Belarusun paytaxtı Minskdə təşkil olunan ikinci Müstəqil Dövlətlər Birliyi (MDB) oyunlarında çimərlik futbolu üzrə millimiz də iştirak etdi. A qrupunda Belarus, İran və Ərəb Əmirlikləri ilə qarşılaşan Zeynal Zeynalovun komandası əvvəlcə İranla qarşılaşıb. 1:3 hesabı ilə məğlub olan yığma ikinci görüşdə Belarusa uduzub - 1:5. Qrupdakı növbəti qarşılaşma BƏƏ-nə qarşı olub. Bu görüşdə isə millimiz 7:3 hesablı qələbə qazanıb. Ardınca Özbəkistan millisi üzərində 3:2 hesabı ilə qələbə qazanan komanda sonuncu matçda misirliləri də udaraq (3:2) beşinci yeri tutub.
Baş məşqçi oyunlarla bağlı Qaynarinfo-ya danışıb:
"MDB turnirindəki nəticə qənaətbəxşdir. Bizim qrupda Belarus, İran və Birləşmiş Ərəb Əmirlikləri millisi yer almışdı. Bildiyiniz kimi, Belarusla İran turnirin finalında oynadı. Birinci yeri Belarus, ikincini İran tutdu. Biz də bu komandalara uduzmuşduq. Bu səbəbdən onlara məğlubiyyəti normal sayıram. İranı məğlub etmək olardı. Uşaqlar pis oynamadı. Qol vəziyyətlərindən istifadə edə bilsəydik, qələbə qazanmaq olardı. Əfsuslar olsun ki, alınmadı. Belarus həddindən artıq güclü rəqib idi. Uşaqlarla danışıram, özüm də oyuna baxıram, analiz edirəm. Həm fiziki, həm taktiki cəhətdən ağır rəqib idi və oynamağa imkan vermirdilər. Ən çətin rəqibimiz elə Belarus oldu. Qalan oyunlarda BƏƏ-ni, özbəkləri və sonuncu oyunda Misiri də üstələdik. Həm Misir, həm də ərəblər çox gözəl komandalar idi. Topla davranışları əla idi. Özbəkləri çıxmaq şərtilə, digərləri yaxşı komandalar idi. Uşaqlar əzmkar mübarizə apardılar, xarakter göstərib qələbə qazandılar. Həm də məsuliyyət hiss edirdilər. Oyunlar səhvlərə qədər idi. Kim səhv etdisə, onlar da uduzurdu”.
Zeynalov yarışa normal hazırlıq keçdiklərini də dedi:
"Bakıda gündə bir dəfə olmaqla məşq keçirdik. Yəni, təlim-məşq toplanışı deyildi. Yoldaşlıq oyunları olmuşdu. Heyətdə ciddi dəyişiklik etməmişdik. Çünki futbolçu qıtlığı var, tapmaq olmur. Düzdür, futbolçu lazımdır bizə, amma gətirə bilmirik”.
Mütəxəssis milli ilə bağlı qarşıdakı planları da açıqladı:
"Turnirdən sonra uşaqları birhəftəlik istirahətə buraxmışam. Yəqin ki, üç, ya dördüncü günlərdə yığışacağıq. Məndə olan məlumata görə, ayın sonlarına yaxın Türkiyə millisi yoldaşlıq oyunları üçün Azərbaycana gələcək. Amma tam dəqiqləşməyib, onlarla iki-üç yoldaşlıq matçı keçirəcəyik. Daha sonra, sentyabrda, Avroliqa oyunları başlayır. Ora hazırlaşacağıq”.
Səbuhi Həsənov
Şərhlər