Siyasət 10:40 15.07.2013

Milli Şura üzvlərindən Müsavata CAVAB

Müsavat Partiyası Məclisinin 13 iyulda keçirilən sessiyası Milli Şuranın yaradılmasını və qurumun seçkilərdə vahid namizədlə çıxış etməklə bağlı qərarını alqışlayan qərar layihəsinə yekdilliklə səs verib.

Qərarda deyilir ki, ölkənin aparıcı müxalifət partiyalarının, ictimai qurumların, vətəndaş cəmiyyəti nümayəndələrinin, ziyalıların və gənclərin iştirakı ilə yaranmış Milli Şuranın fəaliyyətində Müsavat Partiyasının iştirakı və sərgilədiyi mövqe təqdir edilsin. Eyni zamanda seçki prosesində və namizədliklə bağlı məsələlərdə partiyanın mövqeyini təqdim etmək və müvafiq qərarlar qəbul etmək səlahiyyəti Müsavat Partiyası Divanına və 2013-cü ilin oktyabr ayında keçiriləcək prezident seçkisində Müsavat Partiyasının namizədi başqan İsa Qəmbərə həvalə edilsin.

Qeyd edək ki, Milli Şuradakı bir sıra siyasətçilər Müsavat Məclisinin 2013-cü il yanvarın 4-də partiyanın başqanı İsa Qəmbərin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərarının 13 iyul sessiyasında ləğv ediləcəyini gözləyirdilər. Lakin bu gözləntilərin əsassız olduğu bir daha təsdiqini tapdı. Müsavat Məclisi qüvvədə saxlayıb. Müsavat Partiyası İsa Qəmbərin namizədliyindən imtina edilib-edilməməsini sonrakı mərhələyə saxlayıb.

Müsavat Məclisinin qərarına Milli Şuradakı partiyalardan bir neçəsinin münasibətini öyrəndik. KXCP sədri Mirmahmud Mirəlioğlu bildirdi ki, Müsavat Məclisinin qərarına kənardan müdaxilə etmək doğru olmazdı. Qərarı yalnız Müsavat Məclisi özü dəyişdirə bilər: “Onlar qərarı dəyişdirməyi lazım bilməyiblər bu, Məclisin səlahiyyətidir. Bu səlahiyyəti də kimsəyə Müsavat Məclisi verməyib. Bunun nə üçün belə olduğunu kənardan tələb etmək düzgün deyil. Bəziləri nə istəyirlərsə, istədiklərini həmin anda almaq istəyirlər. Ona görə Azərbaycanda 20 ildir heç nə alınmır. Axı Milli Şura ideyası və özü olmamış Müsavat Partiyasının prezidentliyə namizəd irəli sürməklə bağlı qərarı olub. İkinci belə qərarı KXCP Ali Məclisi verib. Sonra başqalarının da bu cür qərarları olub. Məncə, Müsavat Məclisinin və KXCP Ali Məclisinin bu qərarlarını Milli Şuranın vahid namizədi məsələsi ilə qarşı-qarşıya qoymaq doğru deyil. Bunu qarşı-qarşıya qoymaq cəhdləri var. Bir az qarşılıqlı etimadsızlıq, etibarsızlıq, inamsızlıq var. Ona görə ki, bu, bir çoxlarının yaşadığı tərcümeyi-halın nəticəsidir. Amma bundan da narahat olmağa dəyməz. Bu məsələlər həllini tapacaq. Biz hesab edirik ki, Milli Şura ilə bağlı atdığımız addımlar doğrudur”.

Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər bildirdi ki, onun mövqeyi əvvəldən aydındır və bu mövqeyində qalır: “Mən Müsavatın prezidentliyə namizəd irəli sürmək qərarının saxlanmasını demokratik qüvvələrin, Milli Şuranın yürütdüyü strategiya baxımından düzgün hesab etmirəm. Bu fikirlərim dəyişməz olaraq qalır. Müsavat Partiyasının qərarını dəyişəcəyini şəxsən mən gözləmirdim”.