Qazaxıstan prezidenti Nursultan Nazarbayev fevralın 21-də ölkə hökumətinin istefaya göndərilməsi ilə bağlı fərman imzalayıb.
Bu barədə "Akorda” saytı məlumat yayıb.
Sənədə əsasən, baş nazirin birinci müavini Mamin Əsgər Uzakpayeviç müvəqqəti olaraq baş nazir vəzifəsini icra edəcək.
N.Nazarbaeyvin sözlərinə görə, bu çox vacib qərar idi. Prezident qeyd edib ki, ötən illərdə ölkədə sosial-iqtisadi vəziyyət stabil olub, və bu, müsbət məqamdır, lakin hazırkı dövr üçün kifayət etmir.
"Hökumətin qərarlarına, qəbul edilmiş qanunlara baxmayaraq, iqtisadiyyatın bir çox istiqamətində müsbət dəyişikliklər əldə olunmayıb. ÜDM-in artımı təbii ehtiyatlar sayəsində əldə edilir.
Lakin hökumət Milli Bankla birgə iqtisadiyyatın artımı üçün real stimullar və alətlər yarada bilməyiblər”, - Nazarbayev əlavə edib.
Qazaxıstan prezidentinin sözlərinə görə, əhalinin gəlirlərinin və rifahının əsas prioritet olması üçün hər bir hökumət üzvünə və hakimə dəfələrlə göstəriş verib.
"Lazım olan bütün dövlət proqramları, o cümlədən sənaye, sosial, infrastruktur inkişafı, səhiyyə və təhsil üzrə proqramlar qəbul edilib. Bu layihələrin həyata keçirilməsi üçün lazımi vəsait ayrılıb.
Lakin iş sistemi qurulmayıb. Əhalinin real gəlirləri artmayıb. Ailə büdcələrində ərzaq məhsullarına xərclənən vəsait isə artıb”, - prezident deyib.
Dövlət başçısı həmçinin qeyd edib ki, hökumət üzvləri, nazirlər, hakimlər əhali ilə işləyə bilmirlər, onların problemlərinə qulaq asmırlar, və insanlara kömək etmirlər.
"Bu şəraitdə, mən Prezident və Konstitusiya Qarantı kimi, xalqımızın maraqlarını nəzərə alaraq, hesab edirəm ki, hökumət istefaya getməlidir.
Yeni hökumət rəhbərliyi həyat səviyyəsinin yaxşılaşdırılması, iqtisadiyyatın stimullaşdırılması, strateji məsələlərin həyata keçirilməsi üçün lazımi addımlar atmalıdır”, - Nazarbayev bəyan edib.
Şərhlər