"Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanovun milli futbol komandamıza baş məşqçi təyin olunması həqiqətən yerində verilmiş ən realist qərardır".
"Qaynarinfo" xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa qeyd edib. Onun sözlərinə görə, istənilən baş məşqçinin həmişə "edam kötüyü” gözünün önündə olur, özünün səhvindən və ya federasiyanın maneələrindən və yaxud futbolçuların məqsədyönlü xəyanətindən hər zaman bu "edam kötüyü”nə gətirilə bilər:
"Ancaq milli komanda "Qarabağ" kimi həm də bir Azərbaycan davasıdır. Bu davada Vətənə səmimi olmaq, Allah rizası üçün öz imkan və qabiliyyətini ortaya qoymaq kifayətdir. Kimsə sənə qəhrəman deyəcək, kimsə bir-iki məğlubiyyətə görə söyəcək, "İstefa!" çığıracaq, bunlar gözlənilən davranışlardır, bir o qədər də fərqinə varmaq lazım deyil. Milli komandamızın əksər rəqiblərlə müqayisədə potensialı da aşağıdır, milli çempionatımız çox zəifdir, alt yapı deyilən futbol sistemimiz də ürəkaçan durumda deyil. Əslində ərazisi işğal altında olan, qonşular tərəfindən hər an gözümçıxdıya salınan Azərbaycan dövləti də dünya ailəsi içində eyni parametrlərlə boy göstərir”.
Millət vəkili bildirib ki, bununla belə, necə ki, dövlət olaraq dünyada ağır, məşəqqətli şəkildə öz mövqeyimizi gücləndirməyə, kiçik səviyyələrdə də olsa, söz sahibi olmağa can atırıq, futbolda da bunu reallaşdırmalıyıq:
"Addım-addım irəliləmək zorundayıq. Ən əsası da "Qarabağ” kimi, məğlub olanda belə xarakter nümayiş etdirən, oyun sistemi pozulmayan bir milli komanda qurulacağına inanıram. Ona görə də Qurban Qurbanovun "Qarabağ”dakı sistemini milli komandaya köçürə biləcəyinə qətiyyən şübhəm yoxdur. Fikrimcə, ilk iş milli komandanın alt yaş qruplarından başlamalı, alt yaş qruplarındakı bütün milliləşdirilmiş legionerlər öz ölkələrinə göndərilməlidirlər. İmkan verilməlidir ki, orada-burada itib-batmış və ya itirilib batırılmış Azərbaycan övladları öz ölkəsini təmsil etməyə başlasınlar. Yüksək keyfiyyətli legioner varsa, o zaman bir söz söyləmərəm, ancaq bizim xalqa yad olan, sıradan bir futbolçu kimi qəbul olunan şəxslərin xitmətindən imtina edilməlidir”.
Millət vəkili vurğulayıb ki, özümüzünkülər uduza-uduza təcrübə toplayıb bir gün mütləq çarxı geriyə çevirib uğur qazana biləcəklər:
"Digər bir məsələ isə ədəbli və mədəniyyətli futbolçu hazırlamaqla bağlıdır. Baxın, son iki oyunda "Qarabağ"ın hər dəfə bir futbolçusuna şübhəli qırmızı kart göstərdilər. Futbolçular mübahisə etmədən, əsəb şousu göstərmədən mədəni şəkildə meydanı tərk etdilər. Bu ilk növbədə məşqçinin uğuru idi ki, təvazökarlıqdan, mədəni səviyyədən uzaq olan futbolçuya qətiyyən yaşıl işıq yandırmır. Baxırsan ki, bir gənc bir-iki qol vuran kimi, bir-iki dəfə milliyə çağrılan kimi özünü Kuarejma kimi aparmağa başlayır. Komandanın sistemi ilk növbədə bir-iki xuliqana görə pozulur. Eyniylə cəmiyyətdə olduğu kimi. Üçüncüsü isə siqaret, qəlyan çəkən, davamlı alkaqol düşkünü olan məsuliyyətsiz futbolçuların komandadan uzaqlaşdırılması vacibdir. Fikrimcə, bu üç problemin çözülməsi daha stabil komanda formalaşdırmağa imkan yaradacaq.
Hər halda AFFA-nın bu addımını mövcud şəraitdə uğurlu sayıram və həm milli "Qarabağ”ı, həm də milli komandanı Azərbaycan vətəndaşı olaraq səbirlə dəstəkləməyə davam edəcəyəm”.
Qeyd edək ki, ötən gün AFFA-nın iclasında yekdil qərarla Qurban Qurbanov yığmaya baş məqşçi təyin olunub.
Qaynarinfo.Az
Şərhlər