Azərbaycanla Ermənistan, eləcə Türkiyəylə Ermənistan arasında yaxınlaşma prosesi kifayət qədər intensiv tempdə gedir. Əlbəttə, məsələnin ən dürüstünü bilavasitə prosesin içində olan siyasətçilər və diplomatlar bilir, biz siyasi təhlilçilər çox hallarda zahiri detalların əsasında mühakimə yürüdür, qənaət hasil etməyə çalışırıq. Amma siyasi təhlilçilərin də sınanmış üsulları var: müxtəlif mənbələrdən daxil olan informasiyaları tutuşdurmaq, birinci şəxslərin və diplomatların çıxışlarını, bəyanatlarını və açıqlamalarını ciddi şəkildə analiz etmək.
Bir sözlə, proses gedir. Erməni baş naziri, onun kabinetinin üzvləri də, insafən, çalışmaqda davam edirlər. Əlbəttə, heç kim prosesin necə bitəcəyini doğru-dürüst bilmir: Paşinyan onu sonadək apara biləcəkmi? Əsas da ən birinci "siyasi aktor”un - Ermənistan cəmiyyətinin mövqeyi dəqiq bilinmir, yalnız dolayı əlamətlər əsasında nəsə demək mümkündür.
Birincisi, çox atılıb-düşsələr də, nəinki "revanşist Kreml tulaları”, hətta erməni kilsəsi bir şey edə biməyib, hələlik Paşinyan onları üstələməkdə və neytrallaşdırmaqdadır.
İkincisi, Ermənistan cəmiyyətinin bir daha deyirik ki, əsl mövqeyini kimsə düzgün-dürüst bilmir: Bəli, müxtəlif sorğular var, o cümlədən də amerikalıların apardıqları. Di gəl, sorğu hələ yüz faizlik həqiqət demək deyil. Sözsüz ki, erməni cəmiyyətinin əsl məramı seçkilərdə bilinəcək. İndi əsas odur, "revanşist Kreml tulaları”, keşişlər nə qədər qızışdırmağa çalışsalar da, Ermənistan cəmiyyətinin hələ Paşinyana qarşı üsyan etmək fikri yoxdur və bu, hazırki dövr üçün ən böyük nəticədir: Görək, gələcəkdə nə olur, hər halda, çox qalmayıb.
Bir daha deyirik ki, Paşinyan da həqiqətən çalışır. Bütün hallarda, Ermənistan formal müstəqillik qazanandan adam ilk, az-çox, realist və praqmatik düşüncəli (və yaxud da buna məcbur olan!) erməni siyasətçisi təsiri bağışlayır.
Doğrusu, bir ara hamı Levon Ter-Petrosyan haqqında belə düşünürdü, amma doğrulmadı, məlum oldu ki, adam o vaxt da, indi də Kremlə qarşı çıxmağa qorxur: Yəqin ona görə ki, "dosyesi” Moskvadadır. Həm də son çıxışlarından məlum olur ki, "qoca daşnak”mış bu adam.
Bir məsələni dəfələrlə yazmışıq və indi bir daha qeyd edək ki, Levon Ter-Petrosyan vaxtilə "erməni milli hərəkatı”nın lideri olmuşdu və istəsəydi vaxtında onu az da olsa, düzgün istiqamətə yönəldərdi, amma tərsini etdi, onu Kremlin tuşladığı, Kremlə sərf edən istiqamətə apardı və nəticədə də Pribaltikada olan kimi Qafqaz respublikaları arasında siyasi sinxronluq yaranmadı.
Təsəvvür edin, indi bizim ləğv etdirmək istədiyimiz bütün maddələr, sənədlər bilavasitə onun vaxtında, onun iştirakı ilə qəbul olunmuşdu. Yaddaşım aldatmırsa, o, Ermənistan Ali Sovetinin sədri də olmuşdu. Azərbaycan əraziləri onun vaxtında işğal olunmuşdu, azərbaycanlılara qarşı cinayətlərin hamısı onun vaxtında törədilmişdi. Onda Koçaryanlar, Sərkisyanlar hələ oyuncaq tulalar idi...
Bilirsiniz, siyasətçi kütləni uzağı idarə olunan səviyyəyə qədər "qızışdıra” bilər. Kütlə idarəolunmaz səviyyəyə gəlirsə və nəzarətdən çıxırsa, bunun siyasətçi, eləcə də kütlənin özü üçün nə faydası olar? Axı əsl siyasətçilər kütlənin bütün dediklərinə "hə” söyləyən, onun araxsınca sürünənlər yox, əksinə kütləni öz arxasınca aparanlardır.
Çox təəssüf ki, vaxtilə bütün Cənubi Qafqazda, hətta bizim Azərbaycanımızda da (xoşbəsxtlikdən çox çəkmədi!) qismən də olsa, bu problem yaşandı. Yadınıza gəlirmi rəhmətlik Aydın Məmmədovun məşhur sözləri: "İnsanları "siyasi narkoman” edib buraxmışıq küçələrə!”. Bu sözlərdə həqiqət var idi və şəxsən bir sıravi keçmiş hərəkatçı kimi mən hələ də düşünürəm: Görən, bunlar eyni mərkəzdən idarə olunmurdu ki?..
Nə isə. Artıq siyasi tarixin predmetidir bu. Gələk ikinci məsələyə. İnsafən, Tramp da Azərbaycanla münasibətləri istiləşdriməyə çalışır. Zəngəzur dəhlizinin onun adı ilə bağlanması, hətta hallanması çox yaxşıdır, qoy, belə olsun, bizim maraqlarımıza cavab verir bu - Kremlin qabağına Trampı itələməyib, başqa kimi itələyəcəyik?
Həm də yenə də bildiyimizə görə, proses gedir, hətta texniki detallar razılaşdırılır. Əlbəttə, bir daha deyirik ki, təfərrüatlarını bilavasitə prosesin içində olanlar bilir, biz təhlilçilərsə daha çox təxminlərimizi bölüşürük.
Nəhayət, məsələnin məğzi: Niyə sizi bunlarla yoruram? Ötən həftə məlum oldu ki, bəzi ermənipərəst ABŞ konqresmenləri Azərbaycan əleyhinə düzəlişlər qəbul etməyə çalışıb. Sual olunur: Əcəba, onların bu canfəşanlığı indi kimə lazımdır? Ermənilərə, xüsusən də onların hökumətinə, Paşinyana lazımdırmı bu, ən azı indiki məqamda? Sözün lap klassik mənasında "ayı xidməti” deyilmi bu? İndi Ermənistana qarşı da təhlükə nə Azərbaycandan, nə Türkiyədən yox, birbaşa Moskvadan gəlir. Yaxşı olmazmı ki, ABŞ-ın guya ermənipərəst konqresmenləri səylərini Kremlə qarşı yönəltsin, axı siyasi küləklər yenə şimaldan əsir!
Və yaxud da onların bu canfəşanlığı yoxsa ABŞ hökumətinə, onun prezidentinə lazımdır? Heç olmasa, bircə detalı nəzərə alsınlar ki, Tramp hər şeydə həm də ölkəsi üçün fayda axtarır. Zəngəzur dəhlizinin geoiqtisadi dividendləri gələcəkdə ABŞ üçün indiki razılaşmadan qat-qat çox ola bilər. O cümlədən Ermənistan üçün.
Bu "pulpərəstlər” niyə on illərdir bir sualı vermirlər: ermənilər və Ermənistan üçün əsl fayda nədədir? Bunlara təhlükə əslində haradan gəlir? Axı Konqresin xarici siyasət komitəsində həmişə bu predmetin həqiqətən mahir biliciləri oturub! Məqsəd perspektivdə Ermənistanı da bu regionda "geosiyasi dəyənək” etməkdirsə, elə də asan olmayacaq...
Düşünürük, məsələ daha çox onunla bağlıdır ki, bunlar həm də lobbistlərdir, siyasətdən böyük pullar və dəstək qazanan adamlardır. Olsun! Amma yaxşı olmazmı ki, Ermənistana və ermənilərə həqiqətən nəyin daha faydalı olmasını təzədən müəyyən etsinlər və xidmətlərini bu istiqamətdə qursunlar? Axı indi regionda çox şey dəyişməkdədir! Yoxsa onları da Levon kimi Kremllə nəsə bağlayır?..
Hüseynbala Səlimov
Şərhlər