Hüseynbala Səlimov
Bilirəm, deyəcəksiniz ki, bu da yenə başladı: məntiq, motiv, stimul və s. və i. Razıyam, bəlkə də insanların hər davranışında, xüsusən də siyasi müstəvidə baş verən bütün proseslərdə məntiq axtarmaq özü yanlışlıqdır, çünki həyat həmişə formal məntiqin çərçivələrindən daha geniş və daha rəngarəngdir.
Elə bizim də hər şeyi formal məntiq çərçivəsində yozmaq fikrimiz yoxdur. Amma insanların davranışında məntiq olmasa da, heç olmasa, bir motiv olmalıdır ki, bununla onların niyə başqa cür yox, məhz bu cür hərəkət etdiyini başa düşə biləsən.
Qərəz, bir ara bəndəniz düşünürdü ki, Azərbaycan müxalifəti, bu müxalifətin siyasi çabaları onun üçün yetərincə anlaşıqlıdır. Amma zaman keçdikcə bunun belə olmadığı qənaətinə gəldik, məntiq də, hətta adi insani motivlər də bizim müxalifətin davranışını anlamaq üçün aciz oldu.
Əslində bəlkə də problemi tamamilə başqa cür qoymaq lazım idi ki, ölkədə sözün klassik mənasında müxalifət qalıbmı? Məsələ də elə bundadır ki, qətiyyən qalmayıb, haradasa, müxalifət əvəzinə bir qrup insanlar qalıb ki, bu adamları ən yaxşı halda "dissident”lər adlandırmaq olardı.
Amma bəla da bundadır ki, dissidentlik ideyaya bağlı anlayışdır, bizim "müxalifət” isə hər şeydən əvvəl ideyadan imtina etdi.
Təxminən 2000-ci ilədək ara-sıra yolumuz müxalifət partiyalarının qərargahlarına düşürdü. Oradakı adamları, onların biri-birilə davranışını, bu adamların dünyagörüşünü və partiyalarındakı münasibətləri diqqətlə izləyəndə qeyri-ixtiyari sual yaranırdı bizdə: Əcaba, görən, bu insanlar nədən narazıdır? Axı onların əksəriyyətinə demokratiya da, azad bazar iqtisadiyyatı da, hətta yüksək mənəvi keyfiyyətlər də "on ikinci barmaq” kimi lazımdır! Düşünürdük ki, axı bunlar nəyin davasını aparır?..
Artıq analayanda ki, bu sualın heç bir yerli-yataqlı, məntiqli cavabı yoxdur və bu vəziyyətə təsir etmək də mümkün deyil, ayağımızı kəsdik həmin qərargahlardan, çünki başa düşdük ki, bu adamlar heç bir fərqli dünyagörüşün, ideologiyanın daşıyıcıaları deyil və sadəcə, ambisiyaları qabiliyyətlərilə uzlaşmayan, iddiaları imkanlarını üstələyən kiçik "narazılar” dəstəsidir və onun "müalicəsi” tamamilə başqa amillərdən - əlahəzrət zamanın özündən asılıdır. Elə belə də oldu, həmin insanların çoxu axırda başa düşdü ki, böyük ambisiyalara düşüb "izqoy”lara çevrilməkdənsə, tamamilə marginallaşmaqdansa cəmiyyətlə qaynayıb qarışmaq və özünü ifadə etməyin daha düzgün və ən başlıcası isə, real yollarını axtarmaq lazımdr.
Bir daha deyirəm ki, böyük əksəriyyət elə belə də etdi. Nəticədə də indiki vəziyyət yarandı – partiyalarada beş-on funksioner və iyrirmi-otuz "partiya üzvü” qaldı.
Amma "partiya liderləri” bundan da nəticə çıxarmadılar, çünki artıq tamam gec idi, siyasətə Şeyx Nəsrullah kimi gəlmiş bu adamların bircə yolu qalırdı – axıra qədər də elə Şeyx Nəsrullah kimi davam etmək...
Bəlkə də Sizdə təbii bir sual yaranacaq: bəndəniz bütün bunlarla vaxtınızı niyə alır? Tələsməyin, bunu da deyəcəm. Ötən həftəsonu müxalifətin mitinq keçirəcəyi haqda xəbər gəldi. Suallar az qala, yağış kimi yağdı başımıza: əcaba, bunların mitinqinə kim gələcək? bunlar mitinqdə nə deyəcək və yenə nə vəd edəcəklər?..
İndi bircə-bircə özüm bu suallara cavab verməyə çalışacam. Bu adamların mitinqinə bir-iki tanış-bilişdən, hələ də hər şeyin bir Şeyx Nəsrullah çubuğu ilə həll ediləcəyinə inanan, hansısa sehrbazın sehrilə lap "İncil”də deyilən kimi, "bütün axırıncıların dönüb birinci olacağına” ümid edən bir–iki insandan savayı heç kim gəlmir. Bunların "mitinq”ləri nə tərəfdarlarını artırır, nə bunlara qarşı maraq yaradır, nə də ki, başqa bir şey.
Sadəcə, bu adamlar beyinlərinə doldurublar ki, cəmiyyət "rollar” deməkdir, bir "rol” da müxalifətçilikdir, onu əldə saxlamaqla arabir nəsə qazanmaq-qoparmaq olar ki, bu, da özlərinə qəti əziyyət vermək istəməyən həmin insanları tamamilə qane edir.
O ki qaldı vədlərə, deyiləcək sözlərə, hələ də anlamaq istəmirlər ki, müasir Azərbaycan vətəndaşının informasiya, siyasi bilgi problemi və ya informasiya kasadlığı yoxdur.
İnsanlarımızın 70-80 faizi daimi internet istifadəçisidir və durub yol ölçərək kimlərinsə sərsəm, bayağı şüarlarını eşitmək üçün "mitinq”lərə yollanmağın qəti mənası yoxdur. Elə müxalif sferanın problemi də bilgi, məlumat, informasiya problemi deyil, hərəkət və dinamika problemidir.
Bizim "müxalifət” adamları heç vaxt savad yiyəsi olmayıb. Fəqət, bir ara savadsızlıqlarını bir az cəsarətlərilə, bir az da özlərini "dəliqanlı” kimi qələmə verməklə ört - basdır edə bilirdilər. Ancaq indi nə savadları yoxdur, nə də cəsarətləri! Hələ durub soruşurlar da ki, bəs, insanlar niyə bizim ardımızca getmir?
Bir neçə il bundan əvvəl də yazmışdıq ki, insanlara meydanlardan hara gedəcəyinizi və nə edəcəyinizi deyin, onda bəlkə cəmiyyət sizin bu mitinqləriniz və siyasi çağırışlarınız haqqında ciddi düşündü. Amma bu da artıq gecdir, çünki insanların inamını tamam itiriblər– ölkədə bəlkə heç yüz adam tapmaq olmaz ki, indiki müxalifətin perspektivinə ürəkdən inanmış olsun.
Ən böyük dərd isə bilirsinizmi, nədir? Odur ki, bütün hallarda, siyasi partiyalar, siyasi təşkilatlar olmalıdır ki, Allah eləməmiş, buralarda da nə vaxtsa bəzi Yaxın Şərq ölkələrindəki sindromlar müşahidə olunmasın.
Məsələn, Suriyada bu gün baş verənlər həm də onun nəticəsidir ki, ölkə on illərlə (30 ildən də artıq!) fövqəladə rejim şəraitində yaşadı və hamıya aydın idi ki, bir gün bunun axırı cəhənnəm olacaq,- həm də ona görə ki, onu cəhənnəmə çevirmək üçün xeyli pusquda duran vardı...
Həm də K.Popperin məşhur sözü var ki, siyasi partiyalarsız hələ heç kimə demokratiya qurmaq nəsib olmayıb. Bizsə hətta deyərdik ki, siyasi partiyalarsız siyasət olmur. İlk partiyalar bəlkə latent siyasi qruplar kimi hələ Misir fironlarının vaxtında olubdur.
Qərəz, dediyim budur ki, siyasi partiyalar məsələsi həm qəliz, həm də ki, çox vacib məsələdir. Bəs onda nə etməli?
Özünə "müxalifət” deyən qruplar artıq bu rola qəti yaramır. İnanın, keçmiş SSRİ-nin heç yerində daha belə müxalifət qalmayıb və siyasi spektr dəfələrlə yenilənib, təzələnibdir. İkincisi, bunların "sosial dəstəyi”, keçirdikləri "mitinq”lər də göstərir ki, heç cəmiyyətin də bu insanlara hansısa marağı yoxdur.
Ona görə də gənclərə meydan vermək lazımdır ki, müxalif sferaya da yeni bir nəfəs gəlsin. Yoxsa müxalifət adlı bataqlıq qurumayacaq.
Üstəlik, bizim "klassik müxalifət”imizin davranışı, ritorikası, məntiqi və gülünc iddiaları hakimiyyətə də neqativ təsir edir, onu da aqressivləşdirir, ölkədəki siyasi atmosferin mülayimləşməsinə də imkan vermir. Bunlardan isə son nəticədə yenə də cəmiyyət itirir...
Şərhlər