Xəbər lenti

İdman 18:28 01.08.2023

Millimizin baş məşqçisi MDB oyunlarındakı rəqiblər haqda: “Onlar bizdən güclüdürlər”

Belarusun paytaxtı Minskdə təşkil olunacaq ikinci Müstəqil Dövlətlər Birliyi (MDB) oyunlarında çimərlik futbolu üzrə millimiz də iştirak edəcək. A qrupunda Belarus, İran və Ərəb Əmirlikləri ilə qarşılaşacaq yığmamızın heyəti artıq müəyyənləşib. Komanda yarışöncəsi hazırlıq da keçib və Səudiyyə Ərəbistanı ilə dörd yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Bunların ikisində qələbə qazanıb, ikisində isə məğlub (3:1, 3:5, 7:3, 4:4 (4:5-penaltilər seriyası)) olub. Bəs millimiz MDB oyunlarına nə qədər hazırdır?

Baş məşqçi Zeynal Zeynalov Qaynarinfo-ya açıqlamasında oyunöncəsi hazırlıqlardan danışıb, MDB oyunlarındakı rəqibləri dəyərləndirib:

"Təlim-məşq toplanışı demək olmaz. Gündə bir dəfə məşqlərimizi edirik. Səudiyyə Ərəbistanı ilə dörd yoldaşlıq matçı keçirdik. Bunların ikisində udduq, ikisində uduzduq. Əsas problemimiz zədəlilərin çoxluğu ilə bağlıdır. Oyunçu tapmaq olmur. Həmişəki kimi hazırlaşmışıq. Bunun nəticələri MDB oyunlarında görünəcək. Futbolçu tapa bilmədiyimiz üçün məcburən əlimizdəki "material”la işləməliyik. Çalışırıq, oyunlar vasitəsilə fiziki durumumuzu qaydasına salaq. Başqa cür alınmır”.

Səfərə yollanacaqları tarixi açıqlayan mütəxəssis MDB oyunlarında yer aldıqları qrupdakı rəqbləri dəyərləndirib:

"Avqustun üçündə səfərə gedəcəyik. Demək olar rəqiblərimiz çox çətindir. Belarus, İran və Ərəb Əmirlikləri ilə eyni qrupdayıq. Belarusun, İranın gücü bəllidir. Onlarla müqayisədə ərəblər nisbətən zəifdir. İranla Belarus isə dünya səviyyəli komandalardır və bizdən güclüdürlər. Belarusun oyununu görmüşük. Bakıda keçirilən Dünya Çempionatının seçmə mərhələsində iştirak edirdilər və rahat şəkildə əsas yarışa vəsiqə qazandılar. İranla keçən il səfərdə oynamışıq, təxminən nəyə qadir olduqlarını bilirik. Ərəblər haqda çox məlumatımız yoxdur. Oyunlarına baxandan sonra səviyyələrini görəcəyik”.

Keçmiş futbolçu qrupdakı hədəflərinin nədən ibarət olduğunu bildirib:

"Hər dəfə meydana qələbə üçün çıxacağıq. Başqa cür mümkün deyil. Biz futbolçulara deyə bilmərik ki, filan rəqib güclü və ya zəifdir. Hər halda bu, Azərbaycan millisidir. Sıravi komanda deyil ki, hansısa boşluq olduğunu deyək. Hamı Azərbaycan bayrağı altında oynayır. Bacardıqları nə varsa, ondan daha artığını ortaya qoymalıdırlar. Çalışacağıq, qələbə olsun, çünki söhbət Azərbaycanın adından gedir”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->