Ölkə 16:16 13.07.2019

Murad Köhnəqala: "Tovuz Rayon Məhkəməsi mənimlə düşmənçilik edir"

"Tovuz Rayon Məhkəməsi mənimlə açıq-aşkar düşmənçilik edir. 15 sutka azadlıqdan məhrum edilməyim barədə qərar çıxaran məhkəmə sədri Qafil Baxşıyev və hakim Rəşad Məmmədovun düzənlədiyi məhkəmədən heç bir ay keçməyib, məni yenidən məhkəməyə çəkirlər". 

Qaynarinfo xəbər verir ki, bu sözləri şair Murad Köhnəqala deyib.

Murad Köhnəqala bildirib ki, məhkəmə qanunları kobudcasına pozur: "Qarşı tərəfə bir ayda 2500 manat ödəniş etmişəm. İndiyədək abrıma qısılıb, özümə vəkil tutmamışam. Bu günədək barəmdə çıxarılan məhkəmə qərarlarını hansı hüquqşünasa göstərmişəmsə, hamısı birmənalı şəkildə mənə qarşı haqsızlıq olduğunu bildirib. Tovuz Məhkəməsi alimentin məbləğindən tutmuş, qeyri-rəsmi ödənişlərə kimi, uşaqların saxlanmasına dair hər iki valideynin öhdəlik daşımasına, uşaqların yaşının 18-i keçməsinə qədər aliment verilməsi haqqında qanunda təsbit olunan bütün maddələri kobudcasına pozub. Məhkəməni oyuncağa çevirən bu adamlar indi məndən nə istəyir, çox maraqlıdı? Bunlar Azərbaycan məhkəməsinin imicini korlamaqla, biabır etməklə kim(lər)in sifarişini həyata keçirirlər görəsən?"