Siyasət 15:46 03.08.2014

Müdafiə Komitəsi Yadigar Sadıqovla bağlı BƏYANAT YAYDI

Müsavat Partiyası başqanının müşaviri, vicdan məhbusu Yadigar Sadıqovun Hüquqlarının Müdafiə Komitəsi bəyanat yayıb.

Qaynar.info-ya daxil olan bəyanatda deyilir:

"İyulun 22-də Yadigar Sadiqovun Apellyasiya Məhkəməsi başa çatıb. Qərarın təcridxanaya təqdim edildiyi gün Yadigar bəy Cəza Çəkmə Müəssisəsinə köçürülməli idi. 1 həftədir Şüvəlan təcridxanasının rəisi həm bizə, həm də Yadigar bəyin özünə məlümat verib ki, bölgü üzrə Yadigar bəy qeydiyyatda oldugu yerə yaxın olan, Səlyanda yerləşən "Xələc" həbsxanasına düşüb. Dünən, 02 avqust saat 12-00 da Yadigar bəyi Xələcə aparırıq adı ilə Şüvəlan təcridxanasından çıxarıblar. Ancaq Xələcə aparmayıblar. Hara apardıqları haqda nə vəkilləri, nə ailəsi məlumatlandirilmir.

Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinə görə məhkum edilmiş şəxsin yer dəyişməsi halı ilə əlaqədar onun yaxınlarına, vəkillərinə dərhal məlumat verilməlidir (maddə 16.1. Cəzanı icra edən müəssisə və ya orqanın vəzifəli şəxsləri məhkumun razılığı ilə onun ailəsinə və ya yaxın qohumlarından birinə, yaxud məhkumun göstərdiyi şəxsə ona təyin olunmuş cəzanın icrası, cəzanın çəkilmə yeri, məhkumun yerdəyişmələri və azad edilməsi barədə məlumat verməlidirlər.) və məhkum  edilmiş şəxs cəzasının yaşayış yerinə yaxın müəssisədə çəkməlidir. (maddə: 65.1. Müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər cəzalarını bir qayda olaraq yaşayış yerinə yaxın ərazidə yerləşən cəzaçəkmə müəssisələrində çəkirlər.)

Yadigar Sadıqovun Hüquqlarını MüdafiəKomitəsi bəyan edir ki,Yadigar bəyin qanunveriçiliyin tələblərinə zidd olaraq yaşayış yerinə yaxın müəssisəyə köçürülməməsi, eləcə də hara aparılması ilə bağlı məlumatın gizlədilməsi kobud qanun pozuntusudur. Bu hal bizi qəzəbləndirir. Hakimiyyətdən tələb edirik ki, Yadigar Sadıqovla baglı yol verdiyi  özbaşnalığa son qoysun və onun harada olması ilə baglı ən qısa zamanda ictimaiyyətə rəsmi məlumat versin".

Qaynar.info