Foto 12:21 23.04.2019

Millət vəkili ikili vətəndaşlıq daşıyır? (İDDİA/FOTO)

Milli Məclisin deputatı Rüfət Quliyevin Ukraynada ötən gün keçirilmiş prezident seçkilərinin 2-ci turunda səs verdiyi bildirilir.

Qaynarinfo xəbər verir ki, bu haqda məlumatı diasporpress.az yayıb. Sayt həmçinin deputat Rüfət Quliyevin Ukrayna seçkilərindəki səsvermədə iştirakını əks etdirən fotoşəkilləri də dərc edib. Quliyevin bu ölkədə keçirilən seçkilərdə səs verməsi isə onun həm də Ukrayna vətəndaşı olduğunu təsdiqləyir.

Azərbaycan qanunvericiliyi isə ikili vətəndaşlığı qadağan edir və bu qadağanın pozulması hüquqi məsuliyyət yaradır. İndiki halda isə Azərbaycanın sıravi bi vətəndaşının deyil, Milli Məclisin deputatı kimi yüksək statusa malik Rüfət Quliyevin qanunvericiliyin bu tələbinə məhəl qoymadığı üzə çıxıb. Müvafiq dövlət qurumlarının bu faktı diqqətlə araşdıracağı və qanuna uyğun şəkildə tədbir görüləcəyi gözlənilir.

Məsələ ilə bağlı Rüfət Quliyev demokrat.az-a açıqlama verib. Deputat bu cür xəbərlərin gülüş doğurduğunu deyib: "Kiyevdən ötən gecə gəlmişəm. Mən Ukraynada seçkilərdə müşahidəçi kimi iştirak edirdim. Rəsmi olaraq seçkilərdə müşahidə aparırdım. Saytlarda yayılan fotolar da müşahidə apardığımı əks etdirir. Bu xəbərləri görəndə gülüşlə qarşıladım. Hələ bu qədər gülməmişdim".