Xəbər lenti

Milli Şuranın Tiflis toplantısına qatılacaq şəxslər bəlli oldu - SİYAHI
Siyasət 12:00 29.07.2013

Milli Şuranın Tiflis toplantısına qatılacaq şəxslər bəlli oldu - SİYAHI

Milli Şuranın sədri və vahid namizədi Rüstəm İbrahimbəyovun Bakıya dönüşü yenə təxirə salındı. Məlum oldu ki, R.İbrahimbəyov Rusiya vətəndaşlığından hələ də çıxarılmayıb və o, bu barədə sənədi əlinə almadan Azərbaycana qayıtmaq niyyətində deyil. MŞ-in icra aparatının rəhbəri E.Namazov bu barədə açıqlama verərkən qeyd edib ki, R.İbrahimbəyovun Bakıya gəlməməsi barədə qurum liderləri arasında ortaq qərara gəliblər. O deyib ki, bununla belə, Milli Şuranın üzvlərindən ibarət 15 nəfərlik heyət İbrahimbəyovla görüşmək üçün iyulun 30-da Tiflisə səfər edəcək.


Səfərin məqsədi isə R.İbrahimbəyovla seçki məsələlərini müzakirə etməkdir.

AzNews.az-a MŞ-dəki mənbələrdən daxil olan məlumatda “Tiflis toplantısı”nda qurumu kimlərin təmsil edəcəyi barədə məlumat verilib. Əldə etdiyimiz bilgilərə görə, R.İbrahimbəyovla Tiflisdə görüşəcək MŞ üzvlərinin tərkibi artıq əsas etibarilə müəyyənləşdirilib.

Nümayəndə heyətinin tərkibi əsasən MŞ-in komissiya üzvləri və qurumun əsas liderlərindən ibarətdir. Məlumata görə, R.İbrahimbəyovla müzakirələr aparacaq MŞ üzvləri arasında Milli Şuranın komissiya sədrləri Cəmil Həsənli, Nurəddin Mustafayev, Gültəkin Hacıbəyli, Vidadi Mirkamal, Mehman Əliyev, Eldar Əliyev və Qubad İbadoğlu var. Tiflis səfərində eyni zamanda MŞ-də təmsil olunan partiyaların liderləri Müsavat başqanı İsa Qəmbər, “El” hərəkatının sədri Eldar Namazov, ACP sədri Sülhəddin Əkbər və ALP sədri Əvəz Temirxan da var.

AXCP sədri Əli Kərimlinin isə pasport problemi olduğu üçün partiyanı Tiflis görüşündə müavinləri təmsil edəcək. Mənbənin sözlərinə görə, bunlar AXCP sədrinin müavinləri Fuad Qəhrəmanlı və Gözəl Bayramlıdır. Bildirilir ki, AXCP sədri Tiflisə göndərəcəyi siyahıda dəyişiklik edərək, G.Bayramlının əvəzinə digər müavinləri Həsən Kərimov və ya Asəf Quliyevdən birini də göndərə bilər. Partiya sədri bu barədə dəqiq qərarını hələ ki, səfərin təşkilatçılığı ilə məşğul olan şəxslərə deməyib.

Bununla yanaşı, Tiflisə səfər edəcək şəxslər arasında MŞ üzvləri Eldəniz və Zəfər Quliyevlərin və Köçəri Nağıbəylinin də olacağı qeyd edilir.

Daxil olan digər bir məlumatda isə bildirilir ki, MŞ liderləri Tiflis görüşünə ACP lideri Rəsul Quliyevin də gəlməyində israr etsələr də, eks-spiker bu səfəri əhəmiyyətsiz hesab etdiyini əsas gətirərək, Tiflisə gəlməkdən imtina edib.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->