Azərbaycanda taksi xidmətlərinin sayı hər keçən gün artır. Yeni taksi şirkətləri bazara daxil olduqca, xidmətin keyfiyyəti və müştəri tələblərinə cavab vermə səviyyəsi də artır. Lakin bu inkişafla yanaşı, kartla ödənişdə bir sıra problemlər hələ də qalır. Əksər taksi sürücüləri, kartla ödəniş edən sərnişinləri qəbul etməkdən imtina edirlər.
Bu məsələ, nağdsız ödənişlərin artan dinamikasına baxmayaraq, hələ də ciddi bir maneə olaraq qalır.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, taksi sürücüləri qeyri-nağd ödənişləri gec aldığı üçün imtina edir, bu da narazılıqlara səbəb olur:
"Taksi sürücülərinin dediyinə görə, taksi şirkətləri sürücülərin qeyri-nağd formada qazandığı gəlirləri hesabdan onlara çox gec qaytarırlar, bu da taksi sürücüləri üçün müəyyən çətinlik yaradır.Bu səbəbdən bir çox hallarda taksi sürücüləri qeyri - nağd ödənişlərdən imtina edirlər.Bu da müəyyən vaxtlarda sərnişin və sürücülər arasında konflikt yaradır".
Ekspertin sözlərinə görə bu problem aradan qaldırılmalı və proses daha səmərəli hala gətirilməlidir:
"Taksi sürücüləri artıq şirkətin şəbəkəsinə qoşulduqda onlar özü razılıq verir ki, qeyri-nağd ödəmələri də həyata keçirsinlər. Ona görə də bu məsələ taksi şirkəti tərəfindən həll olunmalıdır. Məsələnin digər həlli yolu isə sərnişinlər ödənişləri özlərinə məxsus kartla birbaşa taksi sürücüsündə olan POS terminal vasitəsiylə ödəyə bilər. Taksi sürücüləri POS terminal əldə etsinlər və sərnişinlərdən ödənişi birbaşa öz hesablarına qəbul etsinlər ki, daha sonra problem yaşanmasın".
Şərhlər