Nazir:

Nazir: "Haqqınızı halal edin"

Bu gün Şuşa Dövlət Musiqili Dram Teatrında Azərbaycanda peşəkar milli teatrın 147-ci mövsümü açılıb.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, digər rəsmilər, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Mərasimdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, yeni teatr mövsümünün açılışının bu məkanda keçirilməsinin mənası dərindir. Bu gün Şuşa işğal altında olsa da, biz gələcəyə nikbin baxırıq. Bakıda qaçqınlıq həyatı yaşayan teatr normal yaradıcılıq şəraitində çalışmağa, tamaşalar oynamağa başlayır. Azərbaycan xalqı yaradıcı xalqdır, hər bir şəraitdə çalışmağa hazırdır. Biz əminik ki, ölkə rəhbərliyinin yeritdiyi siyasət sayəsində torpaqlarımız işğaldan azad ediləcək. İnanırıq ki, Şuşa teatrı da gələn mövsümlərdə öz şəhərində mövsümü açacaq, biz də həmin mərasimdə iştirak edəcəyik.

Əbülfəs Qarayev qeyd edib ki, zəngin tarixi olan İrəvan teatrı da bizim diqqətimizdədir: "Harada İrəvan xanlığının adı varsa, onu yaşatmaq mənəviyyat məsələsidir. Ümidvaram ki, gələn mövsümdə İrəvan teatrının binasının açılışında iştirak edəcəyik”.

Nazir 2019-2020-ci il sənət mövsümündə teatr ictimaiyyətini gözləyən mühüm hadisələri də diqqətə çatdırdı: "Bu il Cəfər Cabbarlının 120, Cəlil Məmmədquluzadənin 150, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının dövlət teatrı kimi fəaliyyətinin 100, Yuğ teatrının 30 illik yubileylərini qeyd edəcəyik”.

Nazir çıxışını bu sözlərlə bitirib: "Teatr canlı orqanizmdir, onun ağrıyan, axsayan məqamları olsa da, sağlamdır. Bu kiçik salondan böyük teatr ictimaiyyətinə müraciət edərək deyirəm ki, sizin – Azərbaycan teatr sənətinin fədailərinin bu sənətin yaşamasında rolu böyükdür. Haqqınızı halal edin, hadisəyə çevriləcək uğurlar qazanın”.

Açılış mərasimi bitəndən sonra ev sahibi kollektiv bu mövsümün ilk premyerasını təqdim edib. "Kitabi-Dədə Qorqud” dastanı boyları əsasında yazıçı-dramaturq Altay Məmmədovun qələmə aldığı "Dəli Domrul” pyesi oynanılıb.

XƏBƏRLƏR
BLOGLAR