Orxan Saffari

Blogger
Yazılar
9
Müharibələrin yaxşı tərəfi

Müharibələrin yaxşı tərəfi

Orxan Saffari


Bəşər tarixi mövcud olandan baş vermiş və bundan sonra da baş verəcək bütün müharibələrin bircə yaxşı tərəfi var, hansı ki, bu tərəf elə məhz bəşəriyyətə xidmət edib, fayda verir və baş verdikcə də verəcək. Buna qətiyyən şübhəniz olmasın.

 

Əgər ağlınıza ədəbiyyat, sənət, incəsənət gəldisə, onda sizi ayaq üstə alqışlayıram.

 

Bəli. İstər müharibənin ortasında olsun, istərsə də bitəndən sonrakı incəsənət nümunələri insanlığın xilasıdır, qazancıdır. Bu, nə qədər ağrılı səslənsə də, belədir. Müharibədə qazanan "tərəf" ancaq və ancaq ədəbiyyatdır, incəsənətdir. Bu, təbii ki, sənət bilən, incəsənət sevən, ədəbiyyat dərk edən kəslər üçün belədir.

 

Məlumatlısınızsa, yadınıza salın. Dünyanın ən məşhur və yaxşı əsərlərin bir çoxu elə məhz müharibə ilə bağlı əsərlərdir. Səbəblər də məlum, bilirsiniz.

 

Dünya ədəbiyyatını bir qırağa qoyub, Azərbaycan ədəbiyyatında da baxsaq, müharibə, ümumi olaraq Qarabağ hadisələri, Qarabağ haqqında kifayət qədər yaxşı əsərlərin olduğunu görərik. Onların da çoxu bizə məlumdur, tutarlı əsərlərdir. Mən onlarla belə əsər sadalaya bilərəm, hansı ki, bu əsərlər bəziləri tək Qarabağla, bəziləri orada baş verən hadisələrlə, ermənilərin etdikləri və s. ilə bağlıdır.

 

Mirzə Fətəli Axundzadənin, Cəlil Məmmədquluzadənin, Əhməd bəy Ağaoğlunun, Məmməd Səid Ordubadinin, Mirzə Ələkbər Sabirin və sairə bir çox ziyalılarımızın əsərlərində, şeirlərində bu mövzular, daha dəqiq desək, ermənilərin törətdiyi vəhşiliklər ustalıqla göstərilib. Sovet dövrü zamanı bu hadisələr nə qədər ört-basdır olunmağa çalışılsa da, tarix heç nəyi unutmadı. Günü bu gün də bu əsərləri oxuyaraq hadisələrə bir daha orda olmuş kimi şahid ola bilərik.

 

O cümlədən müasir ədəbiyyat nümunələri də vardır bu mövzularda. Elçin Hüseynbəylinin "Əsirlər", Sabir Əhmədlinin "Ömür urası", Elçinin "Bayraqdar", "Qarabağ şikəstəsi", Əlibala Hacızadənin "Möcüzə", Aqil Abbasın "Dolu", Mövlud Süleymanlının "Erməni adındakı hərflər", Hüseynbala Mirələmovun "Xəcalət", Şərif Ağayarın "Haramı" və sairə və ilaxır sadalamadığmız bir çox əsərlər vardır. Qeyd etdiyim kimi, hər biri Qarabağ problemlərindən, müharibədən bəhs edir. Bunların yazılmağının digər bir yaxşı tərəfi isə həm də tarix olmasıdır, tarixin unudulmaması, ötürülməsidir.

 

Söz sözü çəkər, yaxşı əsər hər şeyi. Keçən dəfə televiyada işğaldan yenicə azad olunmuş Cəbrayıl rayonunda bir ərazidən video görüntü paylaşılmışdı. Sonda isə bir reportaj getdi. Videoda görsənən bir evin sahibi öz həyətini, evini görən kimi tanıyıbmış.

 

Evin sadəcə bünövrəsi yerindədir və sən 27 il sonra evini azad olmuş şəkildə dağınıq da olsa televiziyadan görürsən. Ürək lazımdı dözməyə, ürək. İlahi, bəs, bundan böyük ədəbiyyatmı var?! Yadıma Sabir Əhmədlinin "Ömür urası" romanı düşdü. Romanın əsas obrazı Cəbrayıla, müharibədən əvvəl tikdirdiyi evinin ziyarətə gedib doğma rayonuna qayıdanda kəndi tamamilə dağıdılmış vəziyyətdə görür. Ermənilər kənddə qalan bütün evləri yandırıb dağıtmışdılar.

 

Bir erməni əsgərinin verdiyi müsahibədə dediyi bu sözlər də yadıma bir əsəri saldı.

 

"Azərbaycanlılar robot kimidir. Qaçmırlar. Birini vururuq, o biri gəlir".

 

Təbii ki, erməni bizə hələ də bələd deyil.

 

Elçin Mehrəliyevin "90-cı illər romanı"nda belə bir hissə var.

Əsərdəki obrazlar Qəmzə Abbas qızı, onun oğlu Sarı Məhəmməd, gəlini Zəriş, Mətləb müəllim, Kamal, Hüsnübanudan ibarətdir.

 

Ermənilərin hücumu zamanı həlak olan ailədir. Müəllif bu romanda düşmənin basqını zamanı ailənin göstərdiyi dirənişi, qəhrəmanlığı təsvir edib. Qəmzə Abbas qızının tüfəngdə olan son güllə ilə düşməni öldürməsi və ələ keçməmək üçün özünü öldürməsi bir Azərbaycan qadınının, ümumilikdə azərbaycanlı obrazıdır. Eləcə də Kamalın erməniyə əliyalın hücum etməsi, onlardan birini öldürməsi də Azərbaycan kişisinin mərdliyini, qürurunu göstərir. Digər bildiyimiz əsərlərdə göstərildiyi və olduğu kimi bu romanda da erməni naqisliyi görünür. Ailənin yaxın qonşusu erməni Samvel öz vicdansızlığını burada da göstərir. Kamalın gözlərini çıxartması, qulaqlarını kəsməsi, ən sonda isə başını bədənindən ayırması düşmənin kim olduğunu çatdırır. Bundan sonra da baş verən digər hadisələr də sadalağımız hər şeyi ortaya qoyur.

 

Bu cür əsərlər yüzlərlədir. Təbii ki, bu da normaldır. 30 ildir ki, eyni məsələlər, eyni proseslər, ağrı, acı, dəhşət və daha nələr. Burada ədəbiyyat yaranmasın da, nə etsin?!

 

Dünya ədəbiyyatında da müharibə mövzusunda yazılmış əsərlər də həm müharibə dövründə, həm də müharibədən sonra yaranmış nümunələrdir. Bir çoxları da dünyaca məşhur əsərlər.

 

Bunlardan özümün ən son oxuduqlarım arasında Mixail Şoloxovun "İnsan taleyi" əsəri var ki, bu əsər real həyatda baş verib. 1946-ci ildə təsadüfən rastlaşdığı bir döyüşçü ona öz həyat hekayəsini danışır, yazıçı da onu ustalıqla qələmə alır.

 

Digər bir oxuduğum əsər isə Konstantin Simonovun "Dirilər və ölülər" əsəridir. Müəllif bu əsərdə özünün Berlinə qədər keçdiyi döyüş yolunu yazıb.

 

Dediyim kimi, yüzlərlə bu cür əsər sadalamaq olar.

 

Erix Mariya Remarkın "Qərb cəbhəsində yenilik yoxdur", "Üç yoldaş" əsərləri, Anna"Frankın "Anna Frankın gündəlikləri", Henrix Bölün "Qatar vaxtında gəldi", Markus Zusakın "Kitab oğrusu", Sven Hasselin "Cəbhə yoldaşları" və s. kimi əsərlərini misal gətirə bilərik.

OXŞAR XƏBƏRLƏR