Ekonomiks 11:20 13.09.2019

Natiq Cəfərli: “Gələn ilin büdcəsində təşviq siyasəti önə çıxmalıdır”

2020-ci il üçün Azərbaycanın dövlət büdcəsi layihəsi artıq hazırdır.

Qaynarinfo xəbər verir ki, Maliyyə Nazirliyində sentyabrın 9-da keçirilən kollegiya iclasında növbəti il üçün dövlət büdcəsinin və icmal büdcənin layihələrinin Nazirlər Kabinetinə təqdim olunmasına dair qərar qəbul edilib. 

İclasda çıxış edən MN kollegiyasının sədri Samir Şərifov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahat tədbirləri cari ilin ötən dövründə makroiqtisadi dayanıqlılığın təmin olunması ilə yanaşı, əhalinin rifah səviyyəsinin yüksəldilməsinə, qeyri-neft sektorunun inkişafına, valyuta ehtiyatlarının artımına xidmət edib. Xüsusiylə, cari ilin aprel və sentyabr aylarında iki mərhələdə həyata keçirilən geniş sosial dəstək proqramı ilə minumum pensiya, minumum əməkhaqqı, sosial müavinətlər və təqaüdlər, dövlət orqanlarında və bir sıra təşkilatlarda çalışanların əməkhaqqlarının əhəmiyyətli artımı, habelə şəhid vərəsələrinə birdəfəlik ödəmənin verilməsi vurğulanmalıdır. Bununla yanaşı, fiziki şəxslərin vaxtı ötmüş problemli kreditlərinin qaytarılmasına, əl-əlxüsus  manatın dəyər itirməsi ilə əlaqədar xarici valyutada kreditləri olan vətəndaşlara dövlət dəstəyinin göstərilməsi ilə bağlı inqilabi qərarlar qəbul edilib. 

"Beləliklə də dövlət başçısı növbəti dəfə əhalinin rifahının yüksəlməsi, etibarlı sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin təmin olunması istiqamətində mühüm addımlar atıb. Kifayət qədər geniş maliyyə tələb edən bu sosial dəstək proqramının maliyyə təminatı dövlət büdcəsinin ehtiyyatları səfərbər edilərək, həmçinin bəzi xərclər optimallaşdırılaraq təmin edildi”, deyə nazir qeyd edib.



S.Şərifov büdcə qaydasına əsasən hazırlanan gələn ilin dövlət büdcəsinin tərtibinin xüsusiyyətləri üzərində dayanaraq qeyd edib: "2020-ci ilin icmal və dövlət büdcələrinin layihələri Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi və sosial inkişaf prioritetləri, büdcə sistemi haqqında qanunvericiliyinin tələbləri, qlobal iqtisadiyyatda gedən proseslər, onların ölkə iqtisadiyyatına mümkün təsirləri, o cümlədən İqtisadiyyat Nazirliyinin orta müddətli dövrdə iqtisadi və sosial inkişafa dair proqnozları, habelə dövlət maliyyə sisteminin orta və uzun müddətli dövrdə qarşısında duran çağırışlar nəzərə alınmaqla hazırlanıb. Məlum olduğu kimi, 2019-cu ilin dövlət və icmal büdcəsinin hazırlanması zamanı əvvəlki dövrlərdən daha fərqli yanaşma tətbiq edildi, bu zaman yeni qəbul edilmiş büdcə qaydalarının tələblərinə əsasən makro-fiskal çərçivə, o cümlədən orta müddətli dövrə icmal büdcə xərclərinin yuxarı həddləri müəyyən edildi. Bu yanaşma 2020-ci ilin dövlət və icmal büdcələrinin layihələri hazırlanarkən də davam etdirilib”.  

Büdcə layihəsi baxılmaq üçün NK-ya təqdim edilsə də, layihə hələlik ictimaiyyətə açıqlanmayıb. Maraqlıdır, ekspertlər növbəti ilin büdcəsində nəyi görmək istəyirlər? Dünya bazarlarında gedən proseslərin fonunda Azərbaycanın dövlət büdcəsində neftin qiymətinə dair fikirlər də təbii olaraq diqqət mərkəzindədir. 

Qeyd edək ki, bu ilin dövlət büdcəsində neftin dünya bazar qiyməti 60 dollar götürülüb. Həyata keçirilən iki sosial paketin ümumi dəyəri cari il üçün 2,3 milyard manat təşkil edir. 2020-ci ildə bu paketlər çərçivəsində həyata keçirilən artımlara uyğun əmək haqqı, pensiya və müavinətləri maliyyələşdirmək üçün 3 milyard manat əlavə vəsaitə ehtiyac yaranacaq ki, bu da büdcə xərclərinin xeyli artması deməkdir. Bu baxımdan, büdcə gəlir-xərclərinin icrası dünya neft bazarındakı proseslərdən xeyli asılı olacaq. 

"İQTİSADİ FAKTORLAR ARXA PLANA KEÇİB”



İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, ən vacib büdcə parametrlərindən biri neftin qiymətinin hesablanması qaydasıdır: "Büdcənin gəlir və xərclər hissəsində çox məsələlər neftin qiymətindən asılı olacaq. Növbəti il üçün konservativ yanaşma daha məqbuldur. Çünki neft bazarında çox maraqlı bir tendensiya yaşanır. Artıq dünya neft bazarı ancaq geosiyasi və hərbi gərginliyə reaksiya verir, iqtisadi faktorlar arxa plana keçib ki, bu da neft bazarı üçün çox ciddi potensial təhlükədir. Siyasi və geosiyasi gərginlik azala da bilər, tamamilə aradan qalxa da bilər. Ancaq iqtisadi faktorları nəzərə alsaq, neftin qiymətində enmələrin olması ehtimalı çox yüksəkdir. Çünki gələn neft bazarında disbalansın yaranmasına səbəb ola biləcək faktorlar dövriyyəyə girə bilər. Məsələn, Qazaxıstan neft hasilatını kəskin artırmağı nəzərdə tutur, Liviyada hasilatın artırılması ilə bağlı anlaşma əldə edilmək üzrədir, İran ətrafında çox maraqlı proseslər gedir, hətta Trampla Ruhaninin görüşü nəzərdə tutulur. Yaxın zamanlarda ola bilər ki, İran yenidən neft bazarlarına qayıtsın. Yəni bütün bu parametrlər yerinə düşsə, gələn il neft bazarında ciddi qiymət azalmalarının olması qaçılmazdır. Ona görə də konservativ yanaşma ilə 50 dollar civarında götürülsə daha məqsədəuyğun olar ki, sonra ölkədə təlatümlər yaşanmasın, büdcə problemlərlə üzləşməsin”.

Ekspertin fikrincə, neftin qiymətinin 50 dollardan götürülməsi büdcənin gəlirlər hissəsinin artırılması ilə bağlı problem yaşada bilər. 

Həmsöhbətimiz bildirdi ki, bu il sosial layihələrə kifayət qədər vəsait ayrılıb: "Prezidentin fərmanları ilə həm minimum əməkhaqları, həm minimum pensiyalar nəzərəçarpacaq dərəcədə artırıldı. Bütün bunların gələn il maliyyələşdirilməsi üçün bu ilə nisbətən büdcə gəlirlərinin artması lazımdır. Neftin qiymətini 50 dollardan götürdükdə gəlirlərlə bağlı kəsir yarana bilər. Bunun da bağlanmasının iki yolu var: ya Neft Fondundan daha çox vəsait götürülməlidir, hansı ki, bu il büdcənin formalaşmasının 49,9 faizi fonddan transfertlər hesabına baş verdi. Gələn il neft 50 dollardan götürülsə, bu zaman daha çox vəsaitə ehtiyac yaranacaq. Bu da strateji hədəflərə uyğun gəlmir. Çünki hökumətin apardığı siyasətdə Neft Fonduna bacardıqca çox qənaət edilməsi prinsipi ortaya qoyulub və son zamanlar bununla bağlı kifayət qədər ciddi açıqlamalar da olub. Gələn ilin büdcəsinin təbii ki, sosialyönümlü olması vacibdir”

"NEFTDƏN ASILILIQ KEÇMİŞDƏ QALMALIDIR”



Ekspert hesab edir ki, gələn ilin büdcəsində həm də təşviq siyasəti önə çıxmalıdır: "Yəni büdcənin neftdən asılılığı, büdcə parametrlərinin neft qiymətləri ilə tənzimlənməsi artıq Azərbaycanda yavaş-yavaş keçmişdə qalmalıdır. Bunun üçünsə təşviq proqramlarına ehtiyac var. Kənd təsərrüfatı ilə, turizmlə bağlı müəyyən işlər görülüb, müəyyən nəticələr də var, gəlirlər də artıq. Amma bu sahələrin cəmi gəlirləri neftdən gələn gəlirlərin azalan hissəsini kompensasiya etməyə yetərli deyil. Məsələn, kənd təsərrüfatı sahəsində bu qədər böyük işlər görülüb, amma xarici ticarət dövriyyəsinə baxdıqda görürük ki, ilin sonuna büdcəyə bu sahədən gələn gəlir 700-800 milyon dollar olacaq ki, bu da neftdən gələn gəlirdən təxminən 11 dəfə azdır. Biz birdən-birə kənd təsərrüfatı məhsullarını bu qədər artıra bilmərik ki, həm daxili bazarı təmin edək, həm də xaricə çıxarıb böyük miqdarda gəlir götürək. Turizmdə də eyni vəziyyətdir. Azərbaycana gərək ildə 10-12 milyon turist gəlsin ki, turizm gəlirləri büdcədə hiss edilən olsun. Bu da real deyil. Ölkənin turizm sənayesi də bunu qaldırmaq gücündə deyil. Ona görə də digər sahələrlə bağlı daha ciddi açılımların olmasına ehtiyac var. İstehsal sahələrinin genişləndirilməsi, təşviq siyasətinin aparılması, ölkəyə xarici investorların cəlb edilməsi, sənaye sahələrinin genişləndirilməsi. Əsasən istehsalla məşğul olan biznes üçün ucuz kreditlərə əlçatanlıq təmin edilməlidir. Mən 2020-ci il büdcəsini məhz həm sosial yönümlü, həm təşviqyönümlü görmək istərdim”.

"EHTİYATLI YANAŞMAQ LAZIMDIR”



N.Cəfərlinin sözlərinə görə, büdcədə infrastruktur layihələrə vəsaitlərin azaldılması da artıq mövcuddur və yəqin ki, davam edəcək: "Amma bunun özü də problem yaradır. Azərbaycanda iqtisadi model o yöndə qurulub ki, iqtisadı aktivliyin ən böyük lokomotivlərindən biri dövlət investisiya layihələridir. Bu layihələr həyata keçirildikcə iqtisadi aktivliyi artıran amilə çevrilir. O baxımdan burda da ehtiyatlı yanaşmaq lazımdır. Təəssüf ki, bizim torpaqlarımızın işğal altında olması hərbi xərclərin də azaldılmasına imkan vermir. Gələcəkdə torpaqlarımız qayıtdıqdan sonra hərbi xərclərdə müəyyən qənaətlərə getmək olar. Ona görə də qənaət rejimi investisiya xərclərində ola bilər. Qənaət həmçinin hökumət idarəetməsinin optimallaşdırılması yolu ilə ola bilər. Düzdür, bir qədər gedib optimallaşdırma, yeni xidmətlər yaranıb, yeni agentliklər yaranıb, amma təəssüf ki, hələ paralelliklər də qalır. ənənəvi nazirlik də dövlət idarələrində eyni funksiya qalıb. Bu da dövlət büdcəsinə yük olmaq deməkdir”.

Qaynarinfo-nun İqtisadiyyat şöbəsi