Bir neçə gün əvvəl mədəkiçiltmə əməliyyatından sonra dünyasını dəyişmiş Bakının Mərdəkan qəsəbəsindəki "Qaranquş” sanatoriyasında məskunlaşmış şuşalı məcburi köçkün 34 yaşlı Samir Dəmirovun vəfatı haqqında məlumat yayılmışdı.
Minval.info saytının məlumatına görə mərhumun ailəsi baş verən hadisəyə görə əməliyyatı həyata keçirən "Modern Hospital” klinikasının həkimi Taryel Ömərovu günahlandırır. Məsələnin ciddiliyini və geniş rezonans doğurduğunu nəzərə alaraq Rubrika.Az saytı Taryel Ömərovla bilavasitə görüşərək hadisə barədə geniş açıqlama alıb. Həkim bildirir ki, mərhum Samir Dəmirov klinikada iyulun 26-da mədəkiçiltmə əməliyyatı keçirib. Normal keçən əməliyyatdan 3 gün sonra S. Dəmirov bütün prosedurlardan uğurla keçirilərək evə buraxılıb. Bundan 8 gün sonra həkimlə əlaqə saxlayan S. Dəmirov parkda gəzdiyi zaman qəflətən halının pisləşdiyini, sanki başına zərbə vurulduğunu bildirib. Dərhal klinikaya gətirilən xəstənin müayinəsi zamanı məlum olub ki, əməliyyat olunan hissədə tikiş 3 mm açılıb.
T. Ömərov bildirir ki, əməliyyatdan sonra xəstəyə ciddi şəkildə pəhriz saxlaması, bunun həyati əhəmiyyət daşıdığı barədə göstəriş verilsə də. mərhum evə buraxıldıqdan sonra deyilənlərə əməl etməyib. İstədiyi kimi qidalandığı üçün əməliyyat olunduğu hissədə tikiş sökülüb. Lakin, klinika xəstənin həyatını xilas etmək üçün yenidən fəaliyyətə keçib. Beynəlxalq standartlara uyğun olaraq xəstəyə barataj stend qoyulub və qarın boşluğuna pekutandraj olunub, klinikada saxlanılıb. Aparılan yoxlamadan sonra bir daha məlum olub ki, xəstənin verilən göstərişlərə əməl etməməsi tikişin sökülməsinə, nəticədə mədə və bağırsaq möhtəviyyatının qarın boşluğuna sızmasına səbəb olub. Bundan sonra S. Dəmirov yenidən əməliyyata alınmaq məcburiyyətində qalınır və o professor Nuri Bayramovun iştirakı ilə yenidən cərrahi əməliyyat olunur. Əməliyyatdan sonrakı dövrdə xəstədə K.R.D.S mənşəli ağciyər problemi yaranır. Növbəti mərhələdə pumonoloqa ehtiyac yarandığı üçün Mərkəzi Klinik Xəstəxanadan həkim dəvət olunur. Keçirilən konsiliumdan sonra hemofritrasiyaya ehtiyac olduğu müəyyən edilir. Buna görə də mərhum S. Dəmirov müalicəni davam etdirmək üçün Mərkəzi Klinik Xəstəxanaya köçürülür. İki həftə davam edən müalicədən sonra onun səhhəti normalaşır. 28 avqust tarixində S. Dəmirovun səhhəti tam qənaətbəxş hesab olunur. 29 avqustda xəstə süni tənəffüs aparatından ayrılır və müalicə davam etdirilir. 30 avqustda Mərkəzi Klinik Xəstəxanada mərhumun qarın boşluğuna qoyulan drinaj çıxarılır. Həmin günün axşamı isə xəstənin halı qəflətən pisləşir və o bütün cəhdlərə baxmayaraq vəfat edir.
Baş verən faciəvi hadisədən sonra mərhumun yaxınları "Modern Hospital” klinikasının həkimi Taryel Ömərovu günahlandırmağa və həkimdən pul tələb etməyə başlayıblar. Mərhumun yaxınları 50 min manata yaxın ziyana düşdüklərini bildirir və məbləğin ödənilməsini tələb edirlər. İstədikləri məbləği ala bilməyən mərhumun yaxınları müxtəlif KİV-lərdə klinika və həkim T. Ömərov haqqında heç bir əsası olmayan məlumatlar yayırlar.
"Modern Hospital” klinikasından bildirirlər ki, həkim Taryel Ömərov öz sahəsi üzrə tanınmış mütəxəssisdir və tibb aləmində böyük nüfuza sahibdir. İndiyə qədər yüzlərlə mədəkiçiltmə əməliyyatı aparan həkimin xəstələri heç bir problem yaşamayıb və tezliklə öz sağlamlıqlarına qovuşublar. Taryel həkimin əməliyyat etdiyi xəstələr arasında ölkənin tanınmış simaları da az deyil. Onun öz işinə məsuliyyətlə yanaşması, sahəsinin gözəl mütəxəssisi olması hər kəsə məlumdur. Təəssüf ki, baş verən hadisədə xəstənin yaxınları və məsələnin əsl mahiyyətindən xəbərsiz olan bir qism insanlar T. Ömərovu günahlandırmağa cəhd edirlər. Halbuki mərhumun ölüm səbəbi kimi onun pəhrizə əməl etməməsi və nəticədə tikişin sökülməsi olduğu müəyyən olunub. Baş verən faciə hər kəsdə dərin təəssüf hissi doğurur. Lakin, kiminsə faciəsi üzərindən qalmaqal yaratmaq, həkimi günahlandırmaq da ədalət prinsiplərinə ziddir.
Xatırladaq ki, baş verən hadisə ilə bağlı Səbail Rayon Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb.
Şərhlər