Xəbər lenti

Muzey şkafında 37 milyon illik sirr
Dünya 22:52 13.01.2026

Muzey şkafında 37 milyon illik sirr

Onilliklər əvvəl tapılmasına baxmayaraq bir muzeydə saxlanılan xırda sümüklər elm dünyasını heyrətləndirən qədim bir növün xəbərçisi olub. Alimlərin "qəribə” kimi xarakterizə etdiyi bu sirli ilan məlum olan heç bir təkamül sinfinə tam uyğun gəlmir.

Qaynarinfo xəbər verir ki, İngiltərənin cənub sahillərində təxminən 40 il əvvəl üzə çıxarılan, lakin illərlə muzey fondlarında unudulan qədim ilan fosili gözlənilməz bir kəşflə yenidən gündəmə gəlib. Polşa Elmlər Akademiyasından doktor Georgios Georgalisin London Təbiət Tarixi Muzeyinin kolleksiyasında təsadüfən diqqətini çəkən bu qalıqlar elmi məqalələrə mövzu olacaq qədər "qəribə” bir növün mövcudluğunu ortaya qoyub. Sirri hələ tam açılmayan bu canlıya daşıdığı ziddiyyətli xüsusiyyətlərə görə "Paradoksal ilan” - "Paradoxophidion richardoweni” adı verilib.

Fosil əslində 1981-ci ildə "Hordle Cliff” bölgəsində tapılıb, lakin onilliklər boyu ətraflı araşdırma aparılmayıb. Hazırda alimlərin əlində bu ilana aid cəmi 31 kiçik fəqərə sümüyü var. Bir ilanın yüzlərlə sümükdən ibarət olduğu nəzərə alınsa, bu say olduqca azdır. Kəllə sümüyü tapılmadığı üçün bu qədim canlının nə ilə qidalandığı hələlik məlum deyil. Bununla belə, mövcud sümüklər tamamilə yeni və indiyədək təsvir olunmamış bir növlə qarşı-qarşıya olunduğunu göstərir.

Təxminən 37 milyon il əvvələ aid edilən bu ilan paleontoloqları ciddi bir çıxmaza salıb. Çünki onun fiziki xüsusiyyətləri bu gün bir-birindən tam fərqli qruplarda rast gəlinən anatomik quruluşların qarışığını təqdim edir. Bəzi cəhətləri müasir su ilanlarını xatırladır, digər detalları isə quru ilanları ilə oxşarlıq göstərir. Doktor Georgalis bu canlının məlum olan ən qədim su ilanı ailəsinə aid ola biləcəyini istisna etməsə də, mövcud sübutların hələlik bunu qəti şəkildə təsdiqləməyə kifayət etmədiyini vurğulayır. Hazırda əldə edilən yeganə dəqiq nəticə onun məlum heç bir sinfə tam uyğun gəlməməsidir.

Bu kəşf İngiltərənin keçmiş iqlimi ilə bağlı maraqlı faktları da xatırladır. Bu gün sərin və yağışlı iqlimi ilə tanınan İngiltərə 37 milyon il əvvəl tropik bir bölgəni xatırladırdı. Ekvatora daha yaxın mövqedə yerləşən və atmosferdə karbon qazının yüksək olduğu həmin dövrdə ölkə ərazisində nəhəng timsahlar, qədim tısbağalar və ekzotik məməlilər yaşayırdı. Bu qeyri-adi ilan da ehtimal ki, həmin isti bataqlıqların və ya meşələrin bir hissəsi olub.

Muzey şkafında hələ də araşdırılmağı gözləyən minlərlə sümüyün olduğu nəzərə alınsa, ilanların təkamül yolu ilə bağlı daha çox "qəribə” kəşfin gündəmə gələcəyi istisna edilmir. Doktor Georgalis bildirib ki, muzeyin qurucusu və "dinozavr” terminini elmə qazandıran Riçard Ouenin kolleksiyasındakı digər materialları da araşdıraraq bu sirli təkamülün izini sürməyə davam edəcək.

Aydın
--> -->