Xəbər lenti

Müdafiə nazirlərinin Bakıda keçirəcəyi görüşün nəticəsi necə olacaq? (ŞƏRH)
Siyasət 13:37 27.11.2023

Müdafiə nazirlərinin Bakıda keçirəcəyi görüşün nəticəsi necə olacaq? (ŞƏRH)

"Üç ölkə müdafiə nazirlərinin Bakı toplantısı Tiflisin son zamanlar Fransa silahlarını Ermənistana keçirməklə bağlı neqativ addımının qarşısını almaqda mühüm rol oynayacaq”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmov Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin Bakıda olacaq toplantısını şərh edərkən deyib.
 
İbrahim Rüstəmov bildirib ki, Azərbaycan digər sahələr kimi, hərbi müstəvidə də beynəlxalq əlaqələrini gücləndirir:

"Azərbaycanın dünyanın 30-dan çox ölkəsilə hərbi müstəvidə əlaqələri var ki, onların da əksəriyyəti inkişaf etmiş ölkələrdir. Regionumuzda yeni geosiyasi reallıqlar yaranıb. Bu vəziyyət də öz növbəsində yeni baxış bucaqları tələb edir. Türkiyə ilə ölkəmiz arasında hərbi əlaqələr daim inkişaf edir. Türkiyə yeganə dövlətdir ki, Azərbaycan hərbi sənayesinin inkişafı üçün çoxsaylı təmənnasız yardımlar edib. Bu mənada Türkiyə, Gürcüstan və Azərbaycan müdafiə nazirlərinin Bakı toplantısı ölkəmiz üçün xüsusi strateji əhəmiyyət kəsb edir. Çünki 44 günlük savaşla Azərbaycan Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaradıb. Azərbaycan, Türkiyə, hətta Gürcüstan istəməz ki, Fransa kimi bir ölkə gəlib bölgəmizdə dominantlıq etsin". 

Ekspert deyib ki, belə toplantılar daha uzun müddət üçün nəzərdə tutulan layihədir:

"Türkiyə, Gürcüstan və Azərbaycan müdafiə nazirlərinin bir masa arxasında oturmaları 3 ölkə arasında əlaqələrin daha da inkişafına xidmət edəcək. Azərbaycanın hərbi sahədə daha ciddi uğurlara imza atması üçün yeni perspektivlər yaradacaq. Bu sayaq toplantıların Tiflis üçün də, öz ordusunu gücləndirmək baxımından böyük əhəmiyyəti var. Belə görüşlər Azərbaycanın hərbi sahədə qazandığı təcrübələrdən yararlanmaq baxımından Tiflis üçün də faydalıdır. Cənubi Qafqazın bütövlüyünü qorumaq məqsədilə Tiflisin Bakı ilə hərbi əlaqələrinin etibarlı özüllər üzərində qurulması faydalıdır. Azərbaycan rəsmi şəkildə Fransa silahlarının Gürcüstan ərazisi vasitəsilə Ermənistana daşınmasını tənqid edərək, ona etirazını bildirib. Bakıda 3 ölkə müdafiə nazirlərinin toplantısı düşünürəm ki, baş verən belə neqativ halların qarşısını da alacaq. Ümumiyyətlə, belə görüşlər Cənubi Qafqazda sülh və asayişin qorunması baxımından böyük əhəmiyyət kəsb edir”. 

Qeyd edək ki, Bakıda Türkiyə, Gürcüstan və Azərbaycan müdafiə nazirlərinin toplantısı keçirilməlidir. Bu məqsədlə Türkiyənin müdafiə naziri Yaşar Gülər və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze artıq Bakıdadır. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->