Ədaləti bərpa edən liderin dünyaya söylədiyi nitq!
Prezident İlham Əliyevin BMT tribunasından çıxışını bu ifadə ilə qiymətləndirmək olar. Dövlət başçısının ali orqanın tribunasından birbaşa çıxışı üç dəfə - 2004, 2010 və 2017-ci illərdə baş verib. Bununla yanaşı, BMT-nin müxtəlif iclaslarında iştirak zamanı çıxışlar edib. Bütün çıxışlarının ana xəttində bir məsələ var idi: Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı və BMT-nin işğala son qoyulması ilə bağlı qəbul etdiyi məlum 4 qətnaməsinin icra edilməməsi.
Azərbaycan lideri yorulmadan, usanmadan beynəlxalq müstəvidə işğal faktını gündəmə gətirir, lakin nə BMT qətnamələri icra edilir, nə də beynəlxalq hüquq təmin edilirdi. Prezident İlham Əliyev BMT-də işğal faktından sonuncu dəfə 2020-ci ilin 21 sentyabrında – qurumun 75 illiyinə həsr edilmiş video formatda keçirilən Yüksək Səviyyəli İclasında bəhs etdi. Bu çıxış həm də həmin vaxt "yeni müharibə yeni ərazilər” prinsipi ilə regionda gərginlik yaradan Ermənistanla bağlı beynəlxalq ictimaiyyətə xəbərdarlıq idi. Əliyev BMT tribunasından baş verəcəklərə görə məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü, bu məsuliyyətdə işğal faktına göz yuman beynəlxalq ictimaiyyətin də payının olduğu mesajını verdi. Və cəmi 6 gün sonra – 27 sentyabr 2020-ci il tarixində Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, özünümüdafiə hüququndan istifadə etməyə məcbur oldu.
Ermənistanın təxribatlarına qarşı əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu cəmi 44 gün ərzində torpaqlarımızda 30 ilə yaxın davam edən işğala son qoydu. Bu, BMT-nin icra edilməyən 4 qətnaməsinin və beynəlxalq hüququn - ədalətin Azərbaycan tərəfindən təmin edilməsi idi. 2020-ci ilə qədər BMT tribunasından işğala son qoyulması çağırışları edən Prezident İlham Əliyev 25 sentyabr 2025-ci il tarixində o tribunaya ədaləti bərpa edən lider kimi çıxdı və dünyaya xitab etdi: Son illərdə əldə etdiyimiz nailiyyətlər yalnız Azərbaycanın qələbəsi və uğuru deyil, bu, həm də beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin sübutudur.
İlham Əliyev BMT tribunasından təkcə Azərbaycan Prezidenti kimi yox, həm də beynəlxalq hüququ təmin edən, dünyaya ədalətin sonda zəfər çaldığı inamını qaytaran lider kimi mesajlar verdi. Onun ilk sözləri - "Uzun illər ərzində mən bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu gün isə qələbəyə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam” – hər şey ifadə edirdi:
- Beynəlxalq ictimaiyyətin işğala məruz qalan Azərbaycana qarşı ədalətsizliyi;
- Azərbaycana ədalətsiz münasibətin timsalında beynəlxalq hüququn aşınması;
- Və bu ədalətsizliyə Azərbaycanın özünün son qoyması, beynəlxalq hüququ təmin etməsi;
Prezidentin BMT tribunasından çıxışı 2020-ci ilə qədər işğala son qoyulması ilə bağlı bütün çağırışlarının beynəlxalq ictimaiyyət tərəfindən eşidilməyən Azərbaycanın kürsüyə qalib dövlət kimi qayıdış təqvimi idi. Dünya tarixinə bu təqvimi yazan İlham Əliyevin verdiyi mesajların hər birinin böyük əhəmiyyətə malikdir, xüsusilə dünyanın keçmiş səhvlərdən dərs çıxarması və gələcəyinin necə qurulması baxımından.
BMT və Minsk qrupu: Əliyev nəyə diqqət çəkdi?
Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən işğal siyasətindən danışan Prezident İlham Əliyev iki təşkilatın – BMT və ATƏT-in Minsk qrupunun adını çəkdi. Bəyan etdi ki, BMT Təhlükəsizlik Şurası qətnamələr qəbul etsə də, heç biri icra edilmədi. Nəticədə heç bir sanksiyaya məruz qalmayan Ermənistan qətnamələrə üçün qətnamələrə nümayişkaranə şəkildə məhəl qoymadı. Dövlət başçısı əlavə etdi ki, 1992-ci ildə münaqişənin həlli üçün təsis edilmiş ATƏT-in Minsk qrupu isə öz missiyasını yerinə yetirə bilmədi. Onun həmsədrləri beynəlxalq hüququn norma və prinsiplərini təmin etmək əvəzinə, status-kvonu qoruyub saxlamağa və münaqişənin dondurulmasına çalışdılar.
Bu, Azərbaycana qarşı davam edən işğala görə təkcə işğalçının yox, həm də BMT-nin - onun timsalında beynəlxalq ictimaiyyətin, Minsk qrupunun – onun timsalında münaqişənin həllindən məsul olanların məsuliyyət daşıdığının mesajı idi.
Dünya 44 gündə nələr baş verdiyini öyrəndi
Prezident qeyd etdi ki, otuz ilə yaxın müddətdə davam edən səmərəsiz danışıqlardan sonra 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə etməyə məcbur oldu. Və 44 gündə nələr baş verdiyini konkret tezislərlə beynəlxalq ictimaiyyətə çatdırdı.
- Ermənistan Azərbaycanın şəhər və kəndlərini ballistik raketlər və kasetli mərmilərlə bombaladı, 100-dən çox günahsız mülki vətəndaş qətlə yetirildi;
- Müharibə cinayəti törədən Ermənistandan fərqli olaraq, Azərbaycan müharibəni beynəlxalq humanitar hüquqa riayət etməklə apardı: mülki şəxslərin mühafizəsi təmin edildi, qeyri-hərbi infrastruktur hədəf olaraq seçilmədi;
- Azərbaycan ordusu 44 gün ərzində işğala son qoydu və ərazi bütövlüyümüz beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bərpa edildi;
İlham Əliyev bununla kürsüsündən xitab etdiyi BMT-nin qərarlarının Azərbaycan tərəfindən icra edildiyinə diqqət çəkdi. Ən mühüm məqamlardan biri isə dövlət başçısının 44 günlük Vətən müharibəsinin məhz Ermənistanın kapitulyasiyası ilə başa çatdığını vurğulaması, bununla Azərbaycanın XXI əsrin yeganə qalib ölkə olduğu mesajını verməsi idi.
Müharibənin qalibi olan Azərbaycanın sülh təşəbbüsləri
Prezident çıxışında müharibədən sonra başlanan sülh danışıqlarının əsas təşəbbüskarının məhz Azərbaycan olduğunu vurğuladı. Əliyevin sülh danışıqları və əldə olunan nəticələr haqda dedikləri özündə bir sıra mesajları ehtiva edir.
Birincisi, Azərbaycan müharibədə qalib gəlsə də, regionda davamlı sülhün əsas təşəbbüskarıdır: bütün baş verənlərə - torpaqlarımızın işğalına, törədilən cinayətlərə rəğmən Ermənistanla münasibətlərdə yeni səhifə açmaqda maraqlı olan, bu məqsədlə sülh müqaviləsini təqdim edən və aparılan danışıqlar prosesinin müəllifi də Azərbaycandır;
İkincisi, "müxtəlif təxribatlara baxmayaraq, danışıqlar yalnız ikitərəfli əsasda aparıldığına, hər hansı bir kənar müdaxilə olmadığına görə müsbət nəticələr verdi”: bu, sülhün əldə olunmasından üçüncü tərəflərin özlərinə pay çıxarmaq cəhdlərinə beynəlxalq ictimaiyyətin önündə verilən cavab kimi qiymətləndirilə bilər; danışıqlarda ikitərəfli formatın da müəllifinin rəsmi Bakı olduğunu nəzərə alsaq, burada "regiona qayıdan sülhün memarı Azərbaycandır” mesajı aydın oxunur;
Üçüncüsü, dövlət başçısı Vaşinqton anlaşmalarını təqdim edərək, ABŞ prezidenti Donald Trampa səylərinə görə təşəkkür etdi: bu, sülh sazişinin paraflanması və digər razılaşmaların qarantının ABŞ olduğu mesajının Ermənistana və Bakı-İrəvan xəttindəki anlaşmaları pozmağa cəhd edən, yaxud edəcək qüvvələrə xəbərdarlıq hesab oluna bilər;
Dördüncüsü, Azərbaycan və Ermənistanın ATƏT-in Minsk qrupunun bağlanması üçün birgə müraciətinə toxunan dövlət başçısı bununla həll edilmiş Qarabağ münaqişəsinin beynəlxalq müstəvidə də qüvvədən düşdüyü reallığını çatdırdı;
Beşincisi, Zəngəzur dəhlizi mesajıdır: dövlət başçısı bildirdi ki, "Vaşinqton Sammitinin mühüm nəticələrindən biri də Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək və regional bağlantıları möhkəmləndirəcək "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”dur (TRIPP). Diqqətçəkəndir ki, İlham Əliyev Zəngəzur dəhlizindən TRİPP layihəsinin tərkib hissəsi kimi bəhs edir və bu, təsadüfi deyil. Çünki Ermənistan Zəngəzur dəhlizi ifadəsinə qarşıdır və bu ifadənin dilə gətirilməsinin Vaşinqton anlaşmasına zidd olduğunu iddia edir, halbuki, "Tramp marşrutu”nun məhz Zəngəzur dəhlizi olduğu sirr deyil. Əliyev buna qarşı özünəməxsus gedir edir: dəhlizi TRİPP layihəsinin tərkib hissəsi kimi təqdim etməklə Zəngəzur dəhlizi ifadəsinə Vaşinqtonun yanaşmasını loyallaşdırır və bunu BMT tribunasından deməklə dəhlizi beynəlxalq ictimaiyyətin leksikonunda populyarlaşdırır. Artıq TRİPP-dən bəhs edərkən, Zəngəzur dəhlizi ifadəsi də geniş şəkildə istifadə oluna bilər.
Nyu-Yorkda ABŞ mesajı
Prezident İlham Əliyev çıxışında Vaşinqton Sammitində Bakı və Vaşinqton arasında əldə olunan razılaşmalara - Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında iki hökumət arasında Anlaşma Memorandumunun imzalanması, bunun siyasi, iqtisadi, enerji, regional bağlantılar, müdafiə, təhlükəsizlik və digər sahələrdə tərəfdaşlıq üçün yeni üfüqlər açması – xüsusilə diqqət çəkdi, Azərbaycan-ABŞ münasibətlərində yeni səhifənin açıldığını bəyan etdi.
Bu, dövlət başçısının təkcə Nyu-Yorkda çıxış etməsindən qaynaqlanmırdı, həm də daha öncə Bakı-Vaşinqton xəttində çatların yaradılmasına çalışan lobbi qruplarına Azərbaycan-ABŞ münasibətlərinin bərpa edildiyi mesajının verilməsi məqsədi daşıyırdı. Prezidentin ən mühüm mesajlarından biri isə Trampın icrasını dayandırdığı 907-ci düzəlişin ABŞ Konqresi tərəfindən birdəfəlik ləğvinin zərurəti haqda dedikləri idi.
"ABŞ Konqresinin 907-ci düzəlişi birdəfəlik ləğv etməsi ikili standartların mirasına son qoymaqla, Azərbaycanın qlobal təhlükəsizlik və sabitliyə töhfə verdiyi bir dövrdə etimad və əməkdaşlığı möhkəmləndirərdi”, - dövlət başçısı BMT kürsüsündən elan etdi.
"Böyük Qayıdış”, mina təhlükəsi və itkinlər
Bu, Prezident İlham Əliyev BMT tribunasında diqqət çəkdiyi əsas məsələlərdən idi və konkret hədəflərə hesablanıb.
- "Böyük Qayıdış” proqramını açıqlayan Əliyev azad olunmuş ərazilərə həyatın qayıtdığı mesajını verir, eyni zamanda, Ermənistanın işğal siyasətinin yerlə-yeksan etdiyi yüzlərlə şəhər və kəndin bərpası prosesini Azərbaycanın öz hesabına həyata keçirdiyinə diqqət çəkir;
- Mina təhlükəsinin yaratdığı humanitar problemi vurğulamaqla bu təhlükəyə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin dəstək verməsinin zəruriliyini gündəmə gətirir;
- Birinci Qarabağ müharibəsində Ermənistanın təcavüzü və işğalı zamanı itkin düşmüş dörd minə yaxın azərbaycanlının taleyini dünyanın diqqətinə çatdırır, onların tapılması tələbini irəli sürür: bundan sonra Azərbaycanın Ermənistan qarşısında əsas tələblərindən biri itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirilməsi olacaq;
Azərbaycan lideri çıxışı zamanı qlobal çağırışlarla bağlı da mühüm mesajlar verdi. Və çıxışının sonunda dünyaya yeni təkliflər və çağırışlar etdi.
- Azərbaycan torpaqlarındakı işğala son qoyması, müharibəni və sülhü qazanması təcrübəsini bölüşməyə hazırdır;
- Beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri əsas götürülməlidir;
- Yeganə xilas yolu: birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq;
İlham Əliyevin BMT-dəki çıxışı qalib liderin kürsüyə möhtəşəm dönüşü idi!
/Publika.az
Şərhlər