Xəbər lenti

Müharibə həyəcanı: Avropanın hansı ölkələrində məcburi və ya könüllü hərbi xidmət var?
Dünya 20:02 08.12.2025

Müharibə həyəcanı: Avropanın hansı ölkələrində məcburi və ya könüllü hərbi xidmət var?

Avropada artan təhlükələr fonunda ölkələr yenidən böyük ordular formalaşdırmağa yönəlir: həm məcburi hərbi xidmət geri qayıdır, həm də könüllü proqramlar sürətlə genişlənir. 

Qaynarinfo xəbər verir ki, Avropanın təhlükəsizlik balansı yenidən sarsılırkən qitənin hərbi xidmətə yanaşması da dəyişir. Soyuq müharibə dövrünün geniş məcburi ordu modellərindən uzaqlaşan bir çox ölkə, 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsi ilə birlikdə milli xidmət sistemlərini yenidən müzakirə etməyə başlayıb. Həm NATO, həm də Avropa İttifaqına üzv ölkələr yeni təhlükə qiymətləndirmələrinə uyğun olaraq modellərini yeniləyirlər.

NATO-nun hərbi xidmət xəritəsi

BBC-nin hazırladığı xəritəyə görə, NATO-nun Avropadakı 30 üzvü arasında məcburi hərbi xidməti saxlayan ölkələrin sayı hələ də əhəmiyyətlidir. Bu ölkələrin bir qismi peşəkar ordunu saxlayır, digərləri isə məcburi xidməti əsas təhlükəsizlik elementi hesab edir.

Hansı NATO ölkələri məcburi hərbi xidmət tətbiq edir?

Avropada bu doqquz NATO ölkəsində məcburi hərbi xidmət mövcuddur: Danimarka, Estoniya, Finlandiya, Yunanıstan, Latviya, Litva, Norveç, İsveç və Türkiyə.

Hər ölkə öz coğrafi risklərinə və hərbi imkanlarına görə fərqli müddətlərdə xidmət tətbiq edir.

Türkiyə: NATO-nun ən böyük ordularından biri

Türkiyə, ABŞ-dan sonra NATO-nun ən böyük ordularından birinə sahibdir. Kişilər üçün məcburi hərbi xidmət 6–12 ay arasında dəyişir. Artan regional gərginlik səbəbilə Türkiyənin sistemi hələ də güclü və geniş miqyaslıdır.

Skandinaviya modeli: Qadın və kişi üçün bərabər məcburi xidmət

Norveçdə həm kişilər, həm də qadınlar təxminən 12 ay hərbi xidmət edir. Bu xüsusiyyətinə görə Norveç məcburi xidmətdə cinsiyyət bərabərliyini tətbiq edən nadir ölkələrdəndir. Finlandiya, Estoniya və İsveç də geniş qapsamlı xidmət modelləri ilə seçilir.

Məcburi hərbi xidməti geri qaytarmağa hazırlaşan Xorvatiya

Xorvatiya gələn ildən məcburi xidmətə yenidən başlamağı planlaşdırır. 19–29 yaş arası kişilər iki aylıq əsas hərbi hazırlıq keçəcək. Bu qərar Balkanlarda hərbi fəallığın yenidən artdığının göstəricisi hesab olunur.

Peşəkar orduya güvənən NATO ölkələri

Fransa, Almaniya və Böyük Britaniya kimi böyük hərbi güclər peşəkar ordu sistemini davam etdirir. Böyük Britaniya NATO daxilində unikal tətbiqə malikdir: 16 yaşlılar valideyn icazəsilə orduya qoşula bilirlər.

Albaniya, Monteneqro, Portuqaliya və İspaniya da tam peşəkar orduya sahibdir.

Sahil Mühafizəsinə etibar edən İslandiya

İslandiyanın daimi ordusu yoxdur. Müdafiə və təhlükəsizlik vəzifələrini Sahil Mühafizəsi yerinə yetirir və bu quruluş NATO daxilində ən qeyri-adi müdafiə modellərindən biridir.

Könüllü hərbi xidmətdə yeni istiqamət: Belçika

Belçika 17 yaşlı gənclərə göndərdiyi dəvət məktubu ilə könüllü milli xidmət proqramını elan edib. Ayda təxminən 2.000 avro ödəniş təklif olunan proqramla ehtiyat əsgərlərin sayı 6.000-dən 20.000-ə yüksəldiləcək. Bu model Avropada gəncləri yenidən ordulara cəlb etməyin yeni strategiyası kimi qəbul edilir.

Niderland və Polşa: Könüllülük əsasında hazırlıq

Niderland 2023-cü ildə könüllü hərbi xidmət sistemini tətbiq etməyə başlayıb. Polşa isə 2024-cü ildə bir aylıq könüllü əsas hərbi hazırlıq proqramı təqdim edib. Baş nazir Donald Tuskun açıqlamasına görə ölkə ehtiyat qüvvələrlə birlikdə yarım milyonluq orduya sahib olmağı hədəfləyir.

Balkanlardan yeni könüllü xidmət modelləri

Bolqarıstan 40 yaşa qədər olan vətəndaşlar üçün altı aylıq könüllü hərbi xidmət tətbiq edib. Rumıniya isə gələn il dörd aylıq könüllü xidmətlə ordu potensialını artırmağı planlaşdırır.

Almaniya: Avropanın ən güclü ordusunu qurma planı

Almaniya 2011-ci ildə ləğv etdiyi məcburi hərbi xidmət sistemini yenidən müzakirəyə çıxarıb. Parlament hərbi xidmətin könüllülük əsasında başlanmasını təsdiqləyib, lakin təhlükəsizlik şəraiti pisləşərsə sistem yenidən məcburi ola bilər.

2035-ci ilə qədər aktiv şəxsi heyətin 183 mindən 260 minə yüksəldilməsi, əlavə olaraq 200 min ehtiyat yaradılması planlaşdırılır.

Yeni plan ölkədə geniş müzakirələrə səbəb olub. 90 şəhərdə tələbələr küçələrə çıxaraq məktəb tətili aksiyasına qatılıb. "Top yemi olmayın” şüarları ilə keçirilən etirazlar xüsusilə 18–29 yaş qrupunda narazılığın 63% səviyyəsində olduğunu göstərir.

Avstriya, İrlandiya və Malta

Avstriyada 18–35 yaş arası kişilər üçün məcburi hərbi xidmət hələ də qüvvədədir; xidmət təxminən 6 ay davam edir. İrlandiya və Malta isə peşəkar ordu modelinə güvənir.

İsveçrə: Avropanın ən sərt sistemlərindən biri

Aİ üzvü olmayan İsveçrədə 18–30 yaş arası kişilər üçün hərbi xidmət, mülki müdafiə və ya alternativ xidmət məcburidir. Ötən həftə keçirilən referendumda qadınlara da milli xidmət öhdəliyinin tətbiqi təklifi böyük fərqlə rədd edilib. İsveçrənin mövqeyi qitədəki hərbi xidmət müzakirələrində diqqətlə izlənir.

Son məlumatlara görə bəzi ölkələrdə şəxsi heyət sayı:

– Türkiyə: 890.700
– Almaniya: 233.550
– Fransa: 474.750
– Belçika: 31.400
– Birləşmiş Krallıq: 215.050
– Danimarka: 58.500
– İsveç: 50.950

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->