Xəbər lenti

İdman 14:20 04.07.2023

Millimizin baş məşqçisi: “Çatışmayan cəhətimiz təcrübəsizliyimizdir”

Çimərlik futbolu yığmamız Polşanın Krakov şəhərində keçirilən Avropa oyunlarında beşinci pilləni tutdu. Turnir ərzində Polşaya 2:7, Portuqaliyaya 2:5, İspaniyaya 1:7 hesabı ilə məğlub olan milli yalnız beşinci yer uğrunda görüşlərdə Ukraynanı (7:6) və Moldovanı (4:2) üstələyə bildi.  Bundan başqa, baş məşqçi Zeynal Zeynalovun rəhbərlik etdiyi yığma Azərbaycanın ev sahibliyi edəcəyi dünya çempionatında ilk matçına çıxacaq. 

DÇ-də A qrupunda İtaliya, Moldova və Estoniya ilə mübarizə aparacaq yığmanın baş məşqçisi həm Krakovdakı, həm də qarşıdan gələn oyunlarla bağlı danışıb:

- Krakovda keçirilən matçların nəticələrini dəyərləndirərdiniz. Komanda niyə 5-ci yeri tutdu?

- Azərbaycanın çimərlik futbolu üçün nəticə əladır. İspaniya, Portuqaliya, İsveçrə, İtaliya çimərlik futbolunun qaymaqlarıdır. Avropa və Dünya çempionlarıdır. Bu səbəbdən Azərbaycanın çimərlik futbolu üçün yaxşı nəticə hesab etmək olar. Amma əlbəttə, medallar qazanmaq istəyirdik. İlk oyuna pis başladıq. Müəyyən səbəblər oldu, uşaqlar hamısı yorğun idi. Sonradan, oyundan-oyuna uşaqlar özünə gəldi. Ən çox çatışmayan cəhətimiz təcrübəsizliyimizdir. Yoldaşlıq matçı, turnirlər olmadığına görə, çox əziyyət çəkirik. İkinci oyunda məğlub olmağımıza baxmayaraq, komanda əməlli-başlı futbol oynayırdı. 

- Əsas oyunlarda böyük hesabarla məğlub oldunuz. Bu normaldır?

- Normal deyəndə, bu reallıqdır, o komandaların klası bizdən üstündür. Elə qol vəziyyətləri var ki, istifadə edə bilmirdik. Amma rəqiblər lazımınca yararlanırdılar. Çünki ilboyu məşq edib oynayırlar. Biz isə iki-üç ay hazırlıq keçirik oyunlara gedirik. Buna baxmayaraq, son matçarda Ukrayna və Moldovaya qalib gəldik. Uşaqlar düzəlirdi.

- Yarışlara tam istədiyiniz şəkildə hazırlaşa bilmişdiniz?

- Bir neçə yoldaşlıq matçı keçirmişdik. Bakıda da gündə bir dəfə məşq etməklə yarışa hazırlaşırdıq. Viza problemi çıxdığı üçün Polşada oyundan bir gün əvvəl heç məşq etməyə də imkan olmadı.

- Qarşıdan Dünya çempionatı gəlir. Qrupumuzu necə dəyərləndirirsiniz?

- Qrup zəif deyil. İndi bütün millilər əməlli-başlı futbol oynayır. Ona görə də qrupumuzun çox zəif və ya güclü olduğunu deməzdim. Keçmək mümkündür. Çalışacağıq qrupdan çıxıb Dünya çempionatına vəsiqə qazanaq.

- Polşadakı nəticələrdən sonra, millidə dəyişiklik edəcəksiniz?

- Azərbaycana bu gün səhər qayıtmışıq. Sabah isə Dünya çempionatında ilk oyunumuz olacaq. Bu gün axşam bir saatlıq məşqimiz olacaq. Hazırlaşmağa vaxtımız da yoxdur. Ona görə də dəyişiklik olmayacaq, elə həmin komanda oynayacaq.

- Dünya çempionatında millimizdən nə gözləyək?

- Ev sahibiyik, əlbəttə, nə qədər imkan varsa, irəliləməyə çalışacağıq.

- Hədəflər nədən ibarətdir?

- Hədəf həmişə yüksək olur. Uşaqlara da deyirəm ki, hər oyuna qələbə üçün çıxmaq və imkanımız çatan qədər irəliyə getmək lazımdır. Dünya çempionatının əsas mərhələsinə vəsiqə qazansaq, bu Azərbaycanın çimərlik futbolu üçün tarix olar. Çünki heç vaxt belə nəticə olmayıb. Amma reallıq da var, nə qədər alınacaq ya yox, bunu zaman göstərəcək.

- Rəqibləri analiz etməyə vaxtınız olub?

- Yalnız Estoniyanı görməmişik. İtaliya millisinin oyununa baxmışıq. Moldovanı da Polşada məğlub etmişdik. Buna baxmayaraq, zəif rəqib deyil. Dünya çempionatı bizim üçün asan olmayacaq.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->