İdman 16:14 26.07.2021

Millimiz 3 ölkədə hazırlıq keçəcək

Avropa çempionatının final mərhələsinə hazırlığını davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi Mingəçevir toplanışının ardınca Bakıdakı məşqləri də başa vurub. 

Azərbaycan Voleybol Federasiyasından Qaynarinfo-ya verilən məlumata görə, Vüqar Əliyevin rəhbərlik etdiyi yığmamız paytaxtda təşkil olunan toplanışın gedişində 4 yoxlama oyunu da keçirib. Voleybolçularımız Avropa çempionatının iştirakçıları olan Belarus və Macarıstan yığmaları ilə baş tutan görüşlərdən birində qələbə qazanıb.

İyulun 11-dən 25-nə kimi Bakıda təlim-məşq toplanışı keçən komandamız artıq bu gün Yunanıstana yola düşüb. Hazırlıq planına uyğun olaraq komanda iyulun 26-dan avqustun 16-a qədər burada, ardınca Macarıstanda, daha sonra Bosniya və Herseqovinada hazırlığa qatılacaq, yoxlama oyunlarında qüvvəsini sınayacaq.

Bolqarıstan, Rumıniya, Serbiya və Xorvatiyanin birgə ev sahibliyi edəcəyi Avropa çempionatının final mərhələsi avqustun 18-də start götürəcək və sentyabrın 4-də yekunlaşacaq. Yarışda 24 komanda 4 qrupda mübarizə aparacaq. A qrupunda yarışacaq komandamızın rəqibləri ev sahibi Serbiya ilə yanaşı, Belçika, Rusiya, Fransa və Bosniya və Herseqovina yığmaları olacaq. Millimizin oyunları paytaxt Belqradda keçiriləcək.

Oyunların təqvimi

20 avqust
17:00. Azərbaycan - Belçika

21 avqust
18:00. Azərbaycan – Bosniya və Herseqovina

22 avqust
17:00. Rusiya – Azərbaycan

24 avqust
20:00. Azərbaycan - Serbiya

25 avqust
17:00. Fransa – Azərbaycan

Səbuhi Həsənov