Bu göstərici artıq uzun illərdir avtomobil leksikonunun ayrılmaz hissəsidir və hər bir sürücüyə tanışdır. Bununla belə, az adam həqiqətən düşünür ki, niyə avtomobillərin mühərrik gücü at gücü ilə müqayisə olunur. Bu anlayış o qədər adiləşib ki, təbii qəbul edilir, halbuki müasir avtomobillərin, xüsusilə də sportkarların imkanları artıq bütöv bir at sürüsünün fiziki gücü ilə belə müqayisə olunmur.
Qaynarinfo xəbər verir ki, mühərrik gücünü at gücü ilə ölçməyi kimin icad etdiyini və anlayışın yaranma tarixini təqdim edir.
Bu anlayışın mənşəyini anlamaq üçün XVIII əsrə, sənaye inqilabı dövrünə qayıtmaq lazımdır. Termin müəllifi şotland mühəndis və ixtiraçı Ceyms Vatt olub.
Həmin dövrdə mədənlərdə və istehsalat sahələrində əsas hərəkətverici qüvvə atlar idi. Vatt buxar maşınını təkmilləşdirəndə qarşısında çətin marketinq problemi yaranıb: at sahiblərini öyrəşdikləri heyvanlardan imtina edib səs-küylü və anlaşılmaz dəmir mexanizmə keçməyə necə inandırmaq olar? Bunun üçün ona hamı üçün aydın olan bir "məhsuldarlıq ekvivalenti” lazım idi.
Vatt pivə zavodlarında və şaxtalarda yük atlarının işini müşahidə etdi və bir atın blok vasitəsilə yük qaldırarkən gördüyü işi hesablayıb.
Vattın fizikası və hesablamaları - avtomobilin at gücü necə ölçülür?
Fizika baxımından güc vahidi müəyyən zaman ərzində görülən işi ifadə edir. Ceyms Vatt sadə bir nisbətə əsaslanırdı: atın yükü dartdığı və ya qaldırdığı qüvvə qət edilən məsafəyə vurulur, sonra isə sərf olunan vaxta bölünür.
Başqa sözlə, eyni vaxt ərzində nə qədər böyük qüvvə tətbiq olunursa və yük nə qədər uzun məsafə qət edirsə, güc də bir o qədər yüksək olur.
Vatt hesablayıb ki, bir at gücü 1 saniyə ərzində 75 kiloqramlıq yükü 1 metr hündürlüyə qaldırmaq qabiliyyətinə bərabərdir. Bu, metrik sistemdə təxminən 735,5 vata uyğun gəlir. Vacib məqam ondan ibarətdir ki, bu ölçü vahidi sürəti deyil, mühərrikin müəyyən vaxtda görə biləcəyi işi ifadə edir.
Niyə güc hələ də at gücü ilə ölçülür və bu ənənə niyə qorunub saxlanılır?
Bu gün texnologiyalar xeyli irəliləyib və mühərrik parametrlərinin qiymətləndirilməsi üsulları daha dəqiq olub. Müasir laboratoriyalarda avtomobillərin at gücünün necə hesablandığını öyrənmək üçün əsas alət "dinamometrik stend” hesab olunur. Proses belə aparılır:
* Avtomobil aparıcı təkərləri ilə stendin xüsusi diyircəkləri üzərinə yerləşdirilir.
* Mühərrik maksimal dövrlərə qədər işlədilir.
* Stend fırlanma anını və dövrlərin sayını ölçür.
* Bu göstəricilər əsasında yekun güc hesablanır.
Bütün dünyada gücün rəsmi ölçü vahidi Beynəlxalq Vahidlər Sistemində Vatt olsa da və bu vahid elə Ceyms Vattın şərəfinə adlandırılsa da, avtomobil istehsalçıları "at gücü” anlayışından imtina etməyə tələsmirlər. Bunun əsas səbəblərindən biri onun hələ də istifadəçilər üçün rahat və anlaşılan olmasıdır.
Aydın
Şərhlər