Nazir müavini yanğınların əsas səbəblərini açıqladı (VİDEO)
Bu gün AZTV-də "Çıxışa doğru” proqramında ölkədə kütləvi hal alan yanğınlar müzakirəyə çıxarılıb.
Qaynarinfo xəbər verir ki, verilişdə qonaq olan fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev və Milli Məclisin komitə sədri Sadiq Qurbanov məsələ ilə bağlı açıqlamalarla çıxış ediblər.
E.Mirzəyev bildirib ki, son zamanlarda, demək olar ki, Azərbaycan rayonlarında, eləcə də, Bakıda yanğınlar intensivləşib:
"Son bir həftədə Bakının müxtəlif rayonlarında, Bakı-Sumqayıt yolunun üstündə yanğınlar baş verib. 1,5 hektar sahədə həm otluq, həm də ağaclar yanıb. Gülüstan sarayının yaxınlığında 500 kvadrat metr sahədə yanğın olub.
Bu gün Xəzər rayonunda böyük bir kafe yanıb. Bu yanğın da otdan düşmüşdü. Hövsan istiqamətində də yanğın baş verib. Bunun əsas səbəbi otluq sahələrə atılan yandırıcı vasitələrdir.
Otlar o qədər qurudur ki, çox sürətlə yanır. Yayılaraq ağaclara keçir. Bir gündə Azərbaycan üzrə FHN-ə 160-190 çağırış gəlir. Bu çağırışların hamısına müsbət cavab verilir. Bakıdakı tıxaca nəzərən maşınlarımız vaxtında gedib çata bilirlər. Bəzən yubanmalar olur.
Mən açıq deyə bilərəm ki, bu yanğınların 90 faizi insan faktorundan qaynaqlanır”.
E.Mirzəyevin sözlərinə görə, hər bir hadisənin qarşısını almaq onun nəticələrini aradan qaldırmaqdan daha asandır:
"Biçilmiş sahələrin yandırılması yüz faiz insan faktorudur. Biçilməmiş sahələrin yandırılması da bu qəbildəndir. Burada ehtiyatsızlıq çox nadir hallarda ola bilər.
Meşə yanğınları təsadüf nəticəsində ola bilər. Kimsə piknik üçün meşəyə gedir, odu yaxşı söndürmür, bu, istəmədən ola bilər.
Yanğınların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görmək lazımdır. Bunu da edirik. Maarifləndirmə, insanlarla söhbət, iş adamları, istirahət mərkəzlərini işlədənlərlə söhbətlər aparılır, qaydalara əməl etməyənlərə qarşı cərimə tətbiq edilir”.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər