Xəbər lenti

NATO Türkiyənin maraqlarını nəzərə alacaq? (ŞƏRH)
Dünya 18:13 19.09.2023

NATO Türkiyənin maraqlarını nəzərə alacaq? (ŞƏRH)

"NATO Cənubi Qafqazda daha çox Türkiyənin maraqlarını nəzərə alacaq”.
 
Bunu Qaynarinfo-ya politoloq Taleh Əliyev Türkiyə prezidenti Ərdoğanın BMT Baş Assambleyasının sessiyası çərçivəsində NATO baş katibi Stoltenberqlə görüşünü şərh edərkən deyib. 

Politoloq qeyd edib ki, NATO baş katibi ilə Türkiyə Prezidenti Ərdoğanın görüşü zamanı regional məsələləri müzakirə edərkən heç də təkcə Cənubi Qafqaz regionu başa düşülməməlidir: 

"Türkiyə NATO-nun şərq cinahında əsas üzv dövlətlərdəndir. Onlar arasında müzakirə mövzusu Ukrayna-Rusiya müharibəsi olub. Qara dəniz ölkəsi  olaraq Rusiya ilə Ukrayna arasında davam edən müharibə Türkiyə üçün regional münaqişə sayılır.  Bundan başqa, Cənubi Qafqaz, Yaxın Şərqdə,  xüsusən də Suriya, İraq və Liviyada baş verən hadisələrdə Türkiyə region dövləti olaraq mühüm  rola malikdir. Türkiyənin fəaliyyəti həmin regionlarda NATO-nun təhlükəsizliyi ilə bağlı maraqlarına da cavab verir”. 

Taleh Əliyev bildirib ki, Ərdoğanın qurum qarşısında ölkəsinin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyi mesajını verməsi mühüm məqamdır: 
"Heç şübhəsiz görüş zamanı bu məsələlərlə yanaşı son zamanlar humanitar şou adı altında beynəlxalq gündəmə çevrilmiş, xüsusən də BMT masasında müzakirə olunmuş Ermənistan-Azərbaycan məsələsi də müzakirə predmeti olub. NATO bu mövzuda Ankaranın prinsipial mövqe tutduğunu yaxşı bilir. Hesab edirəm ki, NATO Cənubi Qafqazda daha çox Türkiyənin maraqlarını nəzərə alacaq, nəinki blok üzvü olaraq bölgəmizlə bağlı siyasətində Ankaranın öz milli geostrateji maraqlarından geri çəkilməsini tələb edəcək. Bu məsələlərdə Türkiyənin yanaşması Azərbaycanın da regional təhlükəsizlik maraqlarını özündə ehtiva edəcək bir yanaşmadır”. 

Qeyd edək ki, BMT Baş Asambleyasının sessiyası çərçivəsində NATO baş katibi Yens Stoltenberq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüşdə mövcud regional və qlobal məsələlər müzakirə edilib. Həmçinin, Türkiyə Prezidenti alyansın fəaliyyətini bundan sonra da aktiv şəkildə dəstəkləyəcəklərini bildirib.
 
Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->