Xəbər lenti

Nağdsız ödənişlərin stimullaşdırılması: vətəndaşı necə təşviq etməli? (ŞƏRH)
Ölkə 17:31 24.11.2021

Nağdsız ödənişlərin stimullaşdırılması: vətəndaşı necə təşviq etməli? (ŞƏRH)

"Mən nağdsız hesablaşmaların stimullaşdırılmasının tərəfdarıyam. Təbii ki, belə tədbirlər daha çox təşviqedici addımlarla icra edilsəydi, daha məntiqli olardı. Tətbiq edilən 4 min manatlıq limit də inzibati metodlardan biridir. Pərakəndə satışda 4 min manatdan artıq alış-veriş köçürmə yolu ilə edilməlidir”. 

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı-alim, sabiq deputat Nazim Bəydəmirli "Nağdsız hesablaşmalar haqqında” qanunda pərakəndə ticarətdə nağd hesablaşmalar üçün nəzərdə tutulan 4 min manat məbləğində limitə aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, vergidən yayınma, kölgə iqtisadiyyatının azaldılması ilə bağlı belə dəyişikliklər anlaşılan və təqdir olunasıdır:

"Ancaq nağdsız ödənişləri stimullşadırmağın bir tərəfdən faydasını görürük, ancaq kölgə iqtisadiyyatını yaradan və vergidən yayınma əməliyyatlarının Azərbaycan iqtisadiyyatında başqa obyektiv səbəbləri var. Bu, dəfələrlə qeyd etdiyimiz dövlət investisiya xərclərində "Satınalmalar haqqında qanun”u pozaraq müxtəlif tenderlərin məmur sahibkarlığına məxsus olan şirkətlərə verilməsidir. Əsas vergidən yayınan və bu tipli nağdlaşdırmanı həyata keçirən və əslində infiliyasiya təzyiqi yaradan və eyni zamanda vəsaitlərin dövriyyədən çıxarılmasını hərəkətə gətirən dövlət investisiyalarından məmur oliqarxiyasına məxsus olan şirkətlərinin yararlanmasıdır. Belə hallar Azərbaycanda kütləvi xarakter daşıyır və bu tipli məsələlərlə mübarizə aparmaq lazımdır”. 
Ekspert hesab edir ki, nağdsız ödənişləri monitorinq etmək vergi xidməti üçün daha rahatdır:

"Ona görə belə bir limitin onlar tərəfindən qoyulması anlaşılandır. Vətəndaş nöqteyi-nəzərindən nağdsız ödənişlərin stimullaşdırılması başqa yollarla həyata keçirilməlidir. Daha çox post-terminalların indikindən çox olması və quraşdırılması, sahibkarlara, iş adamlarına onların bu və ya digər formadan istifadə edən zaman xidmət haqlarının aşağı salınması və yaxud ləvğ edilməsi kimi yollar var. Hətta belə köçürmələrdə banklar arasında faiz dərəcələri çox yüksəkdir ki, bunu da aradan qaldırmaq lazımdır. O faiz dərəcələri üzündəndir ki, vətəndaşlar bu tipli nağd ödənişlərə daha çox üstünlük verirlər. Bu səbəblər aradan qaldırılmalıdır və banklara tövsiyə olunmalıdır ki, onlar bank faizlərini aşağı salmaqla bağlı bir-biri ilə hesablaşsın və vətəndaş daha çox post-terminallardan, spermarketlərdə isə kartlardan istifadə eləsin”.
 
Nazim Bəydəmirli vuğulayıb ki, mətbuatda yüksək dəyəri olan bankotların dövriyyəyə buraxılması ilə bağlı məlumatlar yayılır:

"Bir tərəfdən nağdsız ödənişlərin hesablaşmalarının artırılması ilə bağlı təşviqi addımlar atılır. Bir tərəfdən də daha çox nəğd pul yığımını stimullaşdıran, infilyasiyanı yaradan, həm də yüksək dəyəri olan, yəni 500 manatlıq bankotların dövriyyəyə buraxılması söhbəti var. Bilmirəm bu, nə dərəcədə düzdür. Belə addımlardan Mərkəzi Bank çəkinməlidir. Əslində nağd pul kütləsini azaltmaq yolunda addımlar atmalıdırlar. Bu, nağdsız ödənişlərin stimullaşdırılması üçün əsas faktorlardan biridir. Normal ölkələrdə alış-verişin təqribən 90-95%-i nağdsız hesablaşmalar yolu ilə həyata keçirilir. Və bizim kimi ölkələrdə pul kütləsinin daxili məhsula nisbətdə böyük olması kölgə iqtisadiyyatını stimullaşdıran əsas amillərdən biridir”.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->