Maqazin 17:29 26.03.2015

Müğənnilər toy qiymətlərini artırıblar?

Bir ay bundan öncə manatın ucuzlaşması ölkədə böyük narahatlıq yaratdı. Manatın devalvaziyası iqtisadiyyatın bütün sahələrinə öz təsirini göstərdi. Bəs görəsən, müğənnilər toy qiymətlərində hər hansı bir dəyişiklik ediblərmi?

Musavat.com-un əməkdaşı bu barədə bəzi müğənnilər arasında kiçik sorğu keçirib.

Müğənni Nadir Qafarzadə toy qiymətlərini hələ də Azərbaycan manatı ilə razılaşdığını deyib: “Əvvəllər  hansı qiymətlə işləyirdiksə, elə bu gün də həmin qayda ilə toylarımızı idarə edirik. Hamı kimi mən də toylara manatla gedirəm”.

Müğənni–bəstəkar Cabbar Musayev: “Bir vaxtlar toy qiymətləri barədə "kapriz"lərimiz olurdusa, indi əksinə, artıq kimin nəyə gücü çatırsa, o qiymətlə razılaşırıq.

Manatın devalvaziyası baş verəndə biz müğənnilər də çaş-baş qalmışdıq. Lakin gördüyünüz kimi, bacardığımız qədər bunun də öhdəsindən gələ bildik. Azərbaycan manatı hər birimiz üçün əzizdir. Toyları hələ də manatla razılaşırıq, qiymətlərdə heç bir dəyişiklik yoxdur.
Bir də ki, dollar və ya manat bizim üçün fərq etməz, təki toy olsun”.

Müğənni Nazənin toy qiymətlərində edilən dəyişiklikləri doğru hesab etmədiyini bildirib: “3-5 manat fərqə görə bizə yaraşmaz ki, xalqla pul söhbəti edək. Biz xalqla dolanırıq, olan toylar xalqımıza məxsusdur. Bu ölkənin vətəndaşı kimi biz də güzəştlərə getməyi bacarmalıyıq”.

Nüşabə Ələsgərli də həmkarlarının dedikləri ilə eyni fikirdə olduğunu bildirib: “Biz başqa dövlətdə yaşamırıq. İqtisadiyyatda baş verən çətinlikləri biz də anlayışla qəbul etməliyik. Xalqdan bu gün böyük məbləğ tələb etməyimiz doğru deyil. Çalışırıq ki, hər kəsin vəziyyətinə uyğun razılaşaq”. 

Əməkdar artist toy haqq-hesabında manatdan istifadə etdiyini bildirib.

Manaf Ağayev: “Bu xalq bizimdir, biz Azərbaycan toylarına getdiyimizi unutmamalıyıq...”

Müğənni Elza Seyidcahan da toy qiymətlərində dəyişiklik etmədiyini və bu barədə hələlik düşünmədiyini bildirib.

Qaynar.info