parisdə dəfn yerlərinin çatışmazlığı onilliklərdir mövcuddur.

Bunun əsas səbəbləri bunlardır:

* bir çox ailələrin məzarlar üzərində ömürlük istifadə hüququ var;
* köhnə qəbiristanlıqlarda yerlər nadir hallarda boşalır;
* şəhərlərdə qəbiristanlıqların genişləndirilməsi torpaq çatışmazlığı səbəbindən çətindir.

Fransa bələdiyyələri tədricən müddətsiz dəfn praktikasından imtina edir və 10, 30 və ya 50 illik icarə sistemi tətbiq edirlər. Bu müddət bitdikdən sonra sahələr yenidən şəhərin istifadəsinə qaytarıla bilər.

Bundan əlavə, Parisdə baxımsız qalmış məzarların müəyyənləşdirilməsi proqramları həyata keçirilir. Hüquqi prosedurlar tamamlandıqdan sonra həmin yerlər yenidən istifadə oluna bilər, qalıqlar isə xüsusi sümük saxlama məkanlarına köçürülür.

Aydın
--> -->