Ölkə 15:25 12.06.2018

Minaya qarşı qorumalı “SandCat” təqdim olundu: Azərbaycana da göndəriləcək (FOTO)

İsrailin "Plasan” şirkəti "SandCat” zirehli maşının minaya qarşı qorumalı "SandCat M-LPV” konfiqurasiyasını hazırlayıb.

Qaynarinfo xəbər verir ki, "azeridefence"nin "Eurosatory-2018” beynəlxalq müdafiə sərgisində iştirak edən əməkdaşının verdiyi məlumata görə, yeni maşın "Plasan”ın sərginin açıq ekspozisiyasındakı stendində nümayiş etdirilib.

"Plasan” mütəxəssislərinin sözlərinə görə, "SandCat M-LPV” "SandCat” maşınlarının dördüncü nəsli hesab olunur. Maşın sələflərindən fərqli olaraq xüsusi şassiyə əsaslanır və daha dayanıqlı "Ford” komponentləri istifadə edilib.

Monokok gövdəyə sahib M-LPV digər "SandCat”larla eyni ölçülərə sahibdir. Maşında heyətin və desantın çıxışı üçün 5 qapı mövcuddur. Səkkiz desant daşıyan maşının minaya qarşı qoruması STANAG 2a/2b səviyyəsinə uyğundur. Maşında yan hissədə atəş açmaq üçün 6 (3×3) mazğal var. Zirehli maşın NBC filtrləmə, kondisioner, avtomatik yanğınsöndürmə sistemləri ilə təchiz edilir.

İstehsalçı şirkətin nümayəndələrinin sözlərinə görə, yeni maşının yaxın vaxtlarda Azərbaycana sınaqlara göndərilməsi nəzərdə tutulur. Maşının hazırlanmasında bir neçə ölkənin, o cümlədən Azərbaycan hərbçilərinin fikirləri nəzərə alınıb.

"Azərbaycanda və digər tərəfdaş ölkələrdə bu tip yüngül, lakin minaya qarşı qoruması yüksək olan maşınlara ehtiyacın olduğunu düşünürük. Sentyabr ayında Bakıda keçirilən sərgidə bu maşını nümayiş etdirmək niyyətindəyik”.