Çərşənbə axşamı Minnesota ştatında beşinci seçki dairəsindən namizədliyi irəli sürülmüş Nümayəndələr Palatasının üzvü İlhan Ömər Demokratlar Partiyasından konqresmen yerinə keçirilən ilkin seçkilərdə qələbəsindən sonra ABŞ Konqresinə seçilən ilk müsəlman qadınlardan biri ola bilər.
Yeniyetmə yaşlarında Birləşmiş Ştatlara immiqrasiya edən 36 yaşlı Somali qaçqını İlhan Ömər hazırkı konqresmen Kit Ellisonun yerinə iddiaçı olan Demokratlar Partiyasının kifayət qədər güclü altı namizədini geridə qoyub. Müsəlman olan indiki konqresmen Ellison isə yenidən Konqresə seçilmək istəməyib və Minnesota ştatının baş prokuroru vəzifəsinə namizəd olmağa qərar verib. Son aylarda ona qarşı ailədə zorakılıq ittihamları irəli sürülür.
Respublikaçılardan çox demokratların daha güclü dəstəyə malik olduğu rayonun xüsusiyyətlərini nəzərə alan Ömər 2018-ci ilin noyabrında ümumi aralıq seçkilərində ABŞ Konqresinin üzvü seçiləcəyinə əmindir. Daha bir müsəlman qadın – Miçiqan ştatından olan namizəd Rəşidə Tlaibin də seçkilərdə qalib gələcəyi ehtimal olunur. O, ötən həftə ilkin seçkilərin qalibi olub və seksual zəmində ittihamlara məruz qaldığı üçün istefa verən konqresmen Con Konyersin yerinə iddia edir.
Hazırda ABŞ Konqresinin iki müsəlman üzvü var: Miçiqan ştatından Kit Ellison və İndianadan Andre Karson. Qadınlar və qaradərililər, əvvəllər olduğu kimi, indi də qanunverici orqanda kifayət qədər təmsil olunmayıb. Onlar müvafiq olaraq konqresmenlərin 20 və 19 faizini təşkil edirlər. 2018-ci ildə isə vəziyyət dəyişir: demokratların ilkin seçkilərində 146 qadın qələbə qazanıb.
"Vox” xəbər agentliyi bildirir ki, islamofoblar, xüsusən mühafizəkar KİV-lər Ömərə qarşı kampaniyaya başlayıblar. Onlar əsassız olaraq iddia edirlər ki, müsəlman qadın "bir vaxtlar öz qardaşına ərə gedib və terrorçularla əlaqələri var”.
ABŞ Konqresinə aralıq seçkilər noyabrın əvvəlində keçiriləcək. Seçkilərdə ABŞ Konqresinin aşağı palatası – Nümayəndələr Palatası bütünlüklə, yüz senatordan isə otuz beşi yenidən seçiləcək. Bundan başqa, 39 ştat və ərazidə qubernatorlar təkrar seçiləcək, bir sıra ştatlarda isə digər yerli seçkilər olacaq. (AzərTAc)
Şərhlər