(Yazı "Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği" mövzusu üzrə hazırlanıb)
Kimliyindən asılı olmayaraq, hər bir millətin inkişafında, onun mövcudluğunda milli adət-ənənələrin xüsusi yeri var. Onlar xalqların milli mənəvi dəyərlərini qoruyub saxlamasında mühüm yer tutur.
Bu xüsusda milli geyimlərə də xüsusi diqqət ayrılır. Bir sıra xalqlar var ki, inkişafın ən müasir səviyyəsinə çatsalar da, milli geyimlərini də unutmur, gündəlik həyatlarında onlardan istifadə etməkdə davam edirlər. Məsələn, yüksək inkişaf səviyyəsinə çatmış yaponlar, cənubi koreyalılar eyni zamanda gündəlik fəaliyyətlərində qədim milli geyimlərindən istifadə etməkdən də çəkinmirlər. Bir sıra postsovet ölkələrində də milli geyimlərə üstünlük verirlər. Məsələn, türkmənlər, taciklər. Azərbaycan xalqının da digər xalqlar kimi özünün milli geyimləri var. Lakin ölkəmizdə insanlar gündəlik həyatlarında milli geyimdən istifadə etməyi özlərinə sığışdıra bilmirlər. Yalnız hansısa bayramlarda və yaxud tədbirlər keçirilən zaman milli geyimlərə müraciət edirik.
Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında Bakı Beynəlxalq Multukulturalizm mərkəzinin əməkdaşı Araz Qurbanov bildirir ki, milli geyimdən imtina etmək heç də müasirlik hesab edilməməlidir:
"Milli geyimə münasibətdə dünyada yaponlar, türkmənlər kimi mühafizəkar, adət-ənənələri yaşada bilən xalqlar da, hələ də öz yerini tapa bilməyən, başqalarına bənzəmək istəyən xalqlar da var. Milli geyimdən imtina etmək heç də müasirlik deyil. Demirəm ki, ənənəvi milli geyimlərimizə qayıtmağa tam olaraq riayət olunsun. Lakin milli geyimlərin müəyyən atributları həyatımızda olmalıdır. Bir müddət əvvəl Azərbaycanda kəlağayı, ondan da əvvəl buxara papaq dəbə düşmüşdü. Həmin ənənəni davam etdirmək lazımdır".
Ekspertə görə, bunun üçün yeganə yol ölkəmizdə milli etnik mədəniyyəti insanların yaddaşlarında möhkəmləndirməkdən keçir:
"İnsan ilk növbədə öz xalqının milli mədəniyyətini sevməli, hörmət etməli, öyrənməli və yalnız ondan sonra üzünü digər mədəniyyətlərə tutmalıdır. Təəssüvlər olsun ki, Azərbaycanda etnik mədəniyyətə bütövlükdə sanki bir biganəlik hiss olunur. Bunu televiziyada, radioda, milli musiqimizdə də görürük. Bunu da bəzən qloballaşma ilə bağlayırlar. Amma fikrimcə, belə deyil. Sadəcə olaraq, bunun səbəbini müəyyən məsələləri yaşatmaq istəməməyimizdə görürəm".
Həmsöhbətimiz qeyd edir ki, milli geyim məsələsinin gündəmə gətirilməsi heç də əmr, sərəncam, qanunla olmamalıdır:
"Bu, daxildən gəlməlidir. Onun üçün də ilk növbədə milli mədəniyyətimizi insanların beyninə nüfuz etdirməliyik. Azərbaycan mədəniyyəti olduqca zəngin və əhatəlidir. Bizim dövrdə orta məktəblərdə milli rəqs dərnəkləri vardı. Orada uşaqlara milli-mənəvi dəyərlərimizi, folklorumuzu, aşıq sənətini də öyrədirdilər. İndiki halda isə üzdəniraq milli rəqs ansambllarımızda milli geyim elementləri yoxdur. Ya başqa xalqların geyimini yamsılayır, ya da ona bənzər qeyri-adi geyim yaratmağa çalışırıq. Bu yaxınlarda Qazaxıstanda oldum. Orada rəsmi tədbirlərdə aralarında alim və ziyalıların da olduğu milli geyimdə olan insanları gördüm. Son olaraq onu deyim ki, öz mədəniyyətimizə hörmət etməsək, heç kim bizim mədəniyyətə hörmət etməyəcək, onu dəyərləndirməyəcək".
Rüfət Sultan
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
Şərhlər