Xəbər lenti

Nazir beynəlxalq konfransda Zəngəzur dəhlizindən danışdı
Ölkə 21:51 19.10.2021

Nazir beynəlxalq konfransda Zəngəzur dəhlizindən danışdı

Çin Xalq Respublikasının Çindao şəhərində hibrid formatda 2-ci "Kəmər və Yol Energetika Nazirləri Konfransı” keçirilib. Müxtəlif ölkələrin yüksək vəzifəli şəxslərinin iştirak etdiyi tədbirin açılış mərasimində energetika naziri Pərviz Şahbazov onlayn formatda çıxış edib.

Bu barədə Qaynarinfo-ya Energetika Nazirliyindən məlumat verilib.

Nazir Qədim İpək Yolu üzərində yerləşən Azərbaycanın Bakı-Tbilisi-Qars dəmiryolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, "Şimal-Cənub” beynəlxalq nəqliyyat və Trans-Xəzər tranzit dəhlizləri vasitəsilə Çin ilə Avropa arasında "mühüm körpü” rolunu oynadığını qeyd edib. Bildirilib ki, Azərbaycanın təşəbbüskarı olduğu yeni Zəngəzur dəhlizi perspektivdə "Kəmər və Yol” layihəsinin strateji əhəmiyyətini daha da artıracaq

Nazir qlobal əhəmiyyətli enerji xətləri, şaxələndirilmiş enerji resursları və Avropanın enerji təhlükəsizliyinin təminatındakı rolu və əlverişli investisiya imkanları ilə Azərbaycanın bu dəhlizdə enerji əməkdaşlığının inkişafında vacib tərəfdaş olduğunu bildirib. "Hazırda iqlim dəyişiklikləri ilə bağlı çağırışlar enerji sektorunu kəskin dəyişikliklərlə üz-üzə qoyub və bu prosesdə çoxtərəfli əməkdaşlıq heç vaxt olmadığı qədər həlledici rol oynayır. Qlobal enerji istehlakının strukturundakı təsirli mövqeyi, dünyada bərpa olunan enerji üzrə ən böyük qoyuluş gücünə malik ölkələrdən biri olması və 2060-cı ilə qədər sıfır karbon emissiyası ilə bağlı hədəfi Çinin təşəbbüsü ilə "Kəmər və Yol”un "yaşıl enerji” üzrə də effektli əməkdaşlıq platformasına çevrilməsinə təminat yaradır”, - deyə nazir qeyd edib.

Nazir, həmçinin bərpa olunan enerji mənbələrinin inkişafı, enerji səmərəliliyi sahəsində ölkəmizdə aparılan islahatlar, həyata keçiriləcək layihələr, işğaldan azad edilmiş ərazilərdə ”yaşıl enerji zonası”nın yaradılması istiqamətində görülən tədbirlərdən bəhs edib. Bərpa olunan enerji layihələri üzrə keçiriləcək hərracların, eləcə də Xəzər dənizinin Azərbaycan sektoru üzrə 157 QVt həcmində külək enerjisi potensialının investorlar, o cümlədən Çin ilə dayanıqlı enerji əməkdaşlığı üçün yeni imkanlar yaradacağını qeyd edib.

Energetika nazirlərinin 2-ci konfransında yaşıl enerji sənaye zəncirinin qurulması, yaşıl enerjiyə keçid sahəsində ölkələr arasında əlaqələndirmənin artırılması, bu istiqamətdə inkişaf proqramlarının işlənməsi, karbon neytrallığı, yaşıl enerji sərmayələri üçün bazar mühitinin yaradılması, enerji keçidinin sürətləndirilməsi, yeni texnologiya və innovasiyaların tətbiqi mövzularında müzakirələr aparılıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->