Ölkə 17:02 02.12.2020

Mirzə Cəlilə qalib gələn qəhrəman Azərbaycan əsgəri - “Dəyişənlər”

Qaynarinfo yazıçı Azad Qaradərəlinin şəhid qəhrəmanımız Xudayar Yusifzadəyə həsr etdiyi "Dəyişənlər” hekayəsini təqdim edir:
 
Dəyişmək zamanın tələbidir. Sən dəyişməsən, zaman özü səni dəyişəcək. Ona görə, zamanı gələndə dəyişmək labüddür.

Amma elə insanlar da var ki, təkcə özləri dəyişmir, ətraflarını da – dostlarını, tanışlarını, qohumlarını, hətta ata-analarını da dəyişirlər...

Vətən müharibəsinin qalibi olan Azərbaycan əsgəri məhz dəyişən və dəyişdirən əsgər oldu”. 

Siqaret tüstüsündən saralmış bığları sağdan-soldan heybə tayları kimi sallanan yaşlı döyüşçü siqaret yandırıb hələ ağrı verən yaralarını xoşhallayırmış kimi "uf” eləyib aşağı əyilir; iki müharibənin ağrı-acısını udduğu tüstünün qalığını çölə üfürməklə canından çıxarırmış kimi üzünü yana çevirib püffüldəyir və müharibənin bitməsini sanki bununla içində bayram edir. 

Mən bu adamı Birinci Qarabağ savaşında da görmüşdüm, indi İkinci Qarabağ savaşında da iştirak edib və 55 yaşında çox qoca bir döyüşçü kimi geri dönüb. Zarafatımız olduğu üçün ona "sən bu halda necə döyüşürdün” sualı vermək istəsəm də, ürəyim gəlmir, qəlbinə toxunacağımdan qorxuram. O isə arif adamdır. Sanki sualı gözümdən oxuyur.

"Bilirsən, bir həftədir müharibə bitib... İnan, elə müharibənin bitdiyi gün birdən-birə qocaldım elə bil... Bir də o uşağın, Xudayarın şəhid olması məni çox üzmüşdü bilirsənmi?.. Hamımız çox istəyirdik onu. Sıramıza gəlişi ilə elə bil bir şuxluq, şənlik, yenilik gətirdi taborumuza... Uşaqlar komandirdən çəkinsələr də, mən onlarla komandir arasında körpü rolu oynayırdım. Onun son dərəcə ciddiyyətini mən yumşaldır, uşaqların oxumasına, oynamasına, ad günləri keçirməsinə icazə alırdım. Axırda qaraqabaq adam olan Komandir də bizə qoşuldu. Bunu bilirsən kim elədi? Xudayar!.. 
Offff! Hər dəfə onun adı yadıma düşəndə ürəyim partlamaq dərəcəsinə gəlir... Necə gözəl oxuyurdu, ilahi?! Səsi Zəngilanın bizim hənirimizə yadırğamış torpaqlarına, dağlarına, çaylarına, bulaqlarına bir eşq gətirmişdi. Onlar da Xudayarın səsinə səs verən əsgərlərimizə qoşulub oxuyardılar:
Dumanlı dağların başında durdum...

Zəngilanın başı dumanlı, sinəsi dağlı dağlarını Xudayar səsi ilə, nəfəsi ilə isidirdi sanki...

Dumnadndan özümə bir xeymə qurdum...

Həqiqətən, duman gələndə şaxtanı azaldır, elə bil alaçıq kimi alırdı üstümüzü...

Keçdi xəyalımdan öz gözəl yurdum...

Ay allah, biz belə torpaqları, belə gözəl dağları, çayları bu 30 ildə necə qoyub gedə bilmişdik?! Xudayar oxuduqca başımdan tüstü çıxırdı...

Dumanlar içində duman görünür...

Xudayar özü bir gün dumana döndü, çıxdı əlimizdən...”

Qəfildən dönüb mənə baxır və dolmuş gözlərini (mən bu illər ərzində ilk dəfə onun gözlərində yaş görürəm) heç gizlətmədən az qala qışqırır: 
"Şəhidlərin tərçümeyi-hallarinı oxumusan?!. Çoxunu nənələri saxlayıb, böyüdüb. Nənələrin danışdığı divin üstünə gedən igidlər haqqında nağıllar apardı onları erməni divlərinin üstünə. Bu amansız döyüşdə bir çoxü şəhid, bir çoxu da qazi oldu. Vətən torpağı onların qanı ilə suvarıldi. Nənələrin, babaların ruhu şad olsun!..”

Bu dəfə gerçəkdən heyrət etdim. Qoca qazi ağlayırdı. Əlini ürəyinin üstünə aparıb bir qabırğasını deşib keçmiş güllə yarasını sığallayır və deyir:
"Birinci Qarabağ müharibəsi dilimizə şəhid sözünü gətirdi... Düzdü, var idi, amma təyinatı üzrə işlənmirdi... İkinci Qarabağ savaşı – Vətən Müharibəmiz isə qazi sözünü gətirdi... Xudayar şəhid, mən qazi oldum... Nə olardı, tərsinə olsaydı?..”

O getdi. Arxasına baxmadan. Sallaq bığları bir az da saralmış, bir az da sallanmışdı. Qalib ordunun qazi əsgəri qocalmışdı. Elə bil təkcə bu 44 günlük müharibə deyil, ürəyində hər gün savaşda olduğu 30 il qocaltmışdı onu.

Dünən telefonda deyəndə ki, sənin haqqında yazmaq istəyirəm, gəl görüşək, hirslənmiş, söyüş də söymüşdü. 

"...Mənim nəyimdən yazacaqsan?! Mən şəhid olmadım ki? Gələrəm, bir şərtlə ki, taborumuzun igid əsgəri Xudayar haqqında yazacaqsan” demişdi və razılaşmışdıq. Vaxtilə bir məktəbdə işlədiyimiz üçün, dəfələrlə birlikdə yeyib-içdiyimiz üçün bizi dost da saymaq olar. Bir fərqimiz vardı: o, müharibə başlayanda silah götürdü, mən qələm...

Mən də durub getmək istəyirdim ki, gördüm dostum böyrünü əyə-əyə qayıdır. İşarət barmağını qaldırıb dedi:

"Ürəyimdə bir söz qalıb, ona görə qayıtdım. Yaralanmışdı. Dedim ki, gəl sənə icazə alım, getginən nənəni gör, bir az Bərdədə dincəl, sonra gələrsən... Dedi, yox ki, yox. Mən Zəngilanı almadan heç yana gedən deyiləm... Bilirsən də, Xudayar adını Mirzə Cəlil elə qaralamışdı, o adı bir də çətin ki kimsə sevəydi... Amma bizim Xudayar sübut elədi ki, hətta Mirzə Cəlili də dəyişmək olar!.. Dəyişdi də... Bizim oğullarımız bizi dəyişdi!.. Azərbaycanı dəyişdi... Qafqazı dəyiş...”

Son kəlmə ağzından yarımçıq çıxdı. Ahıl döyüşçünün boğazını qəhər kəsmişdi deyəsən. Bayaqdan çayçının süzdüyü çay da buza dönmüşdü. Çayçıya çayı dəyişməyi rica edəndə o gülümsündü: 

"Biz orda şaxtalı havada buz kimi su içməyə öyrəşmişdik...” – deyib soyuq çaydan bir qurtum alıb getdi.

Azad Qaradərəli
02.12.2020