Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əmrinə əsasən, Nigar Fikrət qızı Məmmədova nazirliyin Protokol sektorunun müdiri vəzifəsinə təyin olunub.
Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Qaynarinfo-ya verilən məlumatda bildirilib.
N. Məmmədova Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində bakalavr və magistr təhsili alıb.
Əmək fəaliyyətinə 2001-ci ildə Azərbaycan Respublikasının Vergilər Nazirliyində başlayıb. Beynəlxalq vergi münasibətləri idarəsində müxtəlif vəzifələrdə, 2003-2014-cü illərdə Vergilər Nazirliyin Protokol şöbəsinin rəisi vəzifəsində çalışıb, vergi xidməti müşaviri rütbəsinə yüksəlib.
MDB iştirakçısı olan dövlətlərin vergi xidmətləri rəhbərlərinin Koordinasiya şurasının, Avropadaxili Vergi Administrasiyalarının Təşkilatı (İOTA) iclaslarının, digər beynəlxalq səviyyəli tədbirlərin, habelə Azərbaycan və Litva Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın tədbirlərinin təşkilatçısı olub, Vergilər Nazirliyinin Tədris Mərkəzində mühazirələr oxuyub.
Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2010-cu il tarixli 738 saylı Sərəncamı ilə "Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000-2010)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
Ailəlidir, iki övladı var.
Şərhlər