Sənət 11:14 01.04.2015

Musiqili Teatrda “Dəcəl çəpişlər”

Azərbaycan Dövlət Musiqili Teatrında yeni uşaq tamaşasının məşqlərinə start verilib. Bu barədə Qaynar.info-ya teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu məlumat verib.

Mətbuat xidmətinin rəhbəri bildirib ki, Azərbaycanın əbədiyaşar sənətkarlarından biri olan Mikayıl Müşviqin məşhur “Şəngülüm, Şüngülüm, Məngülüm” əsərinin motivləri əsasında hazırlanan tamaşa “Dəcəl çəpişlər” adlanır. Tamaşanın müəllifləri O.Zülfüqarov və R. Heydər, quruluşçu-rejissoru Ə.Hacıyevdir. 

“Bir sıra yeni obrazların əlavə olunduğu tamaşamızın yaradıcı heyəti əsasən gənclərdən ibarətdir. Bizlərə göstərilən bu etimad teatrımızda gənclər üçün yaradılan yüksək yaradıcı şəraitin, gənclərə göstərilən böyük diqqət və qayğının bariz nümunəsidir” deyə Əhəd Hacıyev tamaşayla bağlı danışarkən bildirib.

Qeyd edək ki, tamaşanın quruluşçu-baletmeystləri Leyla və Zakir Ağayevlər, geyim üzrə rəssamı Yelena Almazova, rejissor-assisenti Elməddin Dadaşovdur. Tamaşada əsas obrazları Güldanə Əzimova, Gülçöhrə və Gülnarə Abdullayevalar, Mehriban Zalıyeva, Əlif Cahangirov, Zinyət Qurbanova, Şaban Cəvərov, Fərid Rzayev və başqaları ifa edirlər.

Qaynar.info