Misirdə 2016-cı ildə öldürülən italiyalı tələbə Giulio Regeninin ailəsi İtalya hökumətini cinayət işinin açılması üçün Misir hökumətinə yetərli təzyiq göstərməməkdə ittiham edib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İtaliyanın ANSA xəbər agentliyi məlumat yayıb. Regeni ailəsi İtaliyanın Qahirədəki səfirinin yenidən vəzifəyə göndərilməsinin uğursuz addım olduğunu bildirib. Belə ki, İtaliyanın yeni səfiri Giampaolo Cantininin vəzifə səlahiyyətlərinin icrasına başlamasından aylar keçsə də hələ də cinayətlə bağlı heç bir irəliləyiş qeydə alınmayıb. Öldürülən tələbənin anası Paola Deffendi və atası Klaudio Regeni yeni səfirin cinayəti üstünün açılması yönündəki fəaliyyətinin uğursuz olduğunu bildiriblər.
"İşgəncə edən, öldürən və həqiqəti gizlədən bir ölkə ilə münasibətlərimizi normallaşdırmağımız mümkün deyil", - deyə ailənin vəkili Alessandra Ballerini La Republica-ya açıqlamasında deyib. O, bildirib ki, gec olmadan hadisə ilə bağlı videogörüntülər hər iki tərəflə də paylaşılmalı və ortaq istintaq iclası keçirilməlidir.
Qeyd edək ki, Kembric Universitetində təhsil alan və Misirdə işçi təşkilatları ilə bağlı araşdırma aparan italiyalı tələbə Giulio Regeni Misirdə "25 Yanvar İnqilabı"nın 5-ci ildönümündə itkin düşmüş və 2016-cı ilin fevral ayında onun cəsədi Qahirə-İsgəndəriyyə yolunun kənarında tapılmışdı.
Regeninin cəsədini görən İtaliyanın Qahirədəki o zamankı səfiri Maurizio Massari onun bədənində zərbə və yanıq izlərinin olduğunu açıqlamışdı.
G. Regeninin şübhəli ölümü və hadisənin üstünün açılmaması İtaliya-Misir əlaqələrinin pozulmasına səbəb olmuş, Misir Daxili İşlər Nazirliyi hadisə ilə bağlı araşdırmaların davam etdirildiyini bildirmişdi.
Misir rəsmilərinin cinayətin üstünün açılması üçün lazımi diqqəti göstərmədiyini iddia edən İtaliya hökuməti 2016-cı ilin aprelində Qahirədəki səfirini geri çağırmış, may ayında onun yerinə Giampaolo Cantinini təyin etmişdi. Lakin iki ölkə arasındakı münasibətlərin gərgin olması səbəbindən yeni səfir öz vəzifəsinin icrasına başlaya nilməmişdi. Ötən ilin avqust ayında Misir hökuməti Cantininin etimadnaməsinin qəbul edilə biləcəyini açıqlamış və İtaliya da yeni səfirini göndərəcəyini bildirmiş, bunun Regeni cinayətinin araşdırılmasında önəmli rol oynayacağı qeyd olunmuşdu.
Keçən ilin sentyabrında Regeni ailəsinin hüquqlarını müdafiə edən Misir Haqq və Azadlıq Komissiyası ölkənin təhlükəsizlik orqanlarını ofislərinə basqın təşkil etməkdə ittiham etmiş və rəsmi dairələrin onlara aid saytı bağlamaq istədiklərini açıqlamışdı.
Qeyd edək ki, Regeninin öldürülməsindən bu günə qədər İtaliyanın müxtəlif yerlərində "Giulio üçün həqiqət" sloqanları ilə aksiyalar keçirilir.
Çingiz
Şərhlər