Hüseynbala Səlimov
Siyasət 09:42 19.09.2022

Münaqişə mövcudluq üsulu kimi...

Daha Ermənistanın heç bir hərəkəti siyasi tapmaca ola bilmir. Yüz illiklərin təcrübəsi bir tərəfə, son otuz ildə çox şey faş olub, çılpaqlaşıb. 

Odur ki, siyasi müşahidəçilər daha Ermənistanın bu və ya digər hərəkətləri və ya təxribatları haqqında elə də baş sındırmırlar, sanki hər şey üzdə olduğu kimi görünür. Son genişmiqyaslı təxribatlar da bu qəbildəndir. 

Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, Ermənistan neçə sənəd imzalasa da, heç vaxt dayanıqlı sülhə boyun qoymayacaq. Ona görə ki, münaqişə Ermənistan üçün mövcudluq formasıdır. Onun köməyilə İrəvan daim diqqətdə olur, yaşayır və himayə olunur. Başqa heç nə ilə bu axmaq ölkə diqqətə gəlmək iqtidarında deyil. Ciddi geosiyasi gedişlər etmək üçün cəsarətləri yoxdur ki, heç olmasa, Gürcüstan kimi bu yolla diqqətdə olsunlar. Bunlar yalnız onun-bunun qoltuğunda baş girələyə, bir təhər keçinə bilərlər. 

Əlbəttə, burada başqa məqamlar da var. İrəvan keçmiş iki həmsədri siyasi dövriyyə qaytarmaq istəyir – həm Rusiyaya təzyiq üçün, həm də özünü sığorta etmək üçün. Keçmiş həmsədrlər münaqişənin daha otuz il uzanması deməkdir. Həm də Ermənistanla Rusiya arasında müəyyən qədər problem yaşanır. Moskva özünün regiondakı siyasətini tamamilə Ermənistanın maraqlarına tabe etmir. İrəvan isə Kremldən məhz bunu umur. Onlar tez-tez ABŞ-la İsrail arasındakı münasibətləri, ABŞ-ın İsraili bütün məsələlərdə qeyd-şərtsiz dəstəkləməsini misal gətirirlər. Halbuki burada məsələ heç də İrəvanın düşündüyü kimi deyil - ən yaxın müttəfiqlər arasında da problemlər olur...

Üstəgəl, son proseslərdə Rusiyanın da iştirakı istisna olunmur. Bunun üçün bir suala cavab vermək lazımdır: tezliklə, özü də Avropa İttifaqının vasitəçiliyilə sülhün əldə olunması kimin maraqlarına cavab vermir?

İlk ağla gələn əlbəttə ki, Rusiya olur. Moskva nə keçmiş həmsədrlər ABŞ-ın və Fransanın prosesə qayıtmasını istəyir, nə də Avropa İttifaqının onları əvəz etməsini. Ən azı Ukrayna ilə vəziyyət aydınlaşana qədər Moskva prosesi özünün inhisarında saxlamağa çalışır.

Sözsüz ki, ABŞ və Fransa da suyu bulandırmaqla məşğuldurlar. Ermənistanın müdafiə nazirinin ABŞ-a səfəri, Fransanın məsələnin müzakirəsini BMT-yə çıxarmaq cəhdi məhz bunun təzahürüdür. Bəli, vaxt vardı ABŞ-da Paşinyanı yalnız Kaliforniya merinin müavini qəbul edirdi, amma indi vəziyyət dəyişib, ABŞ Ermənistanı sanki yenidən kəşf edib.

Bəs perspektivdə nə gözlənir? Əvvəldə qeyd etdik ki, Ermənistan heç vaxt dayanıqlı sülhə qol qoymayacaq, daim təxribat törədəcək. Amma burada bir məqam var. Ermənistan əhalisinin böyük əksəriyyəti siyasi fiqurlardan, erməni diasporundan fərqli olaraq müharibə istəmir, yorulublar. Elə Paşinyana da müharibə istəmədiklərinə görə səs və dəstək vermişdilər. Təəssüf ki, Paşinyan bunu unudur. Bu adam anlamır ki, bir gün insanların səbri tükənəcək, onlar da baş nazirin opponentlərinə qoşulacaqlar. Hələlik revanşistlər zəifdirlər. Amma gəl, Paşinyanın nə müharibə apara bilməməsi, nə də sülh əldə edə bilməməsi onların cərgəsini artıra bilər...
 
Hüseynbala Səlimov