"2020-ci ildən Azərbaycanda şprislərin fiziki parametrlərinin yoxlanılmasına başlanılacaq".
Qaynarinfo Modern.az-a istinadən bildirir ki, bunu Səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, gələn ildən bununla bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində laboratoriyalar quraşdırılacaq: "Şprislərin ucluqları və polietilin keyfiyyəti yoxlanılacaq. Bütün dərman preparatlarında olduğu kimi Səhiyyə Nazirliyi tərəfindən şprislərin də stirelliyi yoxlanılır və bunun standartları müəyyənləşib".
Nazir müavini bildirib ki, Azərbaycanda 3 hissəli şprislər qadağan olunmayıb: "Azərbaycanda istehsal olunan şprislərin standartı müəyyənləşib. Bəzi qurumlar və qeyri-hökumət təşkilatları tərəfindən vurğulanır ki, 3 hissəli şprislərin qadağan olunması ilə bağlı müddəa yoxdur. Bu cür şprislər bütün dünyada istifadə olunur. Buna görə də 3 hissəli şprislərin saxta olması iddiası əsasında əhalini yanlış yola yönəltmək düzgün deyil. Azərbaycanda istehsal olunan şprislər müasir tələblərə görə 2 hissəlidir. Bu şprislərin standartları Azərbaycanın müvafiq institutu tərəfindən və təsdiq olunub".
E.Ağayev vurğulayıb ki, Səhiyyə Nazirliyi Azərbaycana idxal olunan şprislərlə bağlı tabeliyində olan qurumlara tapşırıq verib: "Apteklərdə yoxlamalar aparılan zaman onlardan nümunələr götürülür və sterilliyi Səhiyyə Nazirliyinin laboratoriyaları tərəfindən bir daha yoxlanılır".
Şərhlər