Modul tipli xəstəxanaya çevrilən idman kompleksindən (FOTOLAR)

Modul tipli xəstəxanaya çevrilən idman kompleksindən (FOTOLAR)

COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində Abşeron İdman Olimpiya Kompleksi modul tipli xəstəxanaya çevrilib.

Qaynarinfo Qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün açılış mərasimi təşkil olunub. Mərasimdə TƏBİB-in sədri Ramin Bayramlı və Gənclər və İdman naziri Azad Rəhimov iştirak edib.

Xəstəxanaya baxış keçirildikdən sonra Ramin Bayramlı jurnalistlərə modul tipli xəstəxana barədə məlumat verib: "Abşeron İdman Olimpiya Kompleksində yaradılan modul tipli xəstəxana müasir standartlara cavab verir. Kompleksin əvvəlcədən havalandırma sistemi olması çox vacibdir. Burada çox qısa müddət ərzində - 15 günə şərait yaradılıb. Havalandırma sistemi tibbi personalın sağlamlığı üçün önəmlidir. 4 ulduzlu otelin olması və onun təmiz-çirkli sahələrə ayrılması da müsbət məqamdır. Tibb işçilərinin istirahəti üçün şərait yaradılıb. Xəstələrin qida ilə təminatı üçün mətbəx bloku yerindədir. Çirkli paltarların saxlanması üçün şərait yaradılıb.

Təxminən 280-ə yaxın çarpayının hamısı oksigenlə təchiz olunub. Burada oksigen generatoru qurulub və 95 faizdən çox oksigen təmizliyi var. Həmçinin 10 nəfərlik reanimasiya bölməsi yaradılıb. Əgər xəstələrin hər hansındasa ağırlaşma olsa, orada süni tənəffüs cihazları vasitəsilə köməklik göstərəcək”.

Daha sonra nazir Azad Rəhimov da Abşeron Olimpiya Kompleksinin xəstəxanaya çevrilməsindən danışıb: "Ölkədə 47 olimpiya kompleksi var və hamısında bu cür şərait mövcuddur. Sözsüz ki, biz təcrübəmizdən istifadə edərək 15 günə şərait yaratdıq. Ümid edirəm və çox istəyirəm ki, bunlar istifadə olunmasın. Bura yenidən olimpiya kompleksi kimi fəaliyyət göstərsin. Lakin payızda yenidən çətinliklər ola bilər və hər şeyə hazır olmalıyıq”.

Qeyd edək ki, Hövsan Olimpiya Kompleksi də bu gündən modul tipli xəstəxana kimi fəaliyyətə başlayacaq.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR