Siyasət 16:31 05.04.2014

Müxalifət aksiyalara başlaya bilər

Seçkidən sonra yaranmış durğunluğa son qoyulacağı və siyasi məhbusların azadlığı tələbi ilə nümayişlər keçiriləcəyi gözlənilir

Seçkidən sonra müxalifət düşərgəsində bir durğunluq müşahidə olunur. Müxalif partiyaların fəaliyyətində bir süstlük yaranıb. Cəmiyyətdə bir passivlik hökm sürür və əvvəlki dinamizm hiss edilmir. Müxalifət ölkə gündəminə təsir edəcək hadisələrlə yadda qalmır. Sanki siyasi təşkilatlar və birliklər öz hücrəsinə çəkilib, fors-major vəziyyətin yaranmasını gözləyir.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı siyasi durğunluğa son qoyulacağını güman edir. A.Hacılı “Yeni Müsavat”a bildirdi ki, seçkilərdən sonra siyasi durğunluq yaranması cəmiyyət üçün xarakterikdir: “Seçkilərdən sonra həmişə belə vəziyyət yaranır. Hazırda bir sıra siyasi məhkəmə işləri başa çatıb, bir hissəsi davam edir. İndi aktual mövzu siyasi məhbusların məhkəmələridir. Biz onların azadlığa çıxması tələbi ilə etiraz aksiyaları başlamağı müzakirə edirik”.

A.Hacılı Müsavat daxilində kütləvi aksiyalara başlamaqla bağlı müzakirələr getdiyini və yaxın vaxtlarda siyasi durğunluğa son qoyulacağını dedi:
“Müsavat daxili çərçivədə bu məsələni müzakirə gedir. Həbsdə Müsavat Partiyasının başqan müavini və müşaviri var, inanclı kəsim, NİDA-çı fəallar, QHT rəhbərləri, jurnalistlər var. Onların azadlığa buraxılması tələbi ilə aksiyalar başlaya bilər və bu istiqamətdə maraqlı olan tərəflərlə məsləhətləşməyə hazırıq”.

Milli Şuranın sədri Cəmil Həsənli isə durğunluğun olması barədə fikirləri bölüşmür. Onun sözlərinə görə, seçki siyasi proseslərin ən aktiv dövrüdür. MŞ sədri “Yeni Müsavat”a vəziyyəti şərh edərkən qeyd etdi ki, aktivlik üçün ən yaxşı imkan seçki ərəfəsində yaranır:

“Hər bir cəmiyyətdə seçkidən sonra fəallıq azalır. Seçki vaxtı namizədlərin televiziyaya çıxış imkanı olur. İndi bu üstünlük yoxdur. Ona görə də seçkilərdən sonra cəmiyyətdə süstlük yaranır. Ancaq tam razı deyiləm ki, durğunluqdur. AXCP boyda partiyanın qərargahını partladıblar. Bu süstlükdürmü? Bir partiyanın qərargahı partladılır”.

C.Həsənli MŞ-nın martın 29-da sessiyası olduğunu da qeyd etdi: “Bundan əlavə, iki dinlənmə keçirilib. Bizə qanunların imkan verdiyi səviyyədə proseslərdən istifadə edirik. Milli Şuranın proqramı var və bu istiqamətdə addımlar atılır”.

Qaynar.info