Xəbər lenti

Milli Məclisdə Orxan Zeynalov hadisəsi müzakirə olunacaq
Ölkə 11:48 17.10.2013

Milli Məclisdə Orxan Zeynalov hadisəsi müzakirə olunacaq

Azərbaycan Milli Məclisinin oktyabrın 22-də keçiriləcək iclasında Orxan Zeynalovun törətdiyi hadisə ilə əlaqədar məsələ müzakirəyə çıxarılacaq.

Bu barədə Trend-ə millət vəkili, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fazil Mustafa bildirib.

Millət vəkilinin sözlərinə görə, hazırda mövcud olan gərginlik ortadan qalxmalı və azərbaycanlıların kütləvi şəkildə tutulması prosesi dayandırılmalıdır.

F.Mustafa bildirib ki, rəsmi səviyyədə bu məsələnin yumşaldılmasına ehtiyac var: "Əgər mənfi təbliğatın dayandırılması istiqamətində Azərbaycan tərəfindən hər hansı addımlar olarsa, biz də parlamentarilər olaraq bunu dəstəkləməkdə üzərimizə düşənləri etməyə hazırıq".

O qeyd edib ki, burada müəyyən dairələrin siyasəti nəticəsində əvvəlcədən hazırlanmış tamaşa variantının təqdimatından söhbət gedir: "Ona görə bu məsələyə rəsmi səviyyədə, hökumətlərarası münasibət səviyyəsində baxmaq daha doğru olardı. Bu tək ictimaiyyətlə bağlı məsələ deyil. Çünki qətl, kriminal üçün hüquqi mexanizmlər var - gündə yüzlərlə belə hadisələr baş verə bilər və onlar hüquq çərçivəsində həll olunur. Burada rəsmi dövlət səviyyəsində olan siyasətdən söhbət gedir. Bazarın bağlanması üçün istənilən bəhanə tapmaq olar - bu hansısa qoca rus qadına meyvə satılmasından imtina da ola bilərdi, kriminal da ola bilərdi".

F.Mustafa vurğulayıb ki, rəsmi səviyyədə məsələnin yumşaldılmasına ehtiyac var: "Biz də parlamentlərarası dostluq qrupunun üzvü kimi məsələnin müəyyən qədər yumşaldılmasına çalışan mesajlar verməliyik".

Xatırladaq ki, Moskvanın Biryulevo rayonunda oktyabrın 10-da 25 yaşlı Yeqor Şerbakovun qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus millətçi rayondakı "Biryuza" ticarət mərkəzi və "Pokrov" meyvə-tərəvəz bazasına hücum edərək, ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asiyadan olan miqrantları döyüblər. Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. İğtişaş nəticəsində xeyli sayda miqrant və yerli sakin xəsarət alıb.

Hadisə baş verən gündən sonra Moskvada Azərbaycan və Özbəkistan vətəndaşları xüsusi amansızlıqla qətlə yetiriliblər. Həmçinin Orxan Zeynalovun tutulması zamanı, ona qarşı işgəncə faktları yer alan görüntülər yayılıb.


Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->