Siyasət 10:21 30.07.2013

Milli Şuranın Ukrayna təmsilçisinə vəkil tutuldu

Milli Şuranın Ukrayna təmsilçisi Yalçın Qəhrəmanoğlunun necə tutulduğu bilinib.

Onun əmisi oğlu Sabir Binnətli “Yeni Müsavat”a deyib ki, iyulun 28-də axşam Bakı hava limanına qohumunu qarşılamağa çıxıbmış, lakin uzun müddət gözləməli olub: “Nəhayət, zəng etdi ki, bizi sərhədçilər saxlayıb, sənədlərimizə baxandan sonra problemin olduğunu dedilər. Bir müddət sonra bir sərhədçi Yalçınla ailəsini gətirdi. Gömrük çıxışında 3 polis yaxınlaşdı, sərhədçi Yalçının pasportunu və blank təqdim edib onu polislərə təhvil verdi”.

Sabir Binnətli qeyd edib ki, əmisi oğlunun nə səbəbə saxlanması ilə maraqlanıb: “Polisin biri dedi ki, banka borcu olduğu üçün axtarış veriblər. Dedim bu adam neçə ildir Azərbaycanda yaşamır, heç bir banka borcu yoxdur. Digər polis dedi ki, keçmiş həyat yoldaşı şikayət etdiyi üçün Yasamal polisində iş qaldırılıb. Bunlar yalan çıxdı. Gecə saat 4-dək aeroportun polis idarəsində gözləyəsi olduq. Dedim bu adam oğurluq, quldurluq etməyib, nə olub axı? Polislərin biri leytenant, ikisi çavuş idi. Axırda cavab verdilər ki, biz heç nə bilmirik, onu saxlamaq lazımdır, vəssalam”.

Sabir Binnətli deyib ki, Yalçına mobil telefon nömrəsi alıb verib və səhər açılana qədər telefon əlaqəsi saxlayıblar: “Səhər saat 10-un yarısında zəng etdi ki, məni Daxili İşlər Nazirliyinə aparırlar. Saat 10-a qalmış növbəti zəngində isə dedi ki, məni artıq “Bandotdel”ə (Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi – red. ) aparıblar, telefonu da əlimdən alacaqlar. Bununla da əlaqə kəsildi. Yalçının ailə-uşağı bizdədir”.

Sabir Binnətli həbsin siyasi səbəblərinin olduğunu güman edir: “Mən hesab edirəm ki, Yalçının həbsi onun Milli Şura ilə bağlı mövqeyi və tədbirlərdəki çıxışları ilə əlaqədardır”. O, Yalçın Qəhrəmanoğlunun hüquqlarının müdafiəsi ilə bağlı tədbirlərin görüldüyünü, vəkil Mənsum Bayramovla müqavilə bağlandığını əlavə edib.

Qaynar.info