Hüseynbala Səlimov
Siyasət 09:50 01.08.2022

Müharibə tamam bitməyənədək...

Rusiya İkinci Qarabağ savaşında da bizə müharibəni tam bitirmək imkanı vermədi. Müharibə bitməyəndə, başa çatmayanda isə daim onu yenidən başlanmaq zərurəti olur, xüsusən də revanşistlərin əlinə fürsət düşür.

Odur ki, biz indi Ermənistandan ən qəribə hərəkətlər müşahidə etməkdəyik. Nikol Paşinyan gah sülhdən dəm vurur, guya ki, bu vaxta qədər qəbul olunmuş razılaşmaları yerinə yetirməyə hazır olduğunu bildirir, gah da Dağlıq Qarabağ separatistlərindən militarist çağırışlar eşidilir.
Əvvəlcə onu deyək ki, Ermənistanda revanşistlər heç nə edə bilmədilər, onların Paşinyan hakimiyyətini devirmək cəhdləri alınmadı - Koçaryan və Sarqsyan ciddi etiraz aksiyaları təşkil edə bilmədilər. 

Bu həm də onu deməyə əsas verir ki, Nikol Paşinyan üçün də daha bəhanə yeri qalmayıb. Amma bunlara baxmayaraq, əsl sülh alınmır ki, alınmır. Səbəblər çoxdur. Birincisi, ən azı tezliklə əsl sülhün alınması Kremlin planlarına daxil deyil. Moskva Dağlıq Qarabağdakı rıçaqlarından belə tezliklə imtina etmək fikrində deyil. Unutmaq lazım deyil ki, Cənubi Qafqazda Rusiyanı saxlayan əsas amillər Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağ münaqişələridir. Nə qədər ki, bu münaqişələr var, Rusiya Qafqazda qalacaq.

Biz işğal olunmuş rayonlarımızın böyük hissəsini azad edəndən sonra çox adamda belə təsəvvür yarandı ki, artıq bitdi və biz prosesi tamamilə udduq. Amma bu, bir az tələsik nəticə idi. Əslində, Rusiya əzəldən həmin rayonların azad olunmasına razı idi. 

Ən azı ona görə ki, Azərbaycan da Rusiyaya təzyiq edir və onun Cənubi Qafqazda geosiyasi maraqlarını nəzərə almasının müqabilində Qarabağ prosesində güzəşt tələb edirdi. Rusiyanın özünün bu prosesdə ən böyük və irəli tələbi Dağlıq Qarabağda öz sülhməramlılarını yerləşdirmək idi və buna da nail oldu. Tərəflər arasındakı razılaşdırmaya görə, onlardan birinin etirazı olarsa, o halda Moskva sülhməramlılarını bölgədən çıxaracaq. Amma bunun asan baş verəcəyini düşünmək sadəlövhlük olardı. Ermənistan heç bir halda rus sülhməramlılarına qarşı olmaycaq. Qərb, xüsusən də ABŞ və Fransa ona isti münasibət göstərsə də, ən azı yaxın perspektivdə o Rusiyanı bu ölkələrlə əvəz etməyə cəhd etməz.
O ki qaldı Azərbaycana, burada vəziyyət daha mürəkkəbdir. Əlbəttə, Bakı istər ki, rus sülhməramlıları bölgəni tez tərk etsinlər. Amma o, bunu reallaşdırmaq istəyəndə Rusiya daha bir anti-Azərbaycan senarisinə start verə bilər və bu, Rusiyanın əlində asan bir işdir. Sözsüz ki, regionda Türkiyə də var, hansının ki, bölgədə rolu və eləcə də Rusiya üçün önəmi günbəgün artır. Amma rusların belə bir məsəli var ki, drujba drujboy, a slujba slujboy...

Rusiyanın ehtiyat etdiyi başqa məqamlar da var. Birincisi, Moskva Bakı ilə İrəvanın ikilikdə bir araya gələcəyindən ehtiyat edir və bu səbəbdən də arabir Paşinyana təzyir edir ki, o, xam xəyallara düşməsin. 

İkincisi, indi Ukrayna ilə çox gərgin müharibə gedir və bunun necə bitəcəyi hələ məlum deyil. 

Odur, bir daha qeyd edirik ki, tez bir zamanda Dağlıq Qarabağda sülhün tamam bərqərar olması rusların planlarına daxil deyil...

Hüseynbala Səlimov