Xəbər lenti

Millimizin baş məşqçisi: “Adi suyu stəkanlarda verirdilər”
İdman 13:37 27.09.2023

Millimizin baş məşqçisi: “Adi suyu stəkanlarda verirdilər”

Çimərlik futbolu üzrə millimiz İtaliyanın Alghero şəhərində təşkil olunan Avropa Superfinalında uğursuz iştirakla yadda qaldı. Baş məşqçi Zeynal Zeynalovun rəhbərliyi altında altı matç keçirən komandamız bunların cəmi ikisində qələbə qazandı. Ümumilikdə isə yığmamız yarışı 14-cü pillədə tamamladı. 

Zeynalov Qaynarinfo-ya açıqlamasında yarış və nəticələrlə bağlı təəssüratlarını bölüşüb. O, təşkilatçılıqdan narazı qaldığını söyləyib:

"Təşkilatçılıq, demək olar, sıfır dərəcəsində idi. Çox aşağı səviyyədə təşkil olunmuşdu. Adi suyu stəkanlarda verirdilər. Reqlament bilinmirdi. Axşam mesaj yazırlar ki, oyun filan vaxtda keçiriləcək. Oyunlara gəlincə, imkanlarımızdan aşağı səviyyədə çıxış etdik. Əlbəttə, qələbə istəyirdik. Əfsuslar olsun ki, alınmadı. Çalışacağıq ki, daha da yaxşı nəticələr verək". 

Mütəxəssis oyunlarda hakimlərin komandanı çox sıxdığını da deyib:

"Superfinaldakı rəqiblərdən Moldova və İsveçrə ilə əvvəl də oynamışdıq. Bakıda penaltilər seriyasında İsveçrəni məğlub etmişdik. Avropa Superfinalında isə zəif nəticələr təcrübəsizliyimizlə bağlı idi. Bundan başqa bəzi, məsələn, Fransa və İsveçrə ilə oyunlarda hakimlər bizi çox sıxırdılar. İstər-istəməz zəiflərlə oynayanda hakimlərin güclü komandalara simpatiya göstərməsi açıq-aydın görünür. Qrupdan çıxmaq istəyirdik, ancaq bir-iki oyunda uduzduq, uşaqlarda ruh düşkünlüyü yarandı. Çalışırdıq onlara başa salaq ki, futbolda belə şeylər olur. Amma görürsən ki, vəziyyətdən çıxmaq çətin olur. Ona görə də bu nəticəyə gətirib çıxardı”.

Qarşıda hələ ki, komandanı heç bir rəsmi yarışın gözləmədiyini söyləyən məşqçi, heyəti dəyişmək istəsə də, futbolçu qıtlığı olduğunu bildirib:

"Heyətdə, demək olar, dəyişiklik etməmişdim. Yəqin ki, rəhbərliklə danışdıqdan sonra dəyişikliklər olacaq. Amma komandanı tam dəyişmək mümkün deyil. Bilirsiniz ki, bu spesifik futboldur, hər adam oynaya bilmir. Əvvəlcə oyunçu tapmalısan, daha sonra kiminsə yerinə oynatmalısan. Onun da uyğunlaşması, oyunu "tutması” üçün ən azı altı ay vaxt lazımdır. Birdən-birə bütün komandanı dəyişmək imkanımız, həm də futbolçu yoxdur. İnşallah, rəhbərliklə görüşdən sonra müəyyən dəyişikliklər gözlənilir. Hələ ki, qarşıda heç bir rəsmi yarış yoxdur. Əvvəlcə rəhbərliklə görüşməliyik. Təlim-məşq toplanışı bu il yalnız Türkiyədə oldu. Türkiyə millisi ilə yoldaşlıq görüşü keçirmişdik”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->